Məhkəmə qərarları › İş №3(003)-475/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-475/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-475/2023 15.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş 15 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Şirvan şəhər Məhkəməsinin 2(032)537/2013 saylı 18 iyul 2013-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması Şəxs hər ay hər 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub X5 ödənilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-618/2021 saylı icra sənədinə əsasən Şirvan şəhər Məhkəməsinin qətnaməsi ilə təyin edilmiş aliment 170 manat miqdarında artırılmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-618/2021 saylı icra sənədinə tam icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, borclu icra şöbəsinə dəvət olunmuş və izahatı alınmışdır. Borclu izahatında borcunu işləmədiyi və maddi imkanı olmadığı üçün ödəyə bilməmiş, lakin vaxt verilərsə ödəyəcəyini bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər tam icra etməmişdir. Hal-hazıra qədər borclunun tələbkara icra vərəqəsi üzrə borcu 3000 manat təşkil edir. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X6 izahatında bildirdi ki, o, borcluya borcundan ödəniş etmək üçün dəfələrlə müraciət etmiş, lakin borclu borcundan indiyə qədər ödəniş etməmişdir. Bütün bunları nəzərə alaraq borcunun tam ödətdirilməsinə köməklik göstərilməsini və borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, hazırda işləmədiyi üçün maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı icra vərəqəsi üzrə borcunu tam ödəyə bilmir. Borcu ödəməyin onun vəzifəsi olduğunu bilir, lakin maddi çətinlikləri borcunu ödəməyə hələlik imkan vermir, ona bir qədər müddət verilərsə, borcunu hissə-hissə ödəyə biləcəkdir. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində borc məbləğini ödəməyə cəhd göstərməmiş, həmin borcu ödəməkdən müxtəlif bəhanələrlə indiyə qədər yayınmışdır. Borcun ödənilməməsinin borclunun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq ona təqsirləndirildiyi maddə üzrə inzibati həbs tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun tam ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs övündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 15 fevral 2023-cü il tarixdən saat 16:15-dən hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar