Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-486/2025 08.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, X1, Protokol tərtib etmiş şəxs Xəzər rayon DYPŞ-nin yol patrul xidməti inspektoru X8, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs Xəzər rayon DYPŞ-nin polis mayoru X5 iştirakları ilə, Xəzər rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X9 şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Xəzər rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, o, X3 Polis əməkdaşının İXP6633563 saylı 19 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini yazılı ərizə ilə məhkəmədən xahiş edir. Qeyd olunan protokol xx.xx.2024 tarixində yaradılsa da qanuna zidd olaraq xx.xx.2024-cü il tarixində qərar qəbul edilmişdir. Qarşı tərəf hadisə zamanı heç bir protokol təqdim etməmişdir. Cərimənin qərar verilmə tarixi xx.xx.2024-cü il tarixi olduğu üçün o, bu tarixdən sonra qərar verildiyini elekton formada öyrənib Azrərbaycan Baş Prokurorluğuna yazılı ərizə ilə şikayətini bildirmişdir. xx.xx.2024-cü il tarixində Mərdəkan ərazisində dövlət yol polisi əməkdaşı idarə etdiyi Nissan Sunny **-BM-*** dövlət nömrə nişanlı avtobomili saxladı. Həmin polis əməkdaşının üzərində heç bir qeydiyyatçı cihaz yox idi. Özünü təqim etdikdən sonra ona qayda pozduğunu bildirdi. O, həmin polis əməkdaşına qeyd etdiyi xətanın əsassız olduğunu və tərtib edəcəyi protokoldan şikayət edəcəyini bildirdi. Polis əməkdaşı ona avtomobili tərk etməyini və polis avtomobilinə yaxınlaşmağını bildirdi. O, etiraz etsə də israrla yaxınlaşmağını bildirdi. Düşündü ki, ona hər hansısa bir sübut göstərəcək bunun üçün o, avtomobildən düşdü. Polis maşınına yaxınlaşdı. O öz avtomobilindən düşərkən polis xidməti avtomobilinə əyləşdi və ona qərarsız protokol tərtib etdiyini və kobud formada nə istiyirsən elə kimi sözlər işlədərək gedə biləcəyini bildirdi. Həmin an 102 qaynar xəttinə müraciət edib şikayətini bildirdi. Daha sonra dəfələrlə müraciət etmiş, lakin heç bir geri dönüş olmamışdır. Protokol üzrə 100 Azn məbləğin üzərinə 23 Azn dəbbə məbləği hesablanmışdır. Daha çox dəbbə məbləği olmaması üçün həmin məbləği ödəmişdir. Bu məbləğin ona qaytarılmasını tələb edir. Və bu Qanun pozuntusunu edən polis əməkdaşını ən ağır şəkildə cəzalandırılmasını tələb edir. Bundan əlavə olaraq ona dəymiş maddi və mənəvi zərərin təzminatını tələb edir. Məhkəmə iclasında X9 şikayətini müdafiə edərək şikayətinin təmin olunmasını xahiş etdi və şikayət ərizəsinə uyğun izahat verdi. Əlavə olaraq qeyd etdi ki, yol-patrul xidmətinin maşını təxmini olaraq 200 metr aralıda saxlamışdır və həmin məsafədən onu görməsi mükün ola bilməzdi. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Xəzər rayon DYPŞ-nin yol patrul xidməti inspektoru X11 şikayəti qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, inzibati xətanın görüntülərini əks etdirən cihaza baxmaq mümkün deyil, çünki xidməti avtomobil digər avtomobillə əvəz edilmişdir. Təhlükəsiz Şəhər kamerasında görüntü müddəti keçdiyinə görə qalmayıb. Xətanın üzərindən altı aydan çox vaxt keçmişdir. Bundan başqa inzibati xəta hadisəsini onlar vizual olaraq görmüşlər. Xətanın baş vermə yeri ilə onların dayandıqları yeri arasında məsafə 200 metr deyil daha az olmuşdur. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs Xəzər rayon DYPŞ-nin polis mayoru X10 şikayəti qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, şəxsin qərardan şikayət vermə müddəti ötmüşdür. O, cəriməni də ödəmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Xəzər rayon DYPŞ-nin yol patrul xidməti inspektoru X11 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X9 nəqliyyat vasitəsi ilə yolayrıcını keçmə qaydalarını pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -Xəzər rayon DYPŞ-nin polis mayoru X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. -Portaldan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə cərimə X9 tərəfindən tam şəkildə ödənilmişdir. -X9 tərəfindən inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət verilmiş və məhkəmə tərəfindən vəsatət təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz; -12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; -17-ci maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. -76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; -327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir. -135.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halları inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan ibarətdir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, şikayətin əsaslığına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş (baxmayaraq ki, şikayətçiyə bu barədə məhkəmə tərəfindən şərait yaradılmış), mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Xəzər rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyil. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Xəzər rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-486/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-486/2025
08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver