Məhkəmə qərarları › İş №3(003)-505/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-505/2022

22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-505/2022 22.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, zərərçəkmiş şəxslər Şahid1 və Şahid2 iştirakları ilə Şəxs 26 mart 1991-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, bir azyaşlı uşağı olan, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, yeni yaşayış massivində yaşayan haqqında Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 24 mart 2022-ci il tarixli protokola əsasən Şəxs 09 mart 2022-ci il tarixdə, saat 07:20-də idarə etdiyi «X1» minik markalı, **- CB-*** dövlət nömrə nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Rəhim Allahverdiyev tərəfindən 15 mart 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur və aylıq 450-500 manat gəlir əldə edir. Himayəsində arvadı və bir azyaşlı uşağı vardır. 09 mart 2022-ci il tarixdə, saat 07:20-də idarə etdiyi «X1» minik markalı, **-CB-*** dövlət nömrə nişanlı avtomobillə Binə qəsəbəsində bir qadın və bir kişi sərnişin əyləşdirib Binə qəsəbəsi istiqamətində sağdan birinci zolaqla hərəkətdə olmuşdur. Bu zaman bir anlıq yuxulayaraq idarəetməni itirib avtomobillə yolun sağ kənarında dayanmış vəziyyətdə olan «Opel» markalı avtomobilin arxa hissəsindən vurmuşdur. Zərbənin təsirindən «Opel» markalı avtomobil sürüşərək dayanmış vəziyyətdə olan «Mercedes» markalı arxa hissəsinə dəymişdir. Hadisə vaxtı onun avtomobilində olan sərnişinlər xəsarət almadıqlarını bildirsələr də, sonradan adının Elvin olduğunu bildiyi şəxsə zəng edib onun səhhəti ilə maraqlanarkən xəsarət aldığını demişdir. O, da, Xəzər rayon Polis idarəsindən qayıtdıqdan sonra ona köməklik göstərmişdir. Avtomobillərə dəymiş ziyanı isə sığorta şirkəti tərəfindən ödənilmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, anasının 26 mart 2022-ci il tarixdə vəfat etdiyini, işinin sürücülük vəsiqəsindən asılı olduğunu və ailəyə qazanc gətirən yeganə şəxs olduğunu bildirərək məhkəmədən cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Şahid1 göstərdi ki, 09 mart 2022-ci il tarixdə, saat 07:20-də arvadı Şahid2 ilə birlikdə işə getmək üçün Binə qəsəbəsində «X1» minik markalı, **-CB-*** dövlət nömrə nişanlı avtomobilə əyləşmişlər. O, qabaq oturacaqda, arvadı isə arxa oturacaqda oturmuşdur. Binə qəsəbəsi istiqamətində hərəkətdə olarkən «X1» minik markalı avtomobil idarəetməni itirib yolun kənarında dayanmış «Opel» markalı avtomobilin arxa hissəsindən dəymişdir. Zərbənin təsirindən «Opel» markalı avtomobil sürüşərək dayanmış vəziyyətdə olan «Mercedes» markalı arxa hissəsinə dəymişdir. Hadisə vaxtı xəsarət aldığını hissə etməsə də, sonradan xəsarət aldığını bilib həmin günü günorta həkimə müraciət etmiş və evdə müalicə almışdır. Arvadı Nigar isə xəsarət almamışdır. Şəxs qarşı şikayətinin olmadığını və ona cəza təyin edilməsini istəmədiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Şahid2 zərərçəkmiş şəxs Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdi. Əlavə olaraq Şəxs qarşı şikayət və tələbinin olmadığını və ona cəza təyin edilməsini istəmədiyini bildirdi. Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Xəzər RPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs Şahid1 sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 10 mart 2022-ci il tarixli, 254 nömrəli rəyinə əsasən Şahid1 bədəni üzərində aşkar edilmiş xəsarətlər 09 mart 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül zərərvurmaya aiddir. Məhkəmə Şəxsin əməlini etiraf etməsini, səmimi peşmançılığını, bir azyaşlı uşağının olmasını, anasının vəfat etməsini, zərərçəkmiş şəxs Şahid1 şikayətinin olmamasını, zərərçəkmiş şəxs Şahid2 şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxsin məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, işinin sürücülük vəsiqəsi ilə bağlı olduğunu və ailəyə qazanc gətirən yeganə şəxs olmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar