Məhkəmə qərarları › İş №3(003)-404/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-404/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-404/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Xəzər rayon prokurorluğunun nümayəndəsi X2, Protokol tərtib etmiş şəxs Xəzər rayon DYPŞ-nin polis mayoru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun qanuni nümayəndəsi X3 iştirakları ilə, xx.xx.2008-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu 323 saylı tam orta məktəbin 11-ci sinif şagirdi, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi YYM ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Yetkinlik yaşına çatmayan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında materialdan müəyyən olur ki, xx.xx.2025-ci il tarixdə Xəzər rayonu ərazisində yetkinlik yaşına çatmayan sürücü Şəxs idarə etdiyi "Lexus" markalı **- VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etməsini itirib əvvəlcə yolun sağ tərəfə hərəkət edərək yolun sağ kənarında dayanmış sonradan markasının "Kia" olduğunu bildiyi avtomobilin sağ qabaq qanadına dəyib bir qədər də qarşı tərəfə hərəkət edib yolun sağ kənarında fərdi yaşayış evinin daş divarına çırpılmışdır. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin X12i Şöbəsinin polis mayoru X9 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 19 fevral 2025-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Xəzər rayon prokurorluğunun nümayəndəsi X1 İlkin İlqar oğlunun barəsində müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Xəzər rayon DYPŞ-nin polis mayoru X9 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Xəzər rayonu ərazisində yetkinlik yaşına çatmayan sürücü Şəxs idarə etdiyi "Lexus" markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etməsini itirib əvvəlcə yolun sağ tərəfə hərəkət edərək yolun sağ kənarında dayanmış sonradan markasının "Kia" olduğunu bildiyi avtomobilin sağ qabaq qanadına dəyib bir qədər də qarşı tərəfə hərəkət edib yolun sağ kənarında fərdi yaşayış evinin daş divarına çırpılmışdır. Şəxs yetkinlik yaşına çatmayan şəxsdir və onun sürücülük hüququ yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, hazırda 11-ci sinif şagirdidir. Xəzər rayonu Qala qəsəbəsi ərazisində yaşayır. Əməlindən peşmandır. Hadisə baş verən anı yüksək adrenalinli olmasına görə xatırlamır. Hava yağışlı olduğundan avtomobillə sürücülük hüququ olmadan idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsi X5 bildirdi ki, avtomobili oğluna sürmək üçün o vermişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Rəhim Allahverdiyev tərəfindən qəbul edilmiş 14 fevral 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli, toplanmış material üzrə "Lexus" markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yetkinlik yaşına çatmayan sürücüsü Şəxs əməlində AR İXM-nin 332.4-cü maddəsinin tərkibi yarandığından, X3 əməlində AR İXM-nin 335.3-cü maddəsinin tərkibi yarandığından Şəxs barəsində inzibati təsir tədbirləri görülməsi məqsədilə toplanmış material Xəzər RPİ-nin X12 Şöbəsinin vasitəsilə Xəzər rayon məhkəməsinə göndərilməli, “Lexus" markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtobilin sahibi (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs) X3 əməlində AR İXM-nin 335.3-cü maddəsinin tərkibi yarandığından X3 barəsində inzibati təsir tədbirləri görülməsi məqsədilə qərarın sürəti Xəzər DYPŞ-nə göndərilməlidir. İş materiallarından müəyyən edilir ki, Şəxs xx.xx.2008-ci il tarixdə doğulmuşdur. Beləliklə də o, yetkinlik yaşına çatmayan şəxs olduğuna görə onun sürücülük hüququ yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə iclasında tərəflərin izahatları və digər iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs yetkinlik yaşına çatmayan şəxs olması (İXM 32.1.2) məsuliyyətini yüngülləşdirən haldır. Məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və 18 yaşna çatmayan şəxs olmasını nəzərə alaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafıq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar