Məhkəmə qərarları › İş №3(003)-427/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-427/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-427/2024 28.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Zəngilan rayonunun Rəzdərə kəndində doğulmuş, evli himayəsində iki azyaşlı uşağı olan, ünvan 1i ünvanında qeydiyyatda olan, ünvan 2a yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 480 və 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 00800-00125/24 nömrəli, xx.xx.2024-cü il tarixli protokol və ona əlavə edilmiş material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, üzərində aşkar edilmiş 4 ədəd yaddaş kartı olmuş və həmin əşyları alt geyimin cibində saxlamışdır. Hazırda əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480 və 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 00800-00125/24 saylı protokoldan görünür ki, 03 dekabr 2023-cü il tarixində saat 09:30 radələrində 5W7015 saylı Əbu-Dabi-Bakı avareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Şəxs gömrük nəzarətindən keçərkən onun hərəkətləri şübhə doğurmuş, sonuncu “BODY SCAN” rentgen aparatından yoxlamadan keçirilərkən rentgen qurğusunun müşahidə monitorunda onun geyimlərində şübhəli qaraltıların olduğu müəyyən edilmişdir. Faktla əlaqədar olaraq qəbul edilmiş müvafiq şəxsi yoxlama qərarı əsasında Şəxs üzərində gömrük nəzarətinin müstəsna forması olan şəxsi yoxlama keçirilmişdir. Yoxlama zamanı Şəxs üzərində olan predmetləri çıxarıb təhvil verməsi tələb olunmuş, sonuncu əyninə geyindiyi ağ rəngli alt geyimind yerləşdirilmiş ayrı-ayrılıqda 4 ədəd salfetə bükülü və elastik rezinlə sarılmış bükülüləri çıxararaq təhvil vermişdir. Həmin bükülülər açılaraq içərisinə baxış keçirilmiş və bükülülərin içərisində gömrük orqanına şifahi yaxud yazılı formada bəyan edilməyən, eləcə də gömrük nəzarətindən gizlədilən müvafiq olaraq 2 ədəd üzərində “İNTEL CORE i5: i5-13400F; SRMBN; X326G269”, 1 ədəd üzərində “İNTEL CORE i5; i5-12400; SRL5Y; X336J052” və 1 ədəd üzərində “İNTEL CORE i7; i7-12700; SRL4Q; Х319Ј517” yazısı olan ümumilikdə 4 ədəd komputer detalı olduğu aşkar edilmişdir. Faktla əlaqədar araşdıma başlanmış və aşkar edilən malların dəyərinin və digər spesifik xüsusiyyətlərinin müəyyən edilməsi üçün kompleks məhkəmə komputer texniki və əmtəəşünaslıq ekspertizası təyin edilərək rəy verilməsi üçün AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmişdir. Həmin qurumdan daxil olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/9378-5/1712/2023 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim olunmuş predmetlər mərkəzi prosessorlardır və komputer üzərində tətbiq edilən bütün hesab və məntiqi əməliyyatlar mərkəzi prosessor tərəfindən reallaşdırılır və nəzarət edilir, prosessor kompüterin bütün qurğularının işini idarə edir və onların xx.xx.2023-cü il tarixinə olan orta bazar dəyəri 1600 (bir min altı yüz) manat təşkil edir. Araşdırma zamanı Şəxs izahatı alınaraq toplanan materiala əlavə edilmişdir. Sonuncu izahatında bildirmişdir ki, Qarabağ Müharibəsi əlilidir, dolanışığını, dövlətdən aldığı pensiua ilə və xarici ölkələrə gedərək oradan aldığı malları idxal edib Azərbaycan Respublikasında sataraq təmin edir, sonuncu dəfə də bu məqsədlə X2 Əbu-Dabi şəhərində olub, oradan digər mallarla birlikdə kompüter detalı olan 4 ədəd prosessor alıb, ölkə ərazisinə qayıdarkən gömrük nəzarətindən keçən zaman həmin əşyaları alt geyimində gizlədərək gömrük nəzarətinin “Qırmızı Kanal”ına daxil olub, belə malı birinci dəfə aldığına və hansı miqdarda rusum ödəməli olduğunu bilmədiyinə, eləcə də rüsumdan yayınmaq niyyəti olduğuna görə həmin əşyaları alt geyimində gizlətdib və gömrük nəzarətinin “Qırmızı Kanal”ına daxil olduğu ümün belə halın məsuliyyətə səbəb olmayacağını düşündüyünü bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs bəyan edilməli olan malları, yəni 2 ədəd üzərində “İNTEL CORE i5: i5-13400F; SRMBN; X326G269”, 1 ədəd üzərində “İNTEL CORE i5; i5-12400; SRL5Y; X336J052” və 1 ədəd üzərində “İNTEL CORE i7; i7-12700; SRL4Q; Х319Ј517” yazısı olan ümumilikdə 4 ədəd, 1600 manat məbləğində olan komputer detallarını bəyan etməməklə gömrük nəzarətindən gizlədilməklə keçirilmişdir. Bununla da onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddəsinə nəzərdə tutulan inzibati xətalar törədilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəlləinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Himayəsində 2 azyaşlı uşağının olmasını məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 480 və 482.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs eyni vaxtda törətdiyi hər iki inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə təqsirli bilinməli və ona 482.1-ci maddəsinin sanksiyası çərçivəsində (daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində) nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin – 1600 manat məbləğin qırx faizi miqdarında, yəni 640 manat məbləğində cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İXM-in 115.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır: 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Qeyd olunanlara əsasən iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin maddi sübut anbarında saxlanılan bəyan edilməmiş 2 ədəd üzərində “İNTEL CORE i5: i5- 13400F; SRMBN; X326G269”, 1 ədəd üzərində “İNTEL CORE i5; i5-12400; SRL5Y; X336J052” və 1 ədəd üzərində “İNTEL CORE i7; i7-12700; SRL4Q; Х319Ј517” markalı, 4 ədəd komputer detalları hazırki qərar qanuni qüvvəyə mindikdən sonra sahibi Şəxs qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə (daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində) inzibati məsuliyyətə cəlb edilərək, barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi miqdarında, yəni 640 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin maddi sübut anbarında saxlanılan bəyan edilməmiş 2 ədəd üzərində “İNTEL CORE i5: i5-13400F; SRMBN; X326G269”, 1 ədəd üzərində “İNTEL CORE i5; i5-12400; SRL5Y; X336J052” və 1 ədəd üzərində “İNTEL CORE i7; i7-12700; SRL4Q; Х319Ј517” markalı, 4 ədəd komputer detalları hazırki qərar qanuni qüvvəyə mindikdən sonra sahibi Şəxs qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar