Məhkəmə qərarları › İş №3(003)-400/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-400/2022

15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-400/2022 15.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə subay, 2 uşağı olan, fəhlə işləyən və əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən tərtib olunmuş 15 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Rzayev X1 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev göstərdi ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2012-ci il təvəllüdlü Heybətova Günəş, xx.xx.2014-cü il təvəllüdlü Heybətov Muradın yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat məbləğində alimentin ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs adına hər hansı bir əmlakın olmaması barədə cavablar alınmışdır. Borclu dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatları alınmış və o, izahatlarında heç bir yerdə işləmədiyinə görə borcu ödəyə bilmədiyini qeyd etmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs 800 manat məbləğində aliment borcundan 200 manat ödəniş etdiyinə görə onun əməlində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 1560 manat məbləğində aliment borcunun olması ilə bağlı Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətə inzibati həbs edilmişdir. Şəxs icra sənədi üzrə 2020-ci ilin iyun ayından sonra borcundan heç bir ödəniş etməmiş və hazırda borcu 4280 manat təşkil edir. Sonradan icra şöbəsinə gəlmədiyinə görə Şəxs barəsində xx.xx.2021-ci il tarixdə axtarış qərarı qəbul edilmişdir. Borclu Şəxs bu gün saat 12:30-da polis əməkdaşları tərəfindən icra şöbəsinə gətirilmişdir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, o, arvadı Heybətova Nazlı ilə barışıb 6- 7 ay ərzində rayonda birlikdə yaşayıb işləmişlər. Aldığı əmək haqqını da arvadına vermişdir. Lakin sonradan münasibətləri pozulmuş və arvadı onu evdən qovmuşdur. Heç bir yerdə işləmədiyinə görə borcu ödəyə bilməmişdir. O, bu gün saat 12:30-da polis əməkdaşları tərəfindən icra şöbəsinə gətirilmişdir. Məhkəmədən borcun ödənilməsi üçün ona vaxt verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş ŞamaxıRayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2012-ci il təvəllüdlü Heybətova Günəş, xx.xx.2014cü il təvəllüdlü Heybətov Muradın yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat məbləğində alimentin ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2019-cu il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs 800 manat məbləğində aliment borcundan 200 manat ödəniş etdiyinə görə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs 1560 manat məbləğində aliment borcunun olması ilə bağlı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətə inzibati həbs edilmişdir. İş materiallarında olan Xəzər rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədi üzrə 2020-ci ilin iyun ayından sonra borcundan heç bir ödəniş etməmiş və hazırda onun borcu 4280 manat təşkil edir. Bununla da, Şəxs icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, 2020-ci ilin iyun ayından icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməməsini, hal-hazırda onun borcunun 4280 manat təşkil etməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:30-da polis əməkdaşları tərəfindən icra şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115- 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 15 mart 2022-ci il tarixdən, saat 12:30-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar