Məhkəmə qərarları › İş №3(003)-446/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-446/2024

08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-446/2024 08.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Protokol tərtib etmiş şəxs 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Neftçala rayonu, 1-Mayak kəndində doğulmuş, subay, orta təhsilli, ünvan 1 ərazi dairəsi, 1 nömrəli Mayak kəndi ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 272.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi X5 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Zirə qəsəbəsində Xəzər dənizi sahilində keçirilmiş reydə qrup rəhbəri olmuşdur. Qalib Babayev və Şəxs qayıqda sahilə yaxınlaşmışlar. Əllərində tilov olmamış, qayıqda bir ədəd kisədə 14 ədəd siyənək balığı olmuş və sahilə çıxarılmışdır. Daha sonra onlardan balıq ovu ilə bağlı müvafiq sənədlərinin təqdim edilməsi tələb olunduqda hər hansı bir sənədlərin olmadığı müəyyən edildi. Qalib Babayev və Şəxs onlarla mübahisə etməyə, kobud danışmağa başlamışlar, içərisində 14 ədəd balıq olan kisəni isə suya atmışlar. Ayağında sapoq, müvafiq kombinizon olmadığından suyun dərin hissəsinə, balıqların tuladıqları yerə gedə bilməmişdir. Həmçinin bildirmişdir ki, Şəxs sənaye balıq ovu ilə məşğuldur və onlarda olan balıq ovu ilə bağlı müvafiq bilet qüvvədə olmamışdır. Həvəskar balıq ovu ilə bağlı 5 kq balıq nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əvvəlki məhkəmə iclasında verdiyi izahatında özünü təqsirli bilməyərək xx.xx.2024-cü il tarixdə balıq ovlamadıqlarını, balıq ovu üçün ov biletinin mövcud olduğunu bildirmiş, hazırki iclasda isə özünü təqsirli bilərək, hadisənin protokol tərtib etmiş şəxsin izahatında qeyd etdiyi kimi baş verdiyini bildirdi. İzahatında həmçinin törətdiyi əmələ görə peşman olduğunu bildirib barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: - MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Xəzər dənizinin Zirə qəsəbəsi ərazisində reyd keçirilən zaman qanunsuz balıq ovu ilə məşğul olması səbəbindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 83432 nömrəli aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Zirə qəsəbəsində Xəzər dənizi sahilində keçirilmiş reyd zamanı matorlu qayıqda 2 nəfər şəxs sahilə yaxınlaşmışlar. Qayığa baxış keçirildikdə, qayıqda tor ov alətlərinin olmadığı və sintetik kisədə 14 ədəd siyənək balığının olması aşkar edilərək sahilə çıxarılmışdır. Həmin şəxslərin şəxsiyyətləri müəyyən edilən zaman onların X6 və X4 olduqları məlum olmuşdur. Ova dair hər hansı bir sənəd tələb edildikdə təqdim edə bilməmişlər. Daha sonra həmin şəxslərdən biri sintetik kisədə olan balıqları götürüb dənizə daxil olmuş və balıqları suyun dərin hissəsinə atmışdır. Uzun kombinizon olmadığından dənizə daxil olaraq balıqları götürmək mümkün olmamışdır. Həmin şəxslərin istirahət yerində çoxlu sayda jılka sintetik torların olduğu müşahidə olunmuşdur. İş materiallarına əlavə edilmiş X2 verilmiş xx.xx.2023-cü il tarixli, 281 nömrəli balıqovlama biletinin surətindən görünür ki, briqada üzvləri: K.R.Fətullayev, M.B.Məlikov, Şəxs, T.Ş.Fətullayev, M.M.Məlikovdan ibarətdir. Su obyekti Xəzər dənizi, Xəzər rayonunun Zirə qəsəbəsi akvatoriyası ərazi sularıdır, obyektin növü və limiti: siyənək-0.05 ton, kütüm – 0.05 ton, kefal – 0.05 ton. Biletin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Şəxs sənaye balıq ovu ilə məşğul olan şəxsdir və X1 briqada üzvlərinə daxil olmaqla sonuncuya verilmiş balıqovlama bileti əsasında fəaliyyət göstərir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Zirə qəsəbəsində Xəzər dənizi sahilində keçirilmiş reyd zamanı Şəxs və digər şəxs tərəfindən 14 ədəd siyənək balığının Xəzər dənizindən ovlanması aşkar edilmişdir. Bu hal onun hazırki iclasda verdiyi izahatı və iş materialları ilə təsdiq olunur. Həmçinin müəyyən edilir ki, X1 adına verilmiş xx.xx.2023-cü il tarixli, 281 nömrəli balıqovlama biletinin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixinədək olmuş, xx.xx.2024-cü il tarixində isə Şəxs tərəfindən sənaye balıq ovu ilə məşğul olması barədə müvafiq sənədi olmamışdır. Bununla da müəyyən olunur ki, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Ona görə də o, həmin maddə ilə təqsirli bilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun” Qaydalarının 2.4.2-ci bəndinə əsasən alıq və digər su bioresurslarının sənaye ovunu həyata keçirən şəxslər balıq ovunu, balıqovlama biletində göstərilən ova cavabdeh şəxsin iştirakı ilə aparmalıdırlar. Həmin Qaydaların 2.5.1-ci bəndinə əsasən balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə balıqovlama biletləri olmadan balıq və digər su bioresurslarının ovu qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 700 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 700 (yeddi yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar