Məhkəmə qərarları › İş №3(003)-463/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-463/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-463/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında 00800-0052/22 nömrəli, 17 mart 2022-ci il tarixli protokola əsasən Şəxs MMC gömrük qanunvericiliyi ilə müəyyən olunmuş müvəqqəti, saxlanc xüsusi gömrük prosedurunun tələblərinə (müddətə), şərtlərinə riayət etməmiş, gömrük orqanının müəyyən etdiyi müddətin başa çatmasına baxmayaraq, malı geriyə qaytarmamış və ya malları digər bir gömrük proseduru altında yerləşdirməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi X2 göstərdi ki, Şəxs MMC-nin ünvanına Koreya Respublikasından göndərilən ümumi gömrük dəyəri 3370,83 manat, invoys dəyəri 1782,84 ABŞ dolları olan kosmetik vasitələr yükü 22 iyul 2021-ci il tarixdə **********6111 nömrəli gömrük bəyannaməsi əsasında 22 sentyabr 2021-ci il tarixədək müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilmişdir. Sonradan həmin yükün saxlanc müddəti Şəxs MMC-nin müraciəti əsasında 22 noyabr 2021-ci il tarixədək uzadılmışdır. Lakin, müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq qeyd olunan mallar Şəxs MMC tərəfindən rəsmiləşdirilməmiş və müvafiq gömrük proseduru altında yerləşdirilməmişdir. 10 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 115 ünvanında gömrük nəzarəti altında olan mallara gömrük baxışı keçirilərkən **********6111 nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilmiş mallar barəsində qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla sərəncam verildiyi müəyyən edilmişdir. Buna görə də, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrində göstərilən inzibati xətanı törətməsinə dair 00800-0052/22 nömrəli, 17 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs MMCnin barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs MMC gömrük qanunvericiliyi ilə müəyyən olunmuş müvəqqəti, saxlanc xüsusi gömrük prosedurunun tələblərinə (müddətə), şərtlərinə riayət etməmiş, gömrük orqanının müəyyən etdiyi müddətin başa çatmasına baxmayaraq, malı geriyə qaytarmamış və ya malları digər bir gömrük proseduru altında yerləşdirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olmuş 3370,83 manat dəyərində malların 30 (otuz) faizi, 1011,25 (min on bir manat iyirmi beş qəpik) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar