Məhkəmə qərarları › İş №3(003)-465/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-465/2022

29.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-465/2022 29.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi, vəkil X1 iştirakı ilə barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında EP seriyalı ******* nömrəli, 15 mart 2022-ci il tarixli protokola əsasən Şəxs MMC 60000 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 14 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödəniş aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, 60000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi, vəkil X2 etiraz ərizəsi təqdim edərək bildirdi ki, inzibati xəta haqqında protokolda barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə hüquq və vəzifələrin izah edilməsi ilə bağlı qeyd aparılmamışdır. Həmin protokolun surətinin barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə təqdim edilməsi ilə bağlı iş materiallarında sübut mövcud deyildir. Halbuki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin protkolun surətini almaq hüququ vardır. Bundan başqa Şəxs MMC ilə Çin Respublikasında fəaliyyət göstərən YİWU QİNGSU İMPORT CO.LTD şirkəti arasında 22 dekabr 2019-cu il tarixdə Çin Respublikasında istehsal edilən elektrik malların alınması üçün müqavilə bağlanmış və həmin müqavilənin şərtlərinə uyğun olaraq şirkətə 60000 ABŞ dolları vəsait göndərilmişdir. Lakin müqavilə bağlanan ilk vaxtlar dünya üzrə hökm sürən Koronavirus (COVİD 19) pandemiya dövrünə təsadüf etdiyindən, həmin vaxtdan hər iki respublikada uzun müddətli xüsusi karantin rejimləri tətbiq edildiyindən müqavilə üzrə Satıcı tərəf olan şirkət fəaliyyət göstərmədiyindən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməmişdir. Bu əsasla da, tərəflər arasında 09 sentyabr 2021-ci il tarixdə 22 dekabr 2019-cu il tarixli, 22.1/12-AZ nömrəli alqı-satqı müqaviləsinə əlavə razılaşma № 1 bağlanmışdır. Həmin razılaşmaya əsasən tərəflər arasında bağlanmış 22 dekabr 2019-cu il tarixli müqavilənin müddəti 30 iyun 2022-ci il tarixədək uzadılmış və hazırda həmin müqavilənin müddəti tamamlanmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş protokol qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmədiyindən, habelə onun təmsil etdiyi hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilmədiyini qeyd edərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, protokol düzgün tərtib olunmadığından və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş EP seriyalı ******* nömrəli, 15 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinə hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı müvafiq qeyd aparılmamış, həmin protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə təqdim edilməsi ilə bağlı hər hansı bir sübut iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında protokol və digər sənədlər Azərbaycan Respublikasının Mərkəzi Bankına geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar