Məhkəmə qərarları › İş №3(003)-443/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-443/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-443/2024 20.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər rayon Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala nəzərdən keçirərək, müəyyən etdim: Xəzər rayon Polis İdarəsinin 2-ci Polis şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol və toplanmış material baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri həmçinin bu Məcəllənin 229-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli, 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 19-ci bəndinə əsasən İXM-in 229-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından – ekologiya və təbii sərvətlər naziri, onun müavinləri, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin yanında X1 Xidmətinin rəisi, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, regional və rayon (şəhər) ekologiya və təbii sərvətlər orqanının rəhbəri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikasında müvafiq sahəyə cavabdeh dövlət orqanının rəhbəri, onun müavinləri tərəfindən tərtib edilir. Göründüyü kimi, İXM-in 229-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır və bu halda inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti müvafiq olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından həmin Nazirliyin müvafiq vəzifəli şəxslərinə aiddir. Hazırki iş üzrə göstərilən tələb pozulmuş, inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən, yəni Xəzər rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə inspektoru, polis mayoru Ruzi Mustafayev tərəfindən tərtib edilmişdir. İXM-in 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduğundan, Şəxs İXM-in 229-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Xəzər rayon Polis İdarəsinin 2ci Polis şöbəsindən daxil olmuş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol, ona əlavə olunmuş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs İXM-in 229-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Xəzər rayon Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol, ona əlavə olunmuş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar