Məhkəmə qərarları › İş №3(003)-407/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-407/2022

05.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-407/2022 05.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, zərərçəkmiş şəxs Aşumov Mehrab Məhərrəm oğlunun iştirakı ilə Cəfərov Vüqar Eldar oğlunun 23 iyun 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan haqqında Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 09 mart 2022-ci il tarixli protokola əsasən Cəfərov Vüqar Eldar oğlu 16 fevral 2022-ci il tarixdə, saat 17:00-da idarə etdiyi «Hyundai İ 30» minik markalı, **-VP-*** dövlət nömrə nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Cəfərov Vüqar Eldar oğlunun əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin baş təhqiqatçısı Elvin Cəfərov tərəfindən 28 fevral 2022ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cəfərov Vüqar Eldar oğlu özünü təqsirli bilərək göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur və aylıq 400-500 manat gəlir əldə edir. 16 fevral 2022-ci il tarixdə, saat 17:00-da idarə etdiyi «Hyundai İ 30» minik markalı, **-VP-*** dövlət nömrə nişanlı avtomobillə Qala istiqamətindən 30 km/saat sürətlə dairəyə daxil olarkən sağ tərəfinə baxmamış və həmin istiqamətdən gələn maped onun avtomobilinin sağ qapısına dəymişdir. Zərbədən mapedin sürücüsü yerə yıxılmışdır. Hadisə yerinə polis əməkdaşları gəldikdən sonra sürücünü öz avtomobili ilə xəstəxanaya aparmışdır. Orada sürücünü rentgen aparatından keçirmişlər və hər hansı xəsarət aşkar olunmamışdır. O, sonradan zərərçəkmiş şəxslə əlaqə saxlayaraq ziyan ödəməyi təklif etmişdir. Zərərçəkmiş şəxs isə 500 manat pul istəmişdir, lakin onun maddi imkanı olmamışdır. Buna baxmayaraq zərərçəkmiş şəxsə 300 manat pul verməyi və əlavə olaraq mapedi öz ustasının yanında təmir etməyi təklif etmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, işinin sürücülük vəsiqəsindən asılı olduğunu və ailəyə qazanc gətirən yeganə şəxs olduğunu bildirərək məhkəmədən cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Aşumov Mehrab Məhərrəm oğlu göstərdi ki, 16 fevral 2022-ci il tarixdə, saat 17:00-da idarə etdiyi «Tufan M50» minik markalı mopedlə Mərdəkan qəsəbəsindən Şüvəlan qəsəbəsi istiqamətində 50 km/saat sürətlə hərəkət edərək «Bravo» marketin yanında dairəyə daxil olmuşdur. Həmin vaxt sağ tərəfdən Qala istiqamətindən hərəkətdə olan «Hyundai İ 30» minik markalı avtomobil yolu gözləməyərək dairəyə daxil olmuş və onu vurmuşdur. O, zərbədən yerə yıxılaraq sağ ayağından xəsarət aldığından sürücü onu xəstəxanaya aparmışdır. Hadisəni törədən şəxs ona 300 manat pul təklif etsə də, mapedin təmiri üçün 400-500 manat vəsait tələb olunduğundan o, həmin məbləğlə razılaşmamışdır. Cəfərov Vüqar Eldar oğlunun barəsində hər hansı qərarın qəbul olunmasını məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Xəzər RPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Cəfərov Vüqar Eldar oğlu tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Vüqar Cəfərovun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 17 fevral 2021-ci il tarixli, 176 nömrəli rəyinə əsasən Aşumov Mehrab Məhərrəm oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər 16 fevral 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül zərərvurmaya aiddir. Məhkəmə Cəfərov Vüqar Eldar oğluin əməlini etiraf etməsini, səmimi peşmançılığını, məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Cəfərov Vüqar Eldar oğluin məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Cəfərov Vüqar Eldar oğluin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, işinin sürücülük vəsiqəsi ilə bağlı olduğunu və ailəyə qazanc gətirən yeganə şəxs olmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cəfərov Vüqar Eldar oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar