Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-42/2024 01.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə Şəxs (bundan sonra Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qəbələ rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Qəbələ rayon prokurorluğundan Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Qəbələ rayon prokuroru Nazim Babayevin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, hüquqi şəxs Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və toplanmış materialın baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsin göndərilməsi qərara alınmışdır. Həmçinin həmin qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC-ni təmsil etmək və adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan icraçı direktoru X5 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq Qəbələ rayon ərazisində müxtəlif formalı yaşayış evlərinin və hovuzların tikilməsinə dair Qəbələ rayon Mıxlıqovaq kənd sakini Zərərçəkmiş şəxs2 ilə razılığa gələrək göstərilən vəzifələrin icra edilməsi üçün onunla əmək müqaviləsi bağlamayaraq və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etməyərək, xx.xx.2023-ci il tarixdən 2023-ci ilin iyul ayınadək olan müddətdə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən onu müxtəlif tikinti işlərinin yerinə yetirilməsinə cəlb etmiş, buna görə də hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibatı xətanı törətmişdir. Əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X3 bildirmişdir ki, Şəxs MMC Zərərçəkmiş şəxs2 işə cəlb etmiş, lakin onunla qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamamışdır. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X5 izahatında bildirmişdir ki, İlqar Əliyev ilə Şəxs MMC arasında xidməti müqavilə bağlanmış və həmin müqavilə əsasında kvadratla görülən işlər İlqar Əliyev tərəfindən görülmüşdür. Yəni Zərərçəkmiş şəxs2 İlqar Əliyevlə işləmiş, Şəxs MMC-yə aidiyyəti yoxdur. İzahatında həmçinin bildirdi ki, Qəbələ rayon prokororluğunda araşdırma aparılması ilə bağlı məlumatı olmuş, dəvət olunmuş, lakin həmin vaxtı Cəbrayıl rayonunda inşa olunan yarımstansiyasının lahiyyəsi onun üzərində olduğundan 4 ay Cəbrayıl rayonunu tərk edə bilməmişdir. Bu barədə Qəbələ rayon prokurorluğundan onunla telefon vasitəsilə əlaqə saxlayan şəxsə bildirmiş, xidməti müqavilənin mövcud olması barədə məlumat vermişdir. Xidməti müqavilə ondan tələb olunmamış, özünün prokurorluğa gəlməsi tələb olunmuşdur. Özü əmək müfəttişliyi tərəfindən 3500 manat cərimə olunmuş, hazırda həmin qərardan şikayət vermiş və məhkəmədə baxılmaqdadır. İlqar Əliyev xidməti müqavilə bağlanan dövrdə şirkətin işçisi olmamış, xidməti müqavilə şirkətin ofisində olan qeydiyyat kitabında qeydə alınmışdır. Qəbələ rayonunda şirkətin filialını açmış, 2023-cü ilin avqust ayınadək orada olmuş, sonra Cəbrayıl rayonunda iş götürdükdən sonra Qəbələ rayonundan çıxmışdır. Qəbələ rayonunda Arazın evində kirayədə yaşamış, Qafqazda orda beton tökmüşdür. Qafqazla orada tanış olmuşdur. İlqarla Qafqazda həmin evdə tanış olmuşlar. Sonuncu məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X5 izahatında bildirdi ki, İlqar Əliyev ilə Şəxs MMC arasında bağlanmış xidməti müqavilənin MMC-də qeydiyyatının aparılması və həmin müqavilə üzrə ödənişlər aparılması barədə sübutları məhkəməyə təqdim edə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Tural Zalov onun qohumudur. Özü Qəbələ rayonunda yaşayır və qohum kimi kirayədə qalmaq üçün və arendaya yerlərin götürülməsi üçün köməklik etmişdir. Şəxs MMC-də işləməmiş, Zərərçəkmiş şəxs2 tanımır, onun Şəxs MMC-də işləməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Şəxs MMC-də xx.xx.2023-cü il tarixdə baseynlərin təmiri ilə bağlı müqavilə bağlamış, Qafqazla isə Qəbələ şəhərində tanış olmuş, işləri onunla tamamlamağa razılaşmışdır. Şəxs MMCdən ilkin olaraq avans olaraq 2500 manat pul almış və həmin puldan ustalara vermişdir. Bir müddətdən sonra Şəxs MMC-nin maliyyə problemləri olduğundan və vergi orqanı maliyyə əməliyyatlarına həbs qoyduğundan işləri dayandırmışdır. Qafqazla da razılaşmışdır ki, iş başladıqdan sonra qalan pulun hissəsini verəcəkdir. Özü tikinti işləri ilə məşğul olur və briqada ilə işləyir, VÖEN-i var. Şəxs MMC ilə onun arasında əmək müqaviləsi 1 il əvvəl Quba rayonunda işlədiyi vaxtı olmuş, sonra müqavilə ləğv olunmuş, bir müddət başqa şirkətdə işlədikdən sonra Şəxs MMC şirkətinə qayıtmışdır. xx.xx.2023cü il tarixdə Şəxs MMC ilə xidməti müqavilə bağlamış, 2023-cü ilin avqust ayınadək işləmişdir. Qafqazla ilkin olaraq 6000 manata işlərin görülməsi barədə razılaşmış və ümumilikdə ona 2000 manat pul vermişdir. Qafqaz şirkətə gəlmiş, iş axtarmış, orada onunla tanış olmuşdur. Şəxs MMC ilə bağladığı müqavilə şirkətin möhürü ilə təsdiq olunmuş, bağladığı müqavilələrin qeydiyyatını aparmır. Qəbələ rayonunda xx.xx.2023-cü ildən 2023-cü ilin avqust ayının əvvəlinə kimi olmuş, Qafqaza işlərin görməsinə o cəlb etmiş, onunla müqavilə bağlamamışdır. Qafqazla Vəndam kəndində 2 ədəd və 2 ədəd digər kəndə baseyn tikmişlər, lakin tamamlamamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Vəndam qəsəbəsində bir obyektdə işlədiyi vaxtı Turalla tanış olmuş, sonra onunla işləmişdir. O baseynlərin tikintisi ilə Qəbələ rayonunda məşğul olmuşdur. 2 baseyn tikib təhvil vermiş, 3-cü baseyn ilə bağlı 2100 manat qalıq pul qalmışdır. Baseynlərin tikintisi ilə bağlı bir neçə dəfə Tural şəxsən özü pul vermişdir. İlqarı obyekdə görmüş, onunla işlərin görülməsi ilə bağlı aralarında danışıq olmamışdır. İşlərin görülməsində Turalla aralarında razılaşma olmuşdur. Tural onlara baseynlərin tikinti işləri olduğu və işləmək istəyirlərsə həmin işləri görə bilmələri demişdir. Baseynlərin tikintisində 6-7 nəfərlə işləmiş, digər şəxsləri özü cəlb etmişdir. Həmçinin bildirmişdir ki, Tural ona Şəxs adlı şirkətinin olduğunu bildirmiş və baseyn tikintisi işlərinin olduğunu bildirmiş, o həmin yerlərə baxmış və işləməyə başlamış, aralarında əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə, işdə iştirak edən şəxsləri, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Həmin Məcəllənin 7-ci maddəsinin 2.3-4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda həmin münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən “Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.” Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. İşin araşdırılmış hallarından görünür ki, Zərərçəkmiş şəxs2, Şəxs MMC-nin qanuni təmsilçisi X5 tərəfindən Qəbələ rayonunda hovuzların inşası ilə bağlı işə cəlb edilmiş, lakin onunla Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında Şəxs MMC-nin qanuni təmsilçisi X5, Zərərçəkmiş şəxs2 MMCyə işçi kimi qəbul edilməməsini və sonuncunun İlqar Əliyev tərəfindən işə cəlb olunmasını, İlqar Əliyevin isə MMC ilə aralarında xidməti müqavilənin bağlandığını bildirsə də bu hallar işin araşdırılmış hallarından müəyyən olunmamışdır. Belə ki, Şəxs MMC ilə X1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi məhkəməyə təqdim edilsə də (iş materiallarında mövcuddur), məhz həmin müqavilə əsasında Zərərçəkmiş şəxs2 Əliyev İlqar tərəfindən Şəxs MMC tərəfindən Qəbələ rayonunda aparılan hovuzların inşasına cəlb edilməsi iş üzrə müəyyən edilməmişdir. Belə ki, Qəbələ rayon prokurorluğuna şikayət etmiş şəxs, hazırda iş üzrə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onu hovuzların inşasına X5 cəlb etmiş və görülmüş işlərin müqabilində pulu X5 ona şəxsən vermişdir. Aralarında isə əmək müqaviləsi bağlanmamış, Əliyev İlqarla isə aralarında hər hansı bir razılaşma olmamışdır. Bununla da müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 ilə Şəxs MMC arasında olan münasibətlər sonuncunun Qəbələ rayonunda fəaliyyəti ilə bağlı görülən işlərin yerinə yetirilməsindən yaranmış, bu münasibətlər əmək münasibətləri hesab edilir və hüquqi şəxsi təmsil etmək və hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs X5 tərəfindən Zərərçəkmiş şəxs2 müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, ümumiyyətlə xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinin məhz həmin tarixdə bağlanmasını, qeydiyyata alınmasını təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiyası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə törədilmiş inzibati xətanı özündə ehtiva edir. İşin hallarından da göründüyü kimi barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfidən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri pozulmuşdur və bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 18.2.-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.” Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-42/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-42/2024
01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver