Məhkəmə qərarları › İş №3(003)-421/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-421/2021

15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-421/2021 15.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, X1 iştirakı ilə X2 inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində xx xxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, “Chevrolet” markalı, **-ZL-*** dövlət nömrə nişanlı avtomobili xx xxxxx 2020-ci il tarixdən etibarnamə əsasında idarə edir. Avtomobilin sığortası olmadığından 2020-ci ilin may ayından oktyabr ayınadək hər 20 gündən bir 7 dəfə elektron qaydada İXM-nin 469.3-cü maddəsinə əsasən cərimə olunmuş və cərimələrin hər birinin məbləği dəbbə pulu ilə birlikdə 80 manat olmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri DYP tərəfindən saxlanılmış, maşın duracağa yerləşdirilmişdir. Cərimələrin ödənilməsinə dair ona xəbərdarlıq olunmuş, o, dərhal Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə zamanı məlum olmuşdur ki, hər protokol və qərara görə ayrı-ayrılıqda şikayət ərizəsi verilə bilər. O, ərizəsini geri götürmüş, hakimin göstərişini nəzərə alıb tək-tək şikayət ərizəsi verməyə məcbur olmuşdur. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqana - Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Şikayət ərizəsini araşdırıb, şikayətçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş DİN Baş Dövlət Yol Polis idarəsi tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli elektron qərardan görünür ki, “Chevrolet Captiva” markalı, **-ZL- *** dövlət nömrə nişanlı avtomobilin istifadəçisi X3 mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamamışdır. Buna görə də, Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 122.8-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, “Chevrolet Captiva” markalı, **-ZL-*** dövlət nömrə nişanlı avtomobilin istifadəçisi X3 mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamadığından, DİN Baş Dövlət Yol Polis idarəsi tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli elektron qərara əsasən Azərbaycan Respublikası İXM-nin 469.3cü maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar