Məhkəmə qərarları › İş №3(003)-39/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-39/2024

19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-39/2024 19.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 20 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi X5 Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixdə müvafiq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı göstərilmiş və bununla da hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələblərinin pozulduğu qeyd edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili və nümayəndəsi Vəkil bildirmişdir ki, 20 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Binəqədi rayon Polis İdarəsi tərəfindən daxil olmuş müraciət əsasında X11 Şəxs MMC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 02 oktyabr 2023-cü il tarixdə müvafiq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi nəticəsinə gəlinmişdir. Həmin protokol əsassızdır. Belə ki, protokola əsasən, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis idarəsi tərəfindən təqdim edilmiş məktub və X6 və X12 tərəfindən təqdim edilmiş izahatlar ilə təsdiq edilir. Həmçinin Şəxs MMC-nin baş mühasibi X10 izahatında Binəqədi rayon Polis İdarəsi tərəfindən X5 Şəxs MMC-də işlərə cəlb edilməsi ilə bağlı daxil olmuş məlumata cavab olaraq bildirmişdir ki, X5 Şəxs MMC ilə heç bir əlaqəsi yoxdur və heç bir zaman işlə bağlı şirkətə müraciəti olmamışdır. X12 02 oktyabr 2023-cü il tarixdə **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə 184700 №-li təhvil-qəbul aktı tərtib edilmiş qaimə ilə şirkətdən göbələk məhsulu almış və avtovağzal istiqamətinə gedərkən Post Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları X5 Şəxs MMC-də çalışması və əmək müqaviləsi olmaması barədə X9 Xidmətinə məktub göndərmişlər. Halbuki, X12 həmin tarixdə yalnız müştəri qismində şirkətdən qaimə-faktura əsasında məhsul götürmüşdür. İdarə etdiyi avtonəqliyyat vasitəsinin də şirkətlə heç bir əlaqəsi yoxdur. Şirkətin satış məntəqəsinə gün ərzində onlarla müştəri və avtonəqliyyat vasitəsi gələ bilər. Bu isə həmin müştərilərin Şəxs MMC-də işləməsi anlamına gəlmir. Bundan başqa Şəxs MMC-nin direktoru X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə məktub təqdim edərək bildirmişdir ki, X5 Şəxs MMC ilə heç bir əlaqəsi yoxdur və heç bir zaman işə qəbul ilə bağlı şirkətə müraciəti olmamışdır. X12 ilə əlaqə yaradaraq məsələ ilə bağlı araşdırma aparılmış, müəyyən edilmişdir ki, C.Əliyev X9 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə yazılı izahat verərək Şəxs MMC ilə heç bir əlaqəsinin olmamasını bildirmişdir. C.Əliyev ilə Şəxs MMC arasında hər hansı əmək münasibətləri olmamış, yalnız aralarında alqı-satqı münasibətləri yaranmışdır. Qərarı tərtib edən orqan mübahisəni tam araşdırmamış və araşdırmaq niyyəti olmadan 20 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokolu tərtib etmişlər. Bununla əlaqədar olaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin hüquq şöbəsinin aparıcı məsləhətçisi Tamerlan Məlikli bildirmişdir ki, Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş məlumatlara əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsində araşdırma aparılmış və X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən onun müəyyən xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. X5 izahatından da görünür ki, o, 500 manat əmək haqqı alır, göbələk daşıyır, 10-15 gündür ki, Şəxs MMC-də işləyir. Şəxs MMC-nin mühasibi tərəfindən X5 göbələyi müştəri qismində aldığı bildirilmişdir. Lakin Şəxs MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktının surətindən görünür ki, Camal adlı şəxs MMC-nin anbarından 1953 manat dəyərində göbələk məhsulunu təhvil almış və akta qol çəkmişdir. Həmin təhvil-qəbul aktı X5 Şəxs MMC-nin işçisi olduğunu göstərir, lakin rəsmi qaydada həmin şəxslə müqavilə bağlanmadığından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 20 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Əvvəlki məhkəmə iclasında şahid qismində izahat vermiş X12 göstərmişdir ki, “Hyundai” markalı **-MF-*** dövlət nömrə nişanlı avtomobili X3 icarəyə götürmüş və avtomobilin icarəsi üçün aylıq 200 manat ödəniş etmişdir. Onun Şəxs MMC-yə heç bir aidiyyəti yoxdur. Hadisə baş verən günü saat 7-ə işləmişdən gecə saat 1-in yarısına kimi o, bölmədə saxlanılmışdır. Axırda ona təzyiq göstərmişlər ki, bu formada izahat yazmalıdır. Dəfələrlə polis bölməsində onun Şəxs MMC ilə heç bir bağlılığı və aidiyyəti olmadığını bildirsə də, bölmədə ona həmin formada izahat yazmasa oradan buraxılmayacağı bildirilmişdir. O, da məcbur olub, izahat yazmışdır. Əlavə olaraq bildirmişdir ki, yük maşını ilə fərdi qaydada daşıma işləri ilə məşğul olduğunu, polis əməkdaşları tərəfindən saxlanılan gün maşınında olan göbələk məhsulunu Şəxs MMC-dən qohumu Natiqin zəngi əsasında götürmüşdür. O, fərdi qaydada başqa işlərlə məşğul olur, yük, mal daşıyır, həmçinin fərqli yerlərdə fəhlə kimi də işləyir. Amma Şəxs MMC-nin işçisi olmamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində izahat vermiş X6 bildirmişdir ki, Camal onun uzaq qohumudur. Onun özü isə Şəxs MMC-də satış nümayəndəsi vəzifəsində işləyir. Maşın onun şəxsən özünün maşınıdır. Etibarnaməni də o vermişdir. Kirayəyə verdiyi maşın üçün aylıq 200 manat pul almışdır. Maşını lizinqlə “Hyundai” servisdən almışdır. Maşının icarəyə verilməsindən Şəxs MMC-nin xəbəri olmamışdır. Həmin vaxt Şəxs MMC-nin öz maşınları müxtəlif yerlərdə olduğundan o, Camalı çağırmışdır. Lakin Camal Şəxs MMC-nin işçisi olmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 20 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı protokol əsassız olduğundan və Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 20 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixdə müvafiq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmişdir; İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi tərəfindən X9 Xidmətinə ünvanlanmış 05 oktyabr 2023-cü il tarixli, 3-13-46/2- 39090/23 nömrəli məktubdan görünür ki, Şəxs MMC-nin əməkdaşları tərəfindən Binəqədi rayonu ərazisində qeyri-qanuni fəaliyyət göstərilən zaman məlum olmuşdur ki, vətəndaş X12 adıçəkilən MMC-yə məxsus “Hyundai HD65” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Araşdırma zamanı C.R.Əliyev izahatında həmin MMC-də sürücü vəzifəsində işlədiyini, aylıq 500 manat əmək haqqı aldığını, lakin işəgötürənlə onun əmək müqaviləsinin olmadığını bildirmişdir. İş materiallarında olan Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X5 Şəxs MMC şirkəti ilə heç bir əlaqəsi yoxdur və heç bir zaman işə qəbul ilə bağlı şirkətə müraciəti olmamışdır. İş materiallarında olan AE seriyalı 026226 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai HD65” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 15 fevral 2021-ci il tarixdən X4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında 29 avqust 2023-cü il tarixli, ƏN-Vİ № 719830 saylı etibarnamənin surətindən görünür ki, X6 “Hyundai HD65” yük markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair nəqliyyat vasitəsini idarə etmək hüququnu 06 il 05 ay 01 gün müddətinə, yəni 30 yanvar 2030-cu il tarixədək X8 etibar etmişdir. İş materiallarında olan 02 oktyabr 2023-cü il tarixli Şəxs MMC tərəfindən verilmiş malların təhvil-qəbul aktının surətindən görünür ki, Camal adlı şəxs MMC-nin anbarından 1953 manat dəyərində göbələk məhsulunu təhvil almışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən və etibarnamədən görünür ki, “Hyundai HD65” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 mülkiyyətindədir. İş materiallarında olan Şəxs MMC-də satış üzrə nümayəndə işləyən X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, şəxsi avtomobilini avqust aylarında (xx.xx.2023) X2 vermiş, kirayə müddəti ərzində iki ay 200 manat kirayə pulu ona ödənilmişdir. Həmin şəxsin şirkətlə əlaqəsi yoxdur. Natiq Əliyev Şəxs MMC-də 2020-ci il tarixindən etibarən satış üzrə nümayəndə vəzifəsində çalışır və hal-hazırda da həmin vəzifə üzrə işləyir. X12 onun çalışdığı müddət ərzində həmin müəssisədə işləməmişdir. Həmin şəxslə uzaqdan qohumdur. İcarəyə verdiyi avtomobili 2009-cu il tarixində almışdır. “Hyundai HD65” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin şirkətlə əlaqəsi yoxdur. Daşınan məhsulların Şəxs MMC ilə əlaqəsi olmamışdır. İş materiallarında olan X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinə verdiyi izahatında bildirir ki, o, etibarnamə əsasında **-MF-*** dövlət qeydiyyat nişanlı, “Hyundai HD65” markalı avtomobil vasitəsi ilə yük daşıma fəaliyyəti həyata keçirir. Əsasən müxtəlif vətəndaşlar və təşkilatlar tərəfindən verilmiş sifarişlər əsasında yüklərin daşınma işlərini həyata keçirir. 02 oktyabr 2023-cü il tarixdə apardığı göbələyi X1 ilə avtovağzalda avtobusa təhvil verməli olduğunu, lakin həmin vaxt polislər tərəfindən saxlanıldığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə iş üzrə müəyyən edilmişdir ki, Şəxs MMC-nin işçisi olan Natiq Əliyev öz qohumu olan Camal Əliyevə öz mülkiyyətində olan maşınını etibarnamə ilə vermiş və bunun müqabilində hər ay 200 manat pul almışdır. Camal Əliyev isə müxtəlif yerlərdə yük daşıma, fəhlə işlərini həyata keçirmişdir. xx.xx.2023-cü il tarixində iş çoxluğu ilə bağlı digər nəqliyyat vasitələri olmadığından Natiq öz qohumu Camala müraciət etmiş və sonuncu xidmət haqqı müqabilində icarəyə götürdüyü, etibarnamə əsasında idarə etdiyi avtomaşınla göbələk məhsulunu Şəxs MMC-dən qəbul edərək müəyyən olunmuş yerə çatdırmağa razılaşmışdır. Bununla da məlum olur ki, X12 ilə Şəxs MMC arasında heç bir əmək münasibətləri olmamış, həmin münasibətlər Camal Əliyevlə onun qohumu Natiq Əliyev arasında yaranmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC-nin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, səlahiyyətli orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmadan hüquqi şəxs Şəxs MMC-nin barəsində əsassız olaraq 20 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar