Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-385/2022 29.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 iştirakları ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında 00800-0044/22 nömrəli, 04 mart 2022-ci il tarixli protokola əsasən Şəxs MMC tərəfindən malların emal edilməsi qaydası pozulmuşdur, yəni icazə olmadan malın emal edilməsi müddətləri üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamamışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi X2 göstərdi ki, Şəxs MMC tərəfindən 12 fevral 2022-ci il tarixli **********7824 nömrəli gömrük bəyannaməsi ilə Çex Respublikasının “ASBİSC ENTERPRİSES PLC” şirkəti tərəfindən göndərilən ümumi invoys dəyəri 3087,32 ABŞ dolları olan mobil telefon aparatları, qulaqcıqlar, mobil telefonların hissələri, rəqəmsal kameralar, portativ hesablayıcı maşınlar və onların hissələri, elektron saatlar və sair mallar Şəxs MMC tərəfindən daxildə emal xüsusi gömrük poseduru altında yerləşdirmiş, emal məhsullarının 10 aprel 2022-ci il tarixinədək ixrac edilməsi barədə öhdəlik götürmüşdür. Məhsullar 22 fevral 2022-ci il tarixli **********4832 nömrəli gömrük bəyannaməsi ilə təkrar ixrac olunan zaman yükün içərisində statistik dəyəri 667,6 ABŞ dolları olan 1 ədəd 64 GB İphone 12 markalı mobil telefon əvəzinə 1 ədəd İphone 5S markalı mobil telefon korpusu, statistik dəyəri 568,91ABŞ dolları olan 1 ədəd 64 GB İphone 12 MİNİ markalı mobil telefon əvəzinə 1 ədəd İphone 5S markalı mobil telefon korpusu, statistik dəyəri 1520 ABŞ dolları olan 1 ədəd İphone 13 Pro Max markalı mobil telefon əvəzinə 1 ədəd İphone 6S Plus markalı mobil telefon korpusu, statistik dəyəri 81,84 ABŞ dolları olan 1 ədəd AİRPODS, Left Cİ/AR markalı qulaqcığın əvəzində istifadəyə yarasız kabel başlığı aşkar olunmuşdur. Məhkəmədən Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X6 göstərdi ki, onların şirkəti təmir işləri ilə məşğul olur. İşçiləri bir neçə bağlamaları səhv saldığından lazımsız bağlamalar gəlmişdir ki, onlar həmin bağlamaları geri qaytaracaqlar. Şirkətin ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu bildirərək aşağı həddə cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs MMC tərəfindən malların emal edilməsi qaydası pozulmuşdur, yəni icazə olmadan malın emal edilməsi müddətləri üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamamışdır. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs MMC-nin əməlini etiraf etməsini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Şəxs MMC-nin cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXMnin 497-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Eyni zamanda Şəxs MMC-nə izah edilir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 2838,35 ABŞ dolları malların 30 (otuz) faizi, 851,50 (səkkiz yüz əlli bir dollar əlli sent) ABŞ dolları (qərarın icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla) məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-385/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-385/2022
29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver