Məhkəmə qərarları › İş №3(003)-463/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-463/2024

19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-463/2024 19.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızınınn katibliyi ilə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmiş, məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta işə, inzibati xəta haqqında protokolu tərtib edən orqanın və barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, 00800-00148/24 saylı protokoldan görünür k, Şəxs MMC tərəfindən ümumi gömrük dəyəri 17 AZN, netto çəkisi 6 kq olan “sıxılmış və ya maye qazlar üçün qara metallardan tutumlar” adlı yük xx.xx.2022-ci tarixdə **********2803 saylı gömrük bəyannaməsi əsasında müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş və həmin yük Niderlanda göndərilmişdir. Yükün müvəqqəti ixrac müddəti xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq yük yeri geriyə qaytarılmamış və ya digər gömrük proseduru altında yerləşdirilməmişdir. Təsdiq olunmuş **********2803 saylı gömrük bəyannaməsinin 44-cü qrafasında müvəqqəti ixrac əməliyyatları zamanı malların geri qaytarılması barədə öhdəlik əks olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixdə təsdiq olunmuş 244 saylı “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi” qaydalarının 3.6-cı bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Hüquqi şəxs isə müvəqqəti ixrac gömrük prosedurunun tələblərinə, şərtlərinə riayət etməmiş, gömrük orqanının müəyyən etdiyi müddətin başa çatmasına baxmayaraq, malı digər gömrük proseduru altında yerləşdirməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -xx.xx.2022-ci il tarixli, **********2803 gömrük bəyannaməsinin surətindən görünür ki, göndərilmiş avadanlıqlar sıxılmış və ya maye qazlar üçün qara metallardan tutumlar: metal qas cylinders – 6 kq. (AA 6061 T6. PH 300 BAR.2017/03, AA 6061 T6. PH 300 BAR.2019/06). Qablaşdırma: taxta qutuya qablaşdırılmış 2 ədəd dəmir qablar, invoys dəyəri 10 manat, gömrük dəyəri 17 manat. Həmçinin həmin bəyannamənin 44-cü qrafasından görünür ki, hüquqi şəxs müvəqqəti ixrac əməliyyatları zamanı malların geri qaytarılması barədə öhdəlik daşıyıcısı olmuşdur. Barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs nümayəndəsi məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə ixrac olunan mal (ixrac bəyannaməsi əlavə olunur) xx.xx.2022-ci il tarixdə (idxal bəyannaməsi əlavə olunur) idxal olunaraq bu barədə rəsmi qaydada gömrük orqanına bəyannamə təqdim edilsə də gömrük orqanı həmin bəyannaməni malın göndərildiyi gömrük rejimi üzrə qeydiyyata almamışdır. İXM-nin 499-cu maddəsinin dispozisiyasından göründüyü kimi inzibati xəta tərkibinin yaranmasının şərti qismində Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan malların müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması çıxış edir. Təqdim olunan sübutlar onu deməyə əsas verir ki, tərəflərindən ixrac olunan mallar müəyyən olunmuş müddət ərzində ölkə ərazisinə qaytarılmışdır. Qeyd olunanları nəzərə alaraq, İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci (inizbati xəta hadisəsinin olmaması) və 51.1.2-ci (inizbati xəta tərkibinin olmaması) maddələri ilə başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Vəsatətə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, **********2495 nömrəli gömrük bəyannaməsindən görünür ki, “SGS Nederland B.V” tərəfindən Şəxs MMC-yə plastmasdan məlumatlar (Samples (WEGHT 2*2.7 kq.SİZE H-33 SM D-10SM), nümunə qoymaq üçün plastik qab. 1 bağlama 1 USD, 5 kq. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Şəxs MMC tərəfindən gömrük dəyəri 17 manat olan mallar geri qaytarılması əsası ilə müvvəqəti olaraq xx.xx.2022-ci il tarixdə ölkə ərazisindən kənara çıxarılmış (ixrac edilmişdir). Lakin həmin mallar 1 il gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamışdır. Belə ki, Şəxs MMC-nin nümayəndəsi xx.xx.2022-ci il tarixli, **********2495 nömrəli gömrük bəyannaməsini məhkəməyə təqdim etməklə iş üzrə icraata xitam verilməsini xahiş etsə, idxal edilən malların xx.xx.2022-ci il tarixli, **********2803 gömrük bəyannaməsi ilə həmin bəyannamə (təqdim edilmiş) müqayisə edildikdə görünür ki, ixrac olunan mallar 6 kq olmaqla sıxılmış və ya maye qazlar üçün qara metallardan tutumlar: “metal qas “cylinders””-dən ibarət olmuş, idxal olunan mallar isə 5 kq olmaqla plastmasdan məlumatlardan, nümunə qoymaq üçün plastik qablardan ibarət olmuşdur. Bununla da müəyyən edilir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinin tərkib əlamətləri mövcuddur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, barəsində inzibati icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs MMC-nin inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 20 faizi məbləğində, yəni 3,4 manat məbləğində inzibati cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 20 faizi miqdarında, yəni 3,4 (üç manat qırx qəpik) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar