Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-432/2023 12.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Barəsində inziabti xəta haqqında protokol tərtib olunan şəxs Şəxs (bundan sonra MMC) nümayəndəsi X2 iştirakı ilə Şəxs MMC-nin barəsində barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 482.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs (VÖEN: **********) ünvanına X1 fəaliyyət göstərən “X5 FZE” şirkətinin tapışırığı əsasında Çin Xalq Respublikasının Honkonq xüsusi inzibati rayonundan 3 yerdən ibarət, ümumi sayı 1120 ədəd olan “Realme C33 (4GB/128GB) RMX3624 Black”, “Realme С35 (4GB/128GB) RMX3511 Glowing Black” və “Realme С35 (4GB/128GB) RMX3511 Glowing Green” adlı yüklər daxil olmuş, Şəxs tərəfindən həmin yüklər **********8631 sorğu nömrəli gömrük bəyannaməsi əsasında sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında bəyan edilmiş, **********8631 sorğu nömrəli gömrük bəyannaməsinin 22-ci qrafasında malların ümumi invoys dəyəri 116212 ABŞ dolları qeyd olunmuşdur. Qeyd edilən mallara dair göndərən şirkət tərəfindən verilmiş “GT T4222 AE DD 2614 09 2022 KOD 2 20201425” saylı invoys sənədindən malların dəyəri rəqəmlərlə 116212.80 ABŞ dolları kimi qeyd edilmiş, ancaq həmin invoysda hərflərlə dəyər “one hundred ninety four thousand four hundred eighty dollars 00 cents” (ingilis dilindən tərcümədə 194480 ABŞ dolları) kimi əks olunmuşdur. Faktla bağlı araşdırılma aparılmış, göndərən şirkət tərəfindən verilmiş “GT T4222 AE DD 2614 09 2022 KOD 2 20201428” saylı invoys sənədində hərflərlə əks olunmuş dəyərin texniki səhvlik nəticəsində yazıldığı məlum olmuşdur. Şəxs tərəfindən **********8631 sorğu nömrəli gömrük bəyannaməsi əsasında sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında bəyan edilmiş 3 yerdən ibarət, ümumi sayı 1120 ədəd olan “Realme С33 (4GB/128GB) RMX3624 Black”, “Realme С35 (4GB/128GB) RMX3511 Glowing Black” və “Realme С35 (4GB/128GB) RMX3511 Glowing Green” adlı yüklərin ümumi invoys dəyərinin reallığı əks etdirir. Bununla da Şəxs tərəfindən gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə inzibati xəta törədilmişdir. Bununla əlaqədar Şəxs MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X3 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə 00800-00055/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X4 göstərdi ki, icraatınızda Dövlət Gömrük Komitəsinin hava Nəqliyyatında Baş Gömrük İdarəsi (HNBGİ) tərəfindən tərtib edilmiş 000800-000/23 saylı 08 fevral 2023-cü il tarixli protokol **********98631 saylı 17 yanvar 2023-cü il tarixli X6 (YGB) ilə bəyan edilən yükün sənədləri ilə bağlı tərtib olunmuşdur. Belə ki, HNBGİ iddia edir ki, GT T4422AE DD21614 09 2022 saylı invoys sənədində səhv var. Lakın məsələ heç də HNBGİ təqdim etdiyi kimi olmamışdır. Yükün invoys dəyəri 116212.80 ABŞ dolları təşkil etmiş və bu hal da invoys-da yazılan qiymətdə, bağlanmış müqavilədən, müqavilənin əlavəsində, köçürülən puldan və s. öz əksini tapmışdır. Buna baxmayaraq yük səbəbsiz yerə saxlanılmışdır və onlara heç bir məlumat verilməmişdir. Sonradan onlara bildirmişlər ki, yük 116212.80 ABŞ dolları qiyməti ilə deyil, 200.000 ABŞ dolları kimi rəsmiləşdirilməlidir. Bundan imtina etdikdə isə HNBGİ təhqiqat şöbəsinin rəhbəri bəyan etdi ki, yükün dəyəri 200.000 ABŞ dolları təşkil edir. Bildirilmişdir ki, 27 dekabr 2022-ci il tarixli “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 28 yanvar 2023-cü il tarixində qüvvəyə minmişdir. Qeyd olunan qanun üzrə “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunun 11.2-ci maddəsinə əlavələr edilmişdir. Qanunun 11.2-ci maddəsinə əsasən, aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim edildiyi andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir.” Onu da bildirmişdir ki, 27 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu 28 yanvar 2023-cü il tarixində qüvvəyə minmişdir. Qeyd olunan qanun üzrə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə əlavələr edilmişdir. Gömrük Məcəlləsinin 221.1-ci maddəyə əsasən, Apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. Buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim olunduğu andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir.” Lakin buna baxmayaraq, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qeyd olunan **********8631 saylı 17 yanvar 2023-cü il tarixli gömrük bəyannaməsi üzrə malların hansı səbəbdən saxlanıldığını, buraxılmadığını rəsmi qaydada bildirilməmişdir. Hər hansı bir kommersiya qurumu xaricdən mal idxal edirsə, o, onun dəyərini istehsalçıya ödəyir, daha sonra, yol pulunu ödəyir, gömrük rəsmiləşdirilməsini həyata keçirir və sair xərclərini toplayır, sonra üzərində gəlirini hesablayıb satışa çıxarır. HNBGİ-nin bizdən tələb etdiyi rəqəm isə absurd idi. Gətirilmiş mal mobil telefonlar olmuş, onların yerli pərakəndə satış keçirən mağazalardan alınsa idi, həmin rəqəm 200.000 ABŞ dolları təşkil edə bilməzdi. Çoxsaylı şikayətlərdən və təqdim olunan sübutlardan sonra, **********98631 saylı 17 yanvar 2023-cü il tarixli YGB ilə bəyan edilən malı bəyan olunan qiymətlə buraxmağa icazə vermişlər. Belə ki, HNBGİ əməkdaşları özləri anlamışlar ki, 200.000 AZN həmin mala görə absurd dəyərdir. Faktiki olaraq malları həftələrlə səbəbsiz yerə HNBGİ tərəfindən saxlanılmış, sahibkarlıq fəaliyyətimizə ciddi ziyan vurulmuş, ondan əlavə, malın gömrük anbarında qaldığı hər gün üçün də saxlama xərci ödəməli olmuşlar. HNBGİ protokolda bildirir ki, GT T4422AE DD21614 09 2022 saylı invoys sənədində səhv var. Lakin, invoysda konkret olaraq rəqəmlə göstərilib ki, malların dəyəri 116212.80 ABŞ dolları təşkil edir. İnvoysda olan rəqəmləri üst-üstə topladıqda belə, rəqəm 116212.80 ABŞ dolları təşkil edir. Yük müşahidə edici sənədlərin hamısında da 116212.80 ABŞ dolları məbləği göstərilib. Müqavilənin əlavəsində (hansını ki, biz imzalamışıq) belə rəqəm 116212.80 ABŞ dolları göstərilib. Yeganə olaraq invoysun aşağı hissəsində digər rəqəm sözlə göstərilmiş, o isə heç bir əhəmiyyət daşıyıcı faktor deyil, malın qiymətinə də təsir etmir. Həmin invoys satıcı şirkət tərəfindən tərtib olunur və malın üzərində göndərilir. Malı satan şirkət xırda texniki səhv buraxmış və dərhal sonra (19 yanvar 2023) məktub da təqdim etmiş ki, həmin səhv texnikidir və yeni invoys təqdim etmişdir. Bütün bunlar barədə də, HNBGİ-nin xəbəri olmuşdur. Mal əsassız yerə həftərlərlə saxlanılmışdır. İnvoysda olan və heç bir əhəmiyyət daşımayan və satıcı şirkət tərəfindən tərtib olunan səhvə görə (və həmin səhv dərhal aradan qaldırılıb) onlar məsulliyət daşımamalı, onların tərtib və təqdim etdikləri sənədlərdə hər bir rəqəm düz olmuşdur. HNBGİ tərəfindən tərtib edilən protokol əsassız olaraq tərtib edilmiş, **********98631 saylı 17 yanvar 2023-cü il tarixli YGB üzrə mallar sərbəst dövriyyə üçün idxal edildiyindən adi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “X5 FZE” şirkəti Şəxs MMC-yə müraciət edərək bildirmişdir ki, GT T4222 AE DD 2614 09 2022 KOD 2 20201428 saylı Proforma Hesab – Fakturası düzgün şəkildə tərtib olunmamışdır və söz ilə yazılan qiymətdə texniki səhvə yol verilmişdir. Buna görə də, müvafiq məlumatların əks olunduğu hesab — fakturanı yenidən göndərilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, **********98631 saylı YGB üzrə rəsmiləşdirilmiş mal “Sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduru altında rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsinə əsasən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmədə müəyyən olundu ki, Şəxs MMC-nin malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsi ilə bağlı inzibati protokol tərtib olunsa da, **********98631 saylı YGB üzrə rəsmiləşdirilmiş mal “Sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduru altında rəsmiləşdirildiyi məlum olmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-432/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-432/2023
12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver