Məhkəmə qərarları › İş №3(003)-413/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-413/2021

19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-413/2021 19.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, X1 iştirakı ilə X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X7 İdarəsinin EQ ******* nömrəli, 28 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X7 İdarəsinin texniki vasitə ilə qeydə alınmış protokol əsasında qəbul edilmiş EQ ******* nömrəli, 28 dekabr 2020-ci il saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, 28 dekabr 2020-ci il tarixdə Abbasqulu Ağa Bakıxanov – Mərdanov qardaşları küçələrinin kəsişməsində ona məxsus “Faw Bestune X80” markalı, **-OH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə yol ayrıcına daxil olub sağa dönərkən Bakı şəhər X7 İdarəsinin Texniki vasitəsi ilə qayda pozuntusu qeydə alınmış və elektron protokol tərtib edilmişdir. O yollarda yalnız sağa və sola dönmə müəyyən edilibsə, o zaman məcburedici və ya əmredici nişan quraşdırılmalı deyil. Standartlara uyğun olaraq 1.18 nişanlanma intensiv hərəkət zamanı yolayrıcına çatmamış 20-30 metr qalmış iki və ya üç dəfə təkrarlanmalıdır. Standartlardan kənar quraşdırılmış nişan və ya nişanlara görə sürücünün məsuliyyət daşımamasını və onun barəsində Bakı şəhər X7 İdarəsinin tərəfindən qeydə alınmış elektron protokol üzrə qəbul edilmiş EQ ******* nömrəli, 28 dekabr 2020-ci tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Barəsində şikayət verilən orqan Bakı şəhəri X6 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə barəsində şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Şikayət ərizəsini araşdırıb, şikayətçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan DİN Baş X6 İdarəsinin 28 dekabr 2020-ci il tarixli, EQ ******* saylı qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin İV bəndinin 18-ci hissəsinə əsasən yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir. “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. Adətən nişanlar yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılır; lakin onlar yolun hərəkət hissəsinin üzərində də yerləşdirilə və ya təkrarlana bilər. Yerli şərait yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılmış nişanın sürücü tərəfindən vaxtında qavranılmamasına səbəb ola bilərsə, nişan hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanmalıdır. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə iclasında müəyyən edildi ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X3 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından Bakı şəhər X7 İdarəsinin texniki vasitə ilə qeydə alınmış protokol əsasında qəbul edilmiş EQ ******* nömrəli, 28 dekabr 2020-ci il tarixli qərarından şikayət vermişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Təqdim olunmuş sənədləri araşdırıb, toplanmış sübutları məcmu halında qiymətləndirib hesab edirəm ki, qeyd edilən nişanların yolun hərəkət hissəsinin üzərində sürücülərin asanlıqla və vaxtında qavraya bilmələrinə imkan verən şəkildə quraşdırıldığı, bununla da sürücünün qanunun tələbini qadağan edici nişanı qavradığı halda pozması müəyyən edilmədiyindən, sürücünün hərəkətlərinə sürücülər üçün nəzərdə tutulmuş nişanların quraşdırılması qaydasına riayət edilib-edilməsinə uyğun qiymət verilmədiyindən, bununla da, 28 dekabr 2020-ci il tarixli qərar inzibati xətalar qanunvericiliyinin tələblərinə uyğun çıxarılmadığından, şikayət qismən təmin edilməli, Bakı şəhər X7 İdarəsinin qəbul etdiyi 28.12.2020-ci il tarixli, EQ ******* saylı qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin.X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X7 İdarəsinin EQ ******* nömrəli, 28 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X6 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar