Məhkəmə qərarları › İş №3(003)-393/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-393/2021

09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-393/2021 09.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, Xətai rayon Polis İdarəsi 34-cü Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən inzibati xəta törətməsinə dair Xətai rayon Polis İdarəsi 34-cü Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Bakı Şəhər Xəzər rayon İcra və Probasiya Şöbəsinə çağırıldığında ona Xətai RPİ 34-cü Polis Bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat məbləğində cərimə edildiyi məlum olmuşdur. Şikayətçi həmin qərarın qəbul edilməsini tamamilə əsassız hesab edir. Belə ki, o, ümumiyyətlə aprel ayında Xətai rayonuna getməyib və orda olmamışdır. Şikayətçi ümumiyyətlə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci və digər hər hansı maddəsinin tərkibində nəzərdə tutulmuş hər hansı inzibati xəta sayılan əməl törətmədiyini, onun polis tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilmədiyini qeyd edir. Protokolda və ya qərarda onun hər hansı qeydi və imzası yoxdur. Qərar qəbul edilərkən ona hər hansı məlumat verilməyib. İnzibati xəta haqqında protokol və qərar aprel ayında tərtib edilsə də, ona rəsmi olaraq təqdim edilməyib. Yalnız şikayətçinin rəsmi müraciətindən sonra protokol və onun əsasında qəbul edilmiş qərar rəsmi olaraq ona təqdim edilib. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış şikayətçi və inzibati xəta haqqında qərarı qəbul etmiş inzibati orqan Xətai rayon Polis İdarəsi 34-cü Polis Bölməsi məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə şikayətçi və Xətai rayon Polis İdarəsi 34-cü Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib. şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X2 xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb kimi inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə göstərilmişdir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 100.1.5-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilməlidir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayətçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Xətai RPİ 34-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru Eyvaz Mürvələdov tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında xx xxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərara əsasən o, 100 manat cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməli və həmin protokolda inzibati xətaya görə məsuliyyəti nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi göstərilməlidir. Göründüyü kimi hazırki iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokolda və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqında qərarda şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyi qeyd edilmişdir. Bununla da inzibati protokol tərtib edilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələbi pozulmuşdur. Belə ki, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin 3 bəndi vardır. Hər bir bənd ayrı-ayrılıqda müxtəlif inzibati xətaların törədilməsinə görə inzibati məsuliyyət yaranmasını özündə ehtiva edir. Bu səbəbdən həmin bəndlərin dispozisiyaları və sanksiyaları da müxtəlifdir. Lakin inzibati protokol tətib edilərkən bu xüsusiyyət nəzərə alınmamış və şikayətçinin İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi konkret olaraq göstərilməmişdir. Bütün qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli və Xətai rayon Polis İdarəsi 34-cü Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən inzibati xəta törətməsinə dair Xətai rayon Polis İdarəsi 34cü Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar