Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-457/2022 19.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə rəisi, polis mayoru X2 tərəfindən 18.03.2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərmişdir ki, 18.03.2021-ci il tarixdə Bakı şəhər BPİ-nin DYPİ-nin YPXA-nın YPX-in inspektorları xidmətdə olduqları zamanı Şəxs idarə etdiyi avtomobil barəsində həbs qərarı olduğundan onu saxlanmışlar və bu barədə Şəxs bildirərək avtomobilin müvafiq duracağa aprılmalı olduğunu bildirmişlər. Bu zaman Şəxs onlara tabe olmamış, YPX-in inspektorlarını təhqir etmişdir. Şəxs YPX-in inspektorlarını qanuni tələblərinə tabe olmadığından 2-ci Polis şöbəsinə gətirilmişdir. Bu barədə onun tərəfindən protokol tərtib edilmişdir. Bununla Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. 18.03.2021-ci il tarixdə Qala qəsəbəsində idarə etdiyi özünə məxsus avtomobil ilə Şağan qəsəbəsinə gələn zaman Qala yolunda Yol Polis Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin zaman onun avtomobilində 2 qadın sərnişin olmuşdur. Polis əməkdaşı ona avtomobilinin üzərində həbsin olduğunu bildirmiş və bu səbəbdən avtomobilini cərimə meydançasına aralıcağı bildirmişdir. O, isə avtomobildə 2 qadın sərnişin olduğunu, bu səbəbdən onları getdikləri yerə düşürməsinə imkan vermələrini xahiş etmiş, polis əməkdaşları isə ona icazə verməmişlər. Səbəbini isə onlardan soruşanda onun cinayətkar olduğunu bildirmişlər. Nə üçün onun cinayətkar adlandırdıqlarını polis əməkdaşlarından soruşanda, polis əməkdaşları ona sifətindən narkomana oxşadığını bildirmişlər. Bundan sonra o, cibindən telefonunu çıxarmış və çəkiliş apararaq ona dediklərini təkrarlamaqlarını istəmişdir. Polis əməkdaşları telefonunu cibinə qoymağını tələb etdikdən sonra o telefonunu şalvarının cibinə qoymuşdur. O, polis əməkdaşlarını söyməmiş, sadəcə avtomobilini sərnişləri düşürdükdən sonra aparmalarını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona avtomobildə olan sərnişinlərin onlar tərəfindən başqa taksi ilə yola salınmasını barədə təklif olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X8 idarəsinə bilavəsitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X3 ifadəsində bildirmişdir ki, 18.03.2022-ci il tarixdə Qala yolunda xidmətdə olan zaman “Kia Rio” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil, barəsində həbs qərarı olduğundan saxlanılmışdır. Bu zaman saxlanılma səbəbi sürücüyü izah edilmiş və avtomobilin müvafiq duracağa aparılacağı bildirilmişdir. Bu zaman sürücü, yəni Şəxs avtomobildə 2 qadın sərnişin olduğunu, onları Şağan qəsəbəsində düşürdükdən sonra avtomobili onlara verməsini xahiş etmiş, onlar isə ona narahat olmamasını və sərnişinlərin onlar tərəfindən lazımi yerə başqa taksi ilə yola salınacağını bildirmişlər. Bundan sonra Şəxs onlara tabe olmayaraq o, cinayətkar deyil, ona niyə cinayətkar kimi yanaşdıqlarını bildirmiş, bundan sonra telefonunu şalvarının cibindən çıxardaraq çəkməyə başlamış və çəkiliş apara-apara onu cinayətkar adlandırdıqlarını bildirmiş və avtomobili onlara təhvil verməmişdir. Avtomobili təhvil vermədiyinə və səs-küy saldığına görə məcbur olaraq polis patrul xidməti alayını çağırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X8 idarəsinə bilavəsitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X4 ifadəsində bildirmişdir ki, 18.03.2022-ci il tarixdə Qala yolunda xidmətdə olan zaman “Kia Rio” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil, barəsində həbs qərarı olduğundan saxlanılmışdır. Bu zaman saxlanılma səbəbi sürücüyü izah edilmiş və avtomobilin müvafiq duracağa aparılacağı bildirilmişdir. Bu zaman sürücü, yəni Şəxs avtomobildə 2 qadın sərnişin olduğunu, onları Şağan qəsəbəsində düşürdükdən sonra avtomobili onlara verməsini xahiş etmiş, onlar isə ona narahat olmamasını və sərnişinlərin onlar tərəfindən lazımi yerə başqa taksi ilə yola salınacağını bildirmişlər. Bundan sonra Şəxs onlara tabe olmayaraq o, cinayətkar deyil, ona niyə cinayətkar kimi yanaşdıqlarını bildirmiş, bundan sonra telefonunu şalvarının cibindən çıxardaraq çəkməyə başlamış və çəkiliş apara-apara onu cinayətkar adlandırdıqlarını bildirmiş və avtomobili onlara təhvil verməmişdir. Avtomobili təhvil vermədiyinə və səs-küy saldığına görə məcbur olaraq polis patrul xidməti alayını çağırmışlar. Şəxs avtomobilə əyləşən zaman isə ona əl atmış və formasını zədələmişdir. Məhkəmə proses iştirakılarını, şahid ifadələrini dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları, şahid ifadələri və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan MN ******* nömrəli 18.03.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 18.03.2022-ci il tarixdə BPİ-nin DYPİ-in YPXA-nın YPX inspektorlna tabesizlik göstərdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmişdir. İş materiallarında olan MN ******* nömrəli 18.03.2022-ci il tarixli qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 18.03.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 18.03.2022-ci il tarixdə saat 16:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.” Həmin Qanunun 3.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, Şəxs 18.03.2022-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması halı, məhkəmə iclasında verilmiş izahatlarla, şahid ifadələri və iş materialları ilə öz əksini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən “Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xəta törətmiş şəxs 18.03.2022-ci il tarixdə inzibati qaydada tutulmuş, onun barəsində tərtib edilmiş inzibati protokol isə 19.03.2022-ci il tarixdə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi inzibati xəta törətmiş şəxs inzibati qaydada tutularaq bir gün müddətində həbsdə saxlanılmışdır. Bu xüsusata münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib (onun 18.03.2022-ci il tarixdən 19.03.2022-ci il tarixədək inzibati qaydada qaydada tutulması nəzərə alınmaqla) barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclası zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №3(003)-457/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-457/2022
19.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver