Məhkəmə qərarları › İş №3(003)-467/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-467/2024

23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-467/2024 23.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Protokolu tərtib etmiş şəxs, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə rəisi, polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Naxçıvan MR-nın Culfa rayonunun Xoşkeşin kəndində doğulmuş, subay, 2 azyaşlı uşağı olan, ticarətlə məşğul olar, Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X7 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə rəisi, polis mayoru X7 bildirdi ki, xx.xx.2024-cü il tarixdə inzibati ərazidə xidmətdə olarkən Binə qəsəbəsində “Şam bağı” restoranın yaxınlığında yerləşən Şəxs işlətdiyi meyvə-tərəvəz mağazasının yanında iki nəfərin bir-biri ilə mübahisə etdiyini, bir-birini təhqir etdiyi görmüş və mübahisənin böyüdüyünü görüb köməyə xidmətdə olan əməliyyat qrupunu çağırmışdır. Əməliyyat qrupu gələndən sonra hadisə yerinə yaxınlaşmışdır. Hadisə yerində Şəxs ilə sərxoş halda olan X3 mübahisə etdiyini, birbirilərinə qarşı söyüş söydüklərini görmüşlər. Hadisənin baş verməsinə səbəb isə X5 tərəfindən içkili vəziyyətdə zibil qutusunun Şəxs işlətdiyi meyvə-tərəvəz mağazasının qarşısına qoyması, buna görə Şəxs tərəfindən ona irad bildirməsi olmuşdur. X2 zibil qutusunun Şəxs işlətdiyi mağazanın qarşısına qoymasının səbəbi soruşulduqda bunun nə üçün etdiyini bilmədiyini, içkili olduğunu bildirmişdir. Hadisə yerində onları sakitləşməyə çalışmışlar, etdikləri hərəkətlərin qanun pozuntusu olduğu bildirmişlər. Polis şöbəsinə dəvət etdikdə birinci etiraz etmişlər, sonra tərbiyəvi söhbətlər etdikdən sonra sakitləşərək polis avtomobilinə əyləşmişlər. Bundan sonra polis şöbəsinə gətirmişlər və digər şəxsin sərxoş olduğu müəyyən edilmişdir. X1 hərəkətləri nəticəsində baş versə də Şəxs yolun kənarında, oradan keçən sakinlərin yanında söyüş söyməklə ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə bir neçə şəxs zibil qutusunun gətirib işlətdiyi meyvə-tərəvəz mağazanın qarşısına qoyub qaçdıqlarını görmüş, çölə çıxıb həmin şəxsləri çağırmışdır. Həmin şəxslər geri qayıtdıqda bu barədə öz iradını bildirmiş, zibil qutusunun təyin olunmuş yeri olduğu və həmin yerə qoymasını tələb etmişdir. Onlar isə bu hərəkətlə zarafat etdiklərini bildirmişlər və zibil qutusunun yerinə qoymaqdan imtina etmişlər və onunla mübahisə etməyə başlamışlar. Zibil qutusunu içkili olan Bəxtiyar adlı şəxs qoymuşdur. Həmin şəxsləri tanımır, həmin şəxslər içkili olmuşlar. Bəxtiyar adlı şəxs ona qarşı nəlayiq ifadələr işlətməyə başlamış, birinci içkili olduğundan fikir verməmiş, sonra isə məcbur olaraq qarşılıq vermiş və özü də onu söymüşdür. Həmin şəxsin mübahisənin davam etdirməsinə görüb, yol kənarında olduqlarından işlətdiyi mağazasının yan tərəfində olan boşluq sahəyə çəkmiş və orada mübahisəni davam etdirmişlər. Hadisə yerinə polis əməkdaşları gəldiyindən mübahisə böyüməmişdir. O, polis əməkdaşlarına qarşı tabesizlik göstərməmiş, üzərində olan mağazanın açarını avtoyumada işləyən şəxsə verib könüllü olaraq polis şöbəsinə getmişdir. Bəxtiyar adlı şəxsin yanında başqa iki nəfər olmuş, həmin şəxslər Bəxtiyarı sakitləşdirməyə çalışmışlar. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, seriya MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Binə qəsəbəsində X5 ilə mübahisə edərək birbirini təhqir etmişlər və polisin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 8.2 və 8.3-cü maddəsin əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddənin tərkibini yaradır. İşin məhkəmə iclasında araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Binə qəsəbəsində baş vermiş hadisədə iştirak etmiş digər şəxs (X5) Şəxs işlətdiyi meyvə-tərəvəz dükanının qarşısına zibil qutusunu qoyması səbəbi sonuncu tərəfindən soruşulduqdan sonra X5 onun üzərinə gedərək təhqiredici ifadələr işlətmiş, bundan sonra Şəxs da ona qarşı təhqiredici ifadə işlətmişdir. Odur ki, məhkəmə X3 qanuna zidd əməlləri nəticəsində cərəyan etmiş hadisə zamanı və təhqir olunmasından sonra Şəxs, onu təhqir edən şəxsə qarşı təhqiredici ifadə işlətməsi barədə əməli məhz onun tərəfindən ictimai qaydanın kobud surətdə pozulmaqla xırda xuliqanlıq kimi tövsif edilməsini əsaslı hesab etmir. Belə ki, iş materialarından da göründüyü kimi hadisə məhz X3 qanunsuz hərəkətləri nəticəsində baş vermiş, Şəxs hadisə zamanı ictimai qaydanı pozmaq niyyəti olmamış, yəni onun qəsdi ictimai qaydanın pozulmasına deyil məhz özünün və şəxsiyyətinin qorunmasına yönəlmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən olunmur. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətlərinin olması da sübuta yetirilmir. Belə ki, Şəxs tərəfindən polisin qanuni tələblərinə əməl etməməsi göstərilsə də, bu hal işin məhkəmə iclasında araşdırılmış hallarından müəyyən olunmur. Protokolu tərtib etmiş şəxsin və Şəxs izahatlarından da görünür ki Şəxs tərəfindən polis nəfərlərinə qarşı tabesizlik olmamış və o, könüllü olaraq polis avtomobilinə əyləşərək polis şöbəsinə aparılmışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin də tərkib əlamətlərinin olması sübuta yetirilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 53.2-ci maddəsin əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar