Məhkəmə qərarları › İş №3(003)-397/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-397/2022

13.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-397/2022 13.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, X1 iştirakı ilə X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin MN seriyalı ******* nömrəli 27 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı Şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 27 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Günay Əliyeva və digərlərinin qanunsuz və əsassız öncədən hazırlanmış şikayətləri əsasında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin əmək müfəttişi tərəfindən heç bir araşdırma aparmadan, təqdim etdiyi mötəbər sübutlara əhəmiyyət vermədən barəsində protokol tərtib edilmiş və 27 dekabr 2021-ci il tarixli, MN ******* saylı qərarla barəsində inzibati tənbeh vermə cəzası olaraq 3000 (üç min) manat cərimə cəzası tətbiq edilmişdir. Həmin qərar ona rəsmi olaraq 24 fevral 2022-ci il tarixdə verilmiş və həmin qərardan şikayət vermək müddəti 06 mart 2022-ci il tarixədəkdir. Hesab edir ki, sözügedən qərar tam əsassız və qanunsuzdur. Belə ki, X11 qəsəbəsi X7 ərazisində Təlim-Tədris Ocağı olaraq icarəyə götürmək istədiyi obyektə fəaliyyəti olmadığı müddətdə iş üçün müraciət etmiş və onun tərəfindən ona dekabr ayında yaxınlaşmaq təklif olunmuşdur. Çünki həmin obyektdə sahibi ilə müqavilə bağlandıqdan sonra fəaliyyəti yanvar 2022-ci il tarixdə başlayacaqdı. Həqiqətən də 2022-ci ilin yanvar ayının əvvəlindən obyekt sahibi ilə şəxsi VÖEN əsasında müqavilə bağladıqdan sonra açılış etmədən fəaliyyətə başlamışlar. Həmin obyektin “Ümid Şirkətlər Qrupu”na heç bir aidiyyəti olmamışdır və bu gün də aidiyyəti yoxdur, ona görə ki, obyekt sənədsiz olduğu üçün MMC-nin təsisçisi tərəfindən müqavilə bağlanmasına razılıq verilməmişdir. Bu səbəbdən də yanvar ayından öz VÖEN-i ilə müqavilə bağlamışdır. Rəssamla bağlı qeyd edir ki, o, şifahi tapşırıq razılaşması əsasında obyektin giriş divarına rəsm çəkmişdir. Onunla da heç bir zaman daimi işlə bağlı söhbətləri olmamışdır. O, tam müstəqil peşə fəaliyyəti göstərən rəssamdır. İşlədiyi müddətdə də xidmət haqqını tam şəkildə şəxsi vəsaiti ilə ödəmişdir. Digər şikayətçilər isə tam kənar şəxslərdir, onlarla arasında iş barədə heç bir söhbət olmamışdır. Lakin öncədən məqsədyönlü şəkildə hazırlanmış sözügedən şəxslər tərəfindən Əmək müfəttişliyinə mürciət olunmuş və heç bir araşdırma aparmadan əsassız və qanunsuz olaraq barəsində inzibati cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, X5 Xidməti Bakı Şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət ərizəsini araşdırıb, şikayətçinin izahatı dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş X5 Xidməti Bakı Şəhər İdarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 27 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş Günay Əliyeva və digərləri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edildiklərindən X3 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli qərarından görünür ki, “X9” MMC Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmədə müəyyən olundu ki, vətəndaş Günay Əliyeva və digərləri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edildiklərindən X5 xidməti Bakı Şəhər İdarəsinin rəisi Həmid Ədhəmovun MN seriyalı ******* nömrəli, 27 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Həmçinin, Xəzər Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli qərarı ilə “X9” MMC Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar əsaslıdır, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X2 inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, şikayətin rədd edilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 X5 xidməti Bakı Şəhər İdarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 27 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan rədd edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar