Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-46/2024 17.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin inzibati xəta haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 şikayət ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək Xəzər rayon Polis İdarəsinin 1-ci PB-nin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EPQ seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-5389/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən şikayət aidiyyəti üzrə baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Xəzər rayon Polis İdarəsinin 01 PB-nin rəisi X6 tərəfindən 30 oktyabr 2023-ci il tarixində EPQ seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən fərdi sahibkar, (VÖEN: **********) Azərbaycan Respublikasının vətəndaşı, 04 pktyabr 1977-ci il təvəllüdlü, AA ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi, X5 28 oktyabr 2023-cü il tarixli EXP seriyalı ******* saylı protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində 80 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qəbul edilmiş həmin qərar maddi və prosessual hüquq normaları pozularaq qəbul edildiyi üçün hesab edir ki, həmin qərarın ləğv edilməsi, inzibati iş üzrə icraata xitam verilməsi üçün hüquqi əsaslar mövcuddur. Bildirmək istəyir ki, polis orqanı tərəfindən qəbul edilmiş EPQ seriyalı, ******* saylı qərar qəbul edilərkən sadəcə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinin tələblərinə istinad edilmiş, bu maddədə qeyd edilən halların qərarda öz əksini tapması təmin edilməmişdir. Belə ki, qeyd edilən 454-cü maddənin tələblərinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə - səksən manat məbləğində cərimə edilir. O, 13 mart 2014-cü il tarixində fərdi sahibkar qismində dövlət vergi orqanlarında qeydiyyata alınmışdır. Əsas fəaliyyət növü tikinti materiallarının satışıdır. Belə ki, təsərrüfat obyekti kimi Bakı şəhəri, Xəzər rayonu, Zirə ŞTQ, C.Əliyev küçəsində yol kənarında yerləşən təsərrüfat mağazası qismində **********-12001 təsərrüfat kodu ilə 12 avqust 2014-cıi ıl tarixində qeydiyyata alınmışdır. Qeyd edilən tarixdən inşaat materialları satan mağaza qismində fəaliyyət göstərdikləri halda ərizəçinin barəsində bir dəfə də olsun, o cümlədən qanunsuz, küçə ticarəti qismində belə inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Onlar üçün də maraqlıdır ki, polis orqanı tərəfindən qanunsuz küçə ticarəti adı altında barələrində protokol tərtib edilib daha sonradan qərar qəbul edilərkən küçə ticarətinə dair meyarların onlara necə tətbiq olunmasıdır. Yəni hazırki fəaliyyəti küçə ticarəti kimi necə tövsif edilə bilər. AR İnzibati Xətalar Məcəlləsinin 454cü maddəsinin dispozisiyasından da göründüyü kimi küçə ticarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) görülməsidir. Müvafiq icra hakimiyyəti orqanı dedikdə yerli icra hakimiyyəti orqanları başa düşülür. Maddənin tələbindən də göründüyü kimi küçə ticarəti müvafiq icra hakimiyyəti orqanları (yerli icra hakimiyyəti orqanları) tərəfindən icazə verilmiş yerlərdə malların - satılması və ya xidmətlərin göstərilməsini əhatə edir. Yəni bu ticarət növü bunun üçün xüsusi ayrılmış yerlərdə aparılır. Ancaq işdə olan materiallardan da göründüyü kimi X5 bilavasitə inşaat materiallarının və mallarının satışını bunun üçün təsərrüfat obyekti qismində dövlət qeydiyyatına alınmış mağazada həyata keçirtməkdədir. Bunun üçün malların satıldığı mağazada nəzarət kassa aparatı da quraşdırılmışdır. Yəni mağazada inşaat materiallarının pərakəndə satışı həyata keçirilməkdə, bunun üçün satılan mallara görə istehlakçılara kassa çeki təqdim edilməkdədir. Bunun küçə ticarəti kimi qiymətləndirilərək fərdi sahibkarın barəsində inzibati cərimə tətbiq edilməsi qəbul edilməzdir. İnşaat mallarının satıldığı mağazada bəzi malların mağazadan kənara yığılması mümkündür. Belə ki, mövcud işgüzar adətlərdən də göründüyü kimi bəzi inşaat materialları (armatur, qum və sement məhsulları, atsep, şeben, qrabil və s. bu kimi məhsullar) onun satıldığı mağazada yerləşdirilməməkdə, mağazanın yanında qurulan arakəsmələrdə və konstruksiyalarda yerləşdirilməkdədir. Çünki, fiziki olaraq adı qeyd edilən inşaat materiallarının mağazanın daxilinə yerləşdirilməsi mümkün deyildir. Bu səbəbdən belə bir hadisənin polis orqanları tərəfindən küçə ticarəti kimi qiymətləndirilməsi başadüşülən deyildir. Bəzi inşaat materiallarının mağazanın xaricində quraşdırılmış arakəsmələrdə və konstrusiyalarda yerləşdirilməsi küçə ticarəti kimi tövsif edilməməlidir. Hətta bildirmək istəyir ki, 10 ilə yaxın bir müddətdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi mağazanın səkiləri də fərdi sahibkar X3 vəsaiti hesabına abadlaşdırılmışdır. 10 ilə yaxın bir müddətdir ki, eyni ünvanda sahibkarlıq fəaliyyətini həyata keçirir, fərdi sahibkar X5 bir dəfə də olsun qanunsuz küçə ticarəti ilə məşğul olması ilə bağlı inzibati məsuliyyətə cəlb edilməmişdir. Polis orqanı tərəfindən mağazada həyata keçirilən sahibkarlıq fəaliyyətinin küçədə aparılması kimi qiymətləndirilərək inzibati xəta haqqında protokol tərtib edilməsi və bunun əsasında fərdi sahibkarın inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati cərimə tətbiq edilməsi polis orqanı tərəfindən qanunun tələbinin düzgün tövsif etməməsindən xəbər verir. Məhkəmə iclasında X5 şikayətini müdafiə edərək şikayətinin məzmununa oxşar izahat verərək onun təmin edilməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1ci Polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, şikayətə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş EPQ seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 80 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. -fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, X4 vergi orqanında qeydiyyata alınmaqla ********** VÖEN-i (X2 Nömrəsi) vardır. -Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********6 nömrəli arayışından görünür ki, X5, ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmışdır. Təsərrüfat subyektinin (obyektinin adı) : Tikinti materialları mağazasıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə - səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması, inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halları inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan ibarətdir. Şikayətə baxılması ilə bağlı araşdırılmış hallardan müəyyən olunur ki, şikayətçi, X5, Bakı şəhəri, Xəzər rayonu, Zirə ŞTQ, C.Əliyev küçəsində yol kənarı ünvanında yerləşən tikinti materialları mağazasını işlətməklə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Şikayətdən və məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də göründüyü kimi o, həmin mağazaya yerləşdirilməsi mümkün olmayan malları, uzun ölçülü taxtaları, sement torbaları və digər materialları mağazanın qarşısından keçən ikinci dərəcəli yolun sağ və sol kənarlarının bir hissəsinə yerləşdirmişdir. Şikayət ərizəsində qeyd edildiyi kimi həmin malların mağazaya yerləşdirilməsi mümkün olmaması səbəbindən satışı yol kənarına düzülməklə həyata keçirilir. Həmçinin malların yol kənarına yerləşdirilməsi barədə hər hansı bir icazəsi mövcud deyil. Məhkəmə, şikayətə baxılması ilə bağlı müəyyən edilmiş halları nəzərə alaraq hesab edir ki, şikayət əsassızdır. Belə ki, müəyyən olunur ki, X5 tərəfindən mallar onun fəaliyyət göstərdiyi mağazada deyil, mağazadan kənarda yerləşdirilməklə satışı həyata keçirilir. Ona görə də məhkəmə hesab edir ki, onun əməli düzgün tövsif olunmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh tətbiq edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv və ya dəyişdirilməsi üçün digər əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş EPQ seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar mövcud olmadığından şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş EPQ seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-46/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-46/2024
17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver