Məhkəmə qərarları › İş №3(003)-382/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-382/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-382/2024 13.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1, Zərər çəkmiş şəxsin etibarnamə əsasında nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2 (003)-3161/2017 saylı, 27 iyul 2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs və X2 birgə qaydada Zərərçəkmiş şəxs İKB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 7371,81 ABŞ dolları əsas borc, 1910,36 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 9582,17 ABŞ dolları borc icra vaxtı manata olan məzənnə ilə və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində icra sənədi üzrə tələbin icra edilməməsi barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, borclu icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyini, ümumi borcdan cəmi 1540 ABŞ dolları məbləğində pulu tələbkara ödədiyini qeyd etmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bu səbəbdən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icrasından qəsdən yayınmadığını, infarkt keçirdiyini və 3 il müddətində bərpa prossesi keçirdiyini, reabiliytasiya olunduqdan sonra isə kredit borcunun restrukturizasiyası məqsədi ilə banka müraciət etdiyini lakin onun müraciətinin cavabsız qaldığını və bundan sonra tələbkarın xeyrinə mütamadi olaraq hər ay 120 ABŞ dolları ödəniş etməklə ümumilkdə 1587 ABŞ dolları ödəniş etdiyini, borcu birdəfəlik ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxsin etibarnamə əsasında nümayəndəsi Nümayəndə icra sənədi üzrə tələbin hissə-hissə deyil, birdəfəlik ödənilməsini tələb etdiklərini qeyd edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3161/2017 saylı, 27 iyul 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs və X2 birgə qaydada Zərərçəkmiş şəxs İKB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 7371,81 ABŞ dolları əsas borc, 1910,36 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 9582,17 ABŞ dolları borc icra vaxtı manata olan məzənnə ilə və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. İş materiallarına əlavə edilmiş 30 oktyabr 2017-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2 (003)-3161/2017 saylı, 27 iyul 2017-ci il tarixli icra sənədinin 10 gün müddətində könüllü icra edilməsi təklif edilmişdir. Həmin qərar və bildiriş borclu tərəfindən rəsmi olaraq 10 mart 2020-ci il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətlərindən görünür ki, 2022-ci dekabr ayından 2024-cü ilin yanvar ayına kimi olan müddət ərzində borclu tərəfindən tələbkarın xeyrinə ümumilikdə 1587 ABŞ dolları ödəniş edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, “Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır”. Məhkəmə araşdırması zamanı eyni zamanda protokola əlavə edilmiş sənədlərdən və tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlardan müəyyən edilmişdir ki, borclu Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2 (003)-3161/2017 saylı, 27 iyul 2017-ci il tarixli icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Belə ki, o, məhkəə iclasında verdiyi izahatında 2017-ci ildə infarkt keçirdiyini və yalnız 2020-ci ildə reabilitasiya olduğunu, daha sonra kredit borcunun restrukturizasiyası məqsədi ilə banka müraciət etdiyini lakin onun müraciətinin cavabsız qaldığını bildirmişdir. Daha sonra 2022-ci ilin dekabr ayından başlayaraq hər ay tələbkarın xeyrinə mütamadi ödənişlər etməklə ümumilikdə tələbkarın xeyrinə 1587 ABŞ dolları ödəniş etmişdir. Tələbkarın nümayəndəsi məhkəmə iclaısnda verdiyi izahatında icra sənədi üzrə müəyyən edilmiş borcu birdəfəlik ödənilməsini tələb etdiklərini bildirmiş, borclu birdəfəlik ödəniş etməyə maddi imkanının çatmadığını bildirmişdir. Məhkəmə baxılan işin hallarına münasibətdə qeyd edir ki, iş üzrə barəsində icraat aparılan şəxsin icra sənədini üzrsüz səbəbdən yerinə yetirməməsi məhkəmə baxışında sübuta yetirilməmişdir. Borclu Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmasını əks etdirən hallar məhkəmə araşdırması zamanı müəyyən olunmadı, bu da onun hərəkətlərində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunu istisna edir. Bütün bunları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində icra sənədini üzürsüz səbəbdən icra etməmə halında inzibati xəta tərkibinin olması müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar