Məhkəmə qərarları › İş №3(003)-49/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-49/2021

01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-49/2021 01.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin 22 oktyabr 2020-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsinə və Agentliyin Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin müdiri X6 inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə 10 noyabr 2020-ci il tarixli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair S.Qurbanova tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin 22 oktyabr 2020-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi və Agentliyin Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin müdiri X6 inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə 10 noyabr 2020-ci il tarixli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X10 Departamenti tərəfindən 27 dekabr 2017-ci il tarixdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydiyyata alınmış və ********** nömrəli VÖEN verilmişdir. 25 yanvar 2018-ci il tarixdə Samirə Qurbanovaya məxsus Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi ev 14, 3-cü giriş, 1-ci mərtəbədə yerləşən «Vkusnyaşka» təsərrüfat obyekti kimi həmin Departament tərəfindən olduğu yer üzrə uçota alınmışdır. 09 oktyabr 2020-ci il tarixdə Samirə Qurbanova səhhəti ilə əlaqədar «Vkusnyaşka» təsərrüfat obyektində olmadığı vaxtda Azərbaycan Respublikası X2 Bakı Regional bölməsinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xətai rayon şöbəsinin əməkdaşları tərəfindən obyektin işçilərinə monitorinq keçirildiyini bildirərək «Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərinə tənzimlənməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarı ilə adambaşına müəyyən edilən sıxlıq normaların (oturacaqların ara məsafəsi eyni massa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır) pozulması barədə nömrəsiz akt tərtib edilmişdir. 22 oktyabr 2020-ci il tarixdə X2 Bakı Regional bölməsinin rəisi X8 MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxararaq X3 barəsində 3000 manat məbləğində inzibati cərimə tətbiq etmişdir. Həmin qərardan Samirə Qurbanova yuxarı səlahiyyətli orqana şikayət vermiş, lakin Agentliyin qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin müdiri X6 10 noyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə şikayəti təmin edilməmiş və 22 oktyabr 2020-ci il tarixli qərar qüvvədə saxlanılmışdır. Hesab edir ki, hər iki qərar qanunsuzdur. Belə ki, 09 oktyabr 2020-ci il tarixli nömrəsiz akt «Vkusnyaşka» təsərrüfat obyektində tərtib olunsa da, yoxlama nə Samirə Qurbanovanın, nə də təsərrüfat obyektinin digər vəzifəli şəxsinin iştirakı ilə aparılmamış, monitorinqdən qabaq yoxlamağa hüquq verən sənəd təqdim edilməmiş, pozuntuların nədən ibarət olduğu dəqiq göstərilməmiş və işə əlavə olunan şəkillə əlaqədar obyektin işçilərinin izahatları qeyd olunmamışdır.Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında protokol sonradan təsərrüfat obyektindən kənarda tərtib olunmuşdur. Bundan başqa təsərrüfat obyektində 4 nəfər müştəri ara məsafəsi saxlamamışdır ki, işçilər bu müştəriləri görə bilmirlər. Kafenin işçisi Emin Hətəmov həmin müştərilərə ara məsafəsi gözləməsini bildirmiş və onlar ara məsafəsi saxlamışlar. Lakin işçi mətbəxə keçəndən sonra həmin müştərilər yenə də, ara məsafəsini pozmuşlar. Həmin müştərilər qardaşı və qohum olublar. Buna baxmayaraq müştərilər dindirilməmişlər. Qeyd olunanlara əsasən şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin MN ******* nömrəli, 22 oktyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının və Agentliyin Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin müdiri X6 inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə 10 noyabr 2020-ci il tarixli qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti əsassız olduğundan rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22.04.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin etibarnamə əsasında nümayəndəsi X4 şikayəti əsassız hesab edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış şikayətçi məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə şikayətçi və ya onun nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərtib edilmiş 09 oktyabr 2020-ci il tarixli aktdan görünür ki, 09 oktyabr 2020-ci il tarixdə X2 Bakı Regional bölməsinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xətai rayon şöbəsinin əməkdaşları tərəfindən şikayətçiyə məxsus Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 14, 3-cü giriş, 1-ci mərtəbədə yerləşən «Vkusnyaşka» ictimai iaşə obyektində keçirilmiş monitorinq zamanı ictimai iaşə obyektində karantin rejimi qaydalarının bir sıra tələblərinin pozularaq masalar arası məsafə 2 metr, stullar arası məsafənin 1 metr olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş MN seriyalı ******* nömrəli, 09 oktyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X5 tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi pozulmuşdur. Buna görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş X2 Bakı Regional bölməsinin rəisi X8 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 22 oktyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki,X5 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb kimi inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə göstərilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə 06 iyul 2020ci il tarixli qərarında qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmaması qeyd edilmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikası X2 Bakı Regional bölməsinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xətai rayon şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq zamanı şikayətçiyə məxsus Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 14, 3-cü giriş, 1-ci mərtəbədə yerləşən «Vkusnyaşka» ictimai iaşə obyektində keçirilmiş monitorinq zamanı ictimai iaşə obyektində karantin rejimi qaydalarının bir sıra tələblərinin pozularaq masalar arası məsafə 2 metr, stullar arası məsafənin 1 metr olmadığı müəyyən edilmişdir. Qeyd edilən pozuntu ilə bağlı müvafiq akt tərtib edilmiş, həmin akt əsasında isə S.Qurbanova barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında həmçinin inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin (Nümayəndə) protokol tərtib edilərkən həmin orqanın səlahiyyətli nümayəndəsi olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası X2 17 oktyabr 2018-ci il tarixli, Ü-065 nömrəli Əmri ilə Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı təsdiq edilmişdir.Həmin əmrlə inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti müəyyən edilən vəzifələr sırasında “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi regional bölmələrin məsləhətçisi” qeyd edilməmiş, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi regional bölmələrdən yalnız rəhbərlərə belə bir səlahiyyət verilmişdir. Məhkəmə araşdırılması zamanı hazırki iş üzrə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin (Nümayəndə) protokol tərtib edilərkən məsləhətçi vəzifəsində işlədiyi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, 09 oktyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən “İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir.” Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib edilmiş 09 oktyabr 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş aidiyyəti sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X3 barəsində Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib edilmiş 09 oktyabr 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş aidiyyəti sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinə geri qaytarılmalıdır. Qərardaddan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar