Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-419/2025 24.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Bakı şəhər DYPİ YNH baş inspektoru X3, Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin polis sahə inspektoru Tural Sarıyevin, Bakı şəhər DYPİ-nin baş inspektoru Talıb Qasımovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Mingəçevir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Sumqayıt şəhəri 21-ci mkr məhəllə 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər BPİ DYPİ-dən daxil olmuş 23 fevral 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və materialdan görünür ki, Şəxs idarə etdiyi “İSUZU NPR 75 KD” yük markalı ** JS *** dövlət qeydiyyatlı avtomobili narkotik vasitələrin təsiri altında idarə edərək zərərçəkmiş şəxs X2 idarə etdiyi avtomobilə maddi ziyan vurmuşdur. Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və materialdan görünür ki, Şəxs DYP əməkdaşları hadisə yerinə gələn zaman hadisə yerindən yayınmağa cəhd etmiş və polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Protokol tərtib etmiş şəxs Bakı şəhər DYPİ YNH baş inspektoru X4 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Şəxs idarə etdiyi “İSUZU NPR 75 KD” yük markalı ** JS *** dövlət qeydiyyatlı avtomobili narkotik vasitələrin təsiri altında idarə edərək zərərçəkmiş şəxs X2 idarə etdiyi avtomobilə maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə o, Azərbaycan Respublikası İXM-nin 333-1.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin polis sahə inspektoru Tural Sarıyev məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16:10 radələrində Zuğulba prospekti Gənclik dairəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisəni törədən “İsuzu” markalı ** JS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs müəyyən edilmişdir. Sürücü hadisə yerindən yayınmağa cəhd etmişdir. Özünü şübhəli apardığı üçün sürücünün həkim müayinəsinə təmin edilmişdir. Həkim müayinəsində məlum oldu ki, sürücü narkotik vasitənin təsiri altındadır. Sərxoş vəziyyətdədir. Bu hərəkətləri ilə o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə iclasında Bakı şəhər DYPİ-nin baş inspektoru Talıb Qasımov Şəxs barəsindəq qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, narkotik vasitə və psixotrop maddələrdən əvvəllər patı deyilən (Metafetamin) istifadə etmiş, lakin digər narkotik vasitə və ya psixatrop maddə istifadə etməmişdir. Təqribən 20-25 gün bundan əvvəl qramını dəqiq bilmədiyi və tanımadığı şəxsdən aldığı narkotik vasitə və ya psixatrop maddə olan patı deyilən (Metafetamin) istifadə etmişdir. Bu gün yəni 22 fevral 2025-ci il tarixdə saat 16 radələrində sürücü kimi işlədiyi Azərsun "xxxx" MMC-yə məxsus olan “İsuzu” yük markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtamobil ilə Xəzər rayonu Zaqulba yolunda üzü Şəhər istiqamətində saatda 70 km/saat sürətlə ikinci zolaqda hərəkət edirdi. Təxminən Gənclik dairəsi deyilən ərazidə onun sağında hərəkətdə olan avtomobil sola manevr edib onu sıxışdırdığı üçün o, hadisədən yayınmaq üçün sola manevr etmək istəyərkən geriyə dönmədə “Opel Garsa” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmasını gördü. Həmin avtomobili vurmamaq üçün avtomobilini sola bir qədər manevr etdirərkən idarəetməni itirdi və avtomobilinin sol yan hissəsi “Opel Garsa” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq hissəsinə dəydi və idarəetməni itirdiyi üçün səkiyə çıxaraq yolun orta hissəsində olan gülləri və qazon hissəsini əzdi. Hadisə baş verdikdən sonra polis əməkdaşları ona köməkilik edərək avtomobilini səkidən yolun hərəkət hissəsinə çıxartdılar. Sonra polis əməkdaşları onu tibbi müayinəyə apardılar və həkim müayinəsi zamanı onun qanından əvəllər 20-25 gün bundan əvvəl istifadə etdiyi narkotik vasitə və psixotrop maddə tərkibli patı deyilən (Metafetamin) aşkar olundu. Bundan əlavə baş vermiş hadisənin videogörüntüsü ona göstərildi, o, baş vermiş hadisədə özünü tam təqsirli hesab edir, həmçinin narkotik vasitə və psixotrop maddə tərkibli patı deyilən (Metafetamin) qəbul edərək onun təsiri nəqliyyat vasitəsi idarə edərkən yol nəqliyyat hadisəsi törətməkdə özünü günahkar hesab edir. Barəsində aparılan inzibati araşdırmadan şikayəti yoxdur. Həmçinin barəsində tərtib olunmuş İnzibati Xəta haqqında protokolla tanış olmuşdur və razıdır. Heç bir şikayəti yoxdur. Baş vermiş yol nəqliyyat hadisəsində özünü tam günahkar hesab edir. O, qeyd olunan narkotik vasitələrdən bir ədəd şəffaf rəngli tütün kağızına bükülmüş içərisində narkotik vasitə və psixotrop maddə tərkibli patı deyilən (Metafetamini) tanımadığı şəxsdən 10 manata almış və özü istifadə etmək üçün almışdır, satmaq və ya digər məqsədi olmayıb və ilk dəfə idi ki istifadə etmişdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs sidik müayinəsində marixuana, amfetamin və metamfetamin maddələri aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında AZ seriyalı 015340 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:15də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(003)-418/2025 saylı qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan 3(003)-418/2025 saylı və 3(003)-419/2025 saylı işlərin bir icraatda 3(003)-419/2025 nömrəsi altında birləşdirilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi onun ifadəsi, iş materialları ilə sübuta yetirilmiş, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333-1.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə –nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla doqquz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə bir neçə inzibati xəta törətdiyindən, həmin xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, bu halda həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edildiyindən məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 333-1.3-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri - nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 30 (otuz) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati qaydada həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesab edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X5 X1 həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-419/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-419/2025
24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver