Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-406/2022 25.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şəxs (bundan sonra Şəxs MMC) nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC-nin 12750 (on iki min yedi yüz əlli) ABŞ dolları məbləğində olan olan vəsaiti 22 yanvar 2020-ci il il tarixdə xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, 12750 (on iki min yedi yüz əlli) ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmişdir. Bununla əlaqədar Şəxs MMC barəsində Hüquq Departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Rasim Məmmədov tərəfindən 02 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında EP ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 etiraz ərizəsi təqdim edərək göstərdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankı inzibati orqan kimi "xxxx" MMC barəsində AR İXM-nin 430.4-cü maddəsinə əsasən İX haqqında icraata aldığı EP № ******* nömrəli iş matertallarını məhkəməyə göndərməmişdən "xxxx" MMC-nin hüquq və azadlıqlarını pozaraq, inzibati xəta törədilməsində şübhəli bildiyi şəxsi araşdırma üçün dəvət etməmiş, iş materialları ilə tanış etməmiş, izahatını almamış, dəlillərini dinləməmiş və bununla da inzibati xəta hərəkətinə aid halları tam və hərtərəfli araşdırmadan birtərəfli mövqe əsasında formal qaydada qərar qəbul etmişdir ki, bununla da AR İXM-nin 61-ci, 102-ci, 103-cü, 106-cı və 112-ci maddələrinin tələblərini qəsdən, bilərəkdən pozmuşdur. Haqqında Bankın inzibati xəta işi başladığı faktın aşağıdakı obyektiv, "xxxx" MMC-nin iradəsindən asılı olmayan halları araşdırılmamışdır. MMC-nin xarici tərəfdaşı, Pakistan İslam Respublikasının “Denim İnternational” şirkəti ilə bağladığı 19.01.2020-ci il tarixli, razılaşma əsasında onun bank hesabına 22.01.2020-ci ildə köçürmüş olduğu 12750 (on iki min yeddi yüz əlli) ABŞ dollarının qarşılığında 18 ay ərzində, yəni 2021-ci ilin 08 aprelinə kimi istehsal istehsal təyinatlı parça göndərilməli idi. Lakin 2020-ci ilin mart-aprel ayından bu vaxta kimi bütün dünya ölkələrini, o cümlədən Azərbaycan və Pakistanı əhatə edən ciddi karantin məhdudiyyətləri, sərhədlərin bağlılığı, işgüzar əlaqələrin qapadılması əslində hamıya məlum, əlavə sübuta ehtiyacı olmayan ümumdünya fors-major vəziyyəti yaratmışdır. Qeyd olunan obyektiv halları nəzərə alan MMC dəfələrlə xarici tərəfdaşı ilə onlayn əlaqələr saxlamışdır. Tərəfdaşın bildirdiyinə əsasən, pandemiya ilə bağlı fabrik fəaliyyətini bir müddət dayandırmışdır. Hazırda istehsal yenidən təşkil olunduğu üçun MMC-nin sifarişi 2022-ci ilin iyul-avqust aylarına icra ediləcəkdir. AR İXM-nin 430.4-cü maddəsinin tətbiqi ilə əlaqədar inzibati xəta haqqında təcrübəsinin məhkəmələr tərəfindən hüquqi qiymətləndirilməsinə aid AR Konstitusiya Məhkəməsi Plenumunun 19.12.2019-cü il və 28 02.2020-ci il tarixli qərarlarında birbaşa göstərilmişdir ki, “... idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas çıxış etmir”. Qərarda qeyd edilmişdir ki, “... müəyyən malların istehsal olunması və çatdırılması haqqında Qaydalar ilə təyin edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə .... şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər. Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər”. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, “ ... inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməlidir”. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, Şəxs MMC tərəfindən 12750 (on iki min yedi yüz əlli) ABŞ dolları məbləğində xarici valyutada olan vəsait "xxxx" ASC-də olan hesabından 21 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara köçürülmüşdür. Azərbaycan Respublikası Mərkəzi X4 “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında 20 fevral 2020-ci il tarixli qərarına əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 (iki yüz yetmiş) gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir Beləliklə müəyyən edilir ki, Şəxs MMC 21 yanvar 2020-ci il tarixdə 12750 (on iki min yedi yüz əlli) ABŞ dolları məbləğində pul vəsaitini Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, həmin vəsait hesabına alınan malların ölkəyə idxalını və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədlər "xxxx" ASC-yə təqdim edilməmiş və qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXMnin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirildiyindən, Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 21-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Məhkəmə Şəxs MMC-nin barəsində inzibati xətanın obyekti olan 12750 (on iki min yedi yüz əlli) ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi – 2550 (iki min beş yüz əlli) ABŞ dolları məbləğində inzibati cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının https://www.cbar.az rəsmi saytından görünür ki, 25 aprel 2022-ci il tarixə 1 ABŞ dolları 1.70 AZN olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, 2550 (iki min beş yüz əlli) ABŞ dolları pul vəsaiti 4335 (dörd min üç yüz otuz beş) manata bərabər tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18.5, 26.2, 40, 43, 114-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın obyekti olan 12750 (on iki min yedi yüz əlli) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi, yəni 2550 (iki min beş yüz əlli) ABŞ dolları olmaqla 4335 (dörd min üç yüz otuz beş) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-406/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-406/2022
25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver