Məhkəmə qərarları › İş №3(003)-388/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-388/2021

16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-388/2021 16.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X1 Azərbaycan Respublikası və Səhiyyə Nazirliyi Narkoloji X9 nümayəndəsi - həkim X5 iştirakları ilə xx xxx 1986-cı il tarixdə Kəlbəcər rayonunun Qasımbinə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Delta Group” şirkətində bölgə müdiri işləyən, Kəlbəcər rayonunun Qasımbinə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 329.1 və 333.1-ci maddəsi ilə Bakı şəhəri BPİ X12 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri BPİ DYPİ-nin yol-patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1 və 329.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə “Hyundai Sonata” minik markalı **-EC-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmışdır. Yoxlama zamanı sürücünün sərxoş halda avtomobili idarə etməsi müəyyən edilmişdir. Bakı şəhəri BPİ X12 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə dəfələrlə bildiriş göndərilmiş, lakin Bakı şəhəri BPİ X12 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Bakı şəhəri BPİ X12 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X4 göstərdi ki, hüquqlarını müdafiə etdiyi Şəxs xx xxxx 2020-ci il tarixdə “BMW 316” minik markalı **-CL-*** qeydiyyat nömrə nişanlı avtomobillə Xəzər rayonunda hərəkətdə olarkən heç bir qanun pozuntusuna yol vermədiyi halda X12inin əməkdaşları tərəfindən saxlanılaraq alkoqollu içki qəbul edib-etməsi soruşulmuş, o da bir gün əvvəl pivə içdiyini etiraf etmişdir. Bundan sonra polis əməkdaşı onun içkili olub-olmamağını yoxlamaq üçün “alkotester” adlanan aparata üfürməsini tələb etmiş və o, həmin aparata nəfəsini verdikdən sonra polis əməkdaşı onun içkili olduğunu və alkoqolun 1,216 promil (saat 06:57) olduğunu demişdir. Vəziyyəti belə gördükdə, o, polis əməkdaşlarına dünəndən içdiyi pivənin onun indi nəqliyyat vasitəsini normal idarə etməsinə mane olmadığını bildirməsinə baxmayaraq, polis əməkdaşı onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. xx xxxxxx 2021-ci il tarixli izahatı yol polisi əməkdaşının təkidi və diktəsi ilə yazılmışdır. Polis əməkdaşından izahatında nə yazmasını soruşduqda bildirmişdir ki, “bir bakal pivə dünən 18:00-da içmişəm, tibbi müayinədən keçməyə ehtiyac yoxdur, alkotesterin göstəricisi ilə razıyam, söz verirəm bir daha belə halda avtomaşın idarə etməyəcəm” yazsın. Az sonra o, işinin həll edilməsini yox, əksinə, aldadılaraq izahat yazdırılmasını başa düşmüş, lakin artıq gec olmuşdur. Dərhal sonra özü Respublika Narkoloji Mərkəzinə yaxınlaşaraq sərxoşluq müayinəsi aparılmasını xahiş etmişdir. Həkim tərəfindən xx xxxxxx 2021-ci il tarixdə saat 12:00 radələrində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə nəticəsində qanında alkoqolun konsentrasiyasının faizi 0,00 promilli və ayıq olması aşkar olunmuş və 2/1234 saylı, protokol ilə rəsmiləşdirilmişdir. Hesab edir ki, onun barəsində inzibati xəta haqqında protokol aldatma yolu ilə qərəzli şəkildə tərtib edilmişdir, hərəkətlərində inzibati xəta tərkibi yoxdur, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji X9 nümayəndəsi - həkim X7 göstərdi ki, Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində göstərildiyi kimi, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda, bu, şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Yəni sürücünün 1 litr qanında 0,3 qram və ya daha artıq təmiz etil spirti olarsa, o, sərxoş sayılır. Hadisədən təxminən 13 saat əvvəl spirtli içki qəbul etmiş şəxsin qanında bir saat ərzində spirtli içkinin miqdarı 150-200 promil azala bilər, ona görə də həmin vaxt polis əməkdaşlarının protokolda göstərdikləri miqdarda promilin alkotestrlə aşkar edilməsi mümkünsüzdür. Həmçinin, dünən axşam saat 18:00-da içilən pivə ertəsi gün səhər saat 06:57-də heç bir halda bədəndə qala və sərxoşluğa səbəb ola bilməz. Tibbi jurnallardakı məqalələrdən və həkim-narkoloqların yazılarından (müsahibələrindən) məlumdur ki, spirtli içki 6-12 saat ərzində bədəndən təmizlənir, həm də orqanizmin ayılma müddəti qəbul edilən içkinin növündən, dərəcəsindən və miqdarından (həcmindən), nə ilə içilməsindən (yediyimiz yeməklərdən) və orqanizmin fərdi göstəricilərindən (məsələn: çəki, qara ciyərin vəziyyəti və s.) asılıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji X9 nümayəndəsinini - həkiminin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində göstərilən əlamətlər yoxdur və buna görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına olan xx xxxxxx 2021-ci il tarixli Sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisindən görünür ki, Şəxs alkoqol sərxoşluğu 1,216 promil olması (saat 06:57) aşkar edilmişdir. İş materiallarına olan xx xxxxxx 2021-ci il tarixli, 2/1234 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğu 0,00 promil və ayıq olması (saat 12:00) aşkar edilmişdir. İş materiallarına olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, həmin protokolda Şəxs öz xətti ilə “bir bakal pivə dünən 18:00-da içmişəm, tibbi müayinədən keçməyə ehtiyac yoxdur, alkotesterin göstəricisi ilə razıyam, söz verirəm bir daha belə halda avtomaşın idarə etməyəcəm” sözlərini yazmışdır. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Ona görə də məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edirki, X2 həmin hissədə əməlinə qiymət verilməsi üçün material Bakı şəhər BPİ X12 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə “bir bakal pivə dünən 18:00-da içmişəm, tibbi müayinədən keçməyə ehtiyac yoxdur, alkotesterin göstəricisi ilə razıyam, söz verirəm bir daha belə halda avtomaşın idarə etməyəcəm” dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən Şəxs tərəfindən verilmiş izahatda sərxoş olması etiraf edilməmiş və onun tərəfindən spirtli içkinin bir gün qabaq qəbul edildiyi vurğulanmışdır. Həmin izahatdan da görünür ki, şəxs sərxoş olması barədə tərtib edilmiş protokola etiraz məzmununda izahat vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisində Şəxs alkoqol sərxoşluğu 1,216 promil olması (saat 06:57) aşkar edilmişdir. Daha sonra Şəxs sonradan saat 12:00-də Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”nə müraciət etmiş və müayinədən keçmişdir. Müayinənin nəticəsi olaraq onun qanında alkoqolun miqdarının 0,00 promil və ayıq olduğu aşkar edilmişdir. Həmçinin, araşdırma zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji X9 həkimi izahatı ilə müəyyən edilmişdir ki, hadisədən təxminən 13 saat əvvəl spirtli içki olan pivə qəbul etmiş şəxsin qanında bir saat ərzində spirtli içkinin miqdarı 150-200 promil azala bilər, həmin vaxt polis əməkdaşlarının protokolda göstərdikləri miqdarda promilin alkotestrlə aşkar edilməsi mümkünsüzdür. Məlumdur ki, spirtli içki 6-12 saat ərzində bədəndən təmizlənir, pivənin təmizlənməsi digər içkilərə nisbətdə bədəndən daha tez təmizlənir, həm də orqanizmin ayılma müddəti qəbul edilən içkinin növündən, dərəcəsindən və miqdarından (həcmindən), nə ilə içilməsindən (yediyimiz yeməklərdən) və orqanizmin fərdi göstəricilərindən (məsələn: çəki, qara ciyərin vəziyyəti və s.) asılıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində tərtib edimiş xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı protokol əsaslı olmamışdır. Belə ki, qeyd edilən ziddiyyətli hallar isə hər iki müayinə arasında olan zaman kəsimi ilə bağlıdır. Belə ki, qeyd edilən ziddiyyətli hallar isə hər iki müayinə arasında olan zaman kəsimi ilə bağlıdır. Belə ki, ilkin olaraq alkotester adlanan aparatın göstəricisi 06:57-də, sonrakı müayinə isə 12:00-da keçirilmişdir. Sonuncu müayinə zamanı Şəxs qanında alkoqolun aşkar edilməməsi hər saatda qanda alkoqolun miqdarının düşməsi ilə əlaqədardır. Burdan da müəyyən etmək olur ki, Şəxs izahatında yazdığı kimi “dünən pivə qəbul etdiyi” həqiqəti əks etdirir. Bundan başqa, sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburi olduğu halda onların iştirakı təmin olunmamışdır. Bundan əlavə, “alkotester” adlanan aparatın sertifikatının olub-olmaması, olduğu halda hansı tarixdə qeydiyyatdan keçməsi ilə bağlı hər hansı sənəd əlavə edilmədiyindən mötəbər sübut kimi qəbul oluna bilməz. Beləliklə, Şəxs sərxoş halda avtomobili idarə etməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Hesab edirəm ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Bakı şəhər BPİ X12 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar