Məhkəmə qərarları › İş №3(003)-513/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-513/2025

07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-513/2025 07.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, Polisin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə X1 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, müəyyən etdim: X1 şikayət ərizəsi ilə müraciət edərək, hazırkı iş üzrə EQ25534890 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025 -cü il tarixli qərardan Azərbaycan Respublikası Baş X3 İdarəsinə xx.xx.2025-ci il tarixdə verdiyi şikayətə Bakı şəhər BPİ DYPİ-nin polis əməkdaşı Aslan Rəhimov tərəfindən baxılması nəticəsinə dair müvafiq qərarın, o cümlədən də hadisənin görüntülərinin elektron daşıyıcında surətinin ona verilməməsinin qanunsuz hesab edilməsi, EQ25534890 nömrəli protokol üzrə xx.xx.2025-ci il tarixli qərardan Baş X3 İdarəsinə xx.xx.2025-ci il tarixdə verdiyi şikayətə Bakı şəhər BPİ DYPİ-nin polis əməkdaşı Aslan Rəhimov tərəfindən baxılması nəticəsinə dair müvafiq qərar qəbul edilmişdirsə həmin qərarın surətinin ona verilməsinin təmin edilməsi, onunla baglı İnzibati xəta hadisəsi görüntülərinə baxış keçirilməsinin təmin edilməsi, EQ25534890 nömrəli protokol üzrə xx.xx.2025 -ci il tarixli qərardan Baş Dövlət Yol Polisi İdarəsinə xx.xx.2025-ci il tarixdə verdiyi şikayətə Bakı şəhər BPİ DYPİ-nin polis əməkdaşı Aslan Rəhimov tərəfindən xx.xx.2025-ci il tarixdə baxılması nəticəsinə dair onun ziyanına müvafiq qərar qəbul edilmişdirsə həmin qərarın ləğv edilməsi, barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi, barəsində xx.xx.2025-ci il tarixli qərardan verdiyi şikayətə qanunla müəyyən edilmiş qaydada baxılmamışdırsa həmin şikayətinə baxılaraq EQ25534890 nömrəli protokol üzrə xx.xx.2025-ci il tarixli qərarın ləgv edilməsi, barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi araşdıraraq hesab edirəm ki, hazırki şikayətə məhkəmədə baxılması mümkün olmadığından geri qaytarılmalıdır. Belə ki, şikayətin təsviri, əsaslandırıcı və nəticə hissələrinə nəzər yetirilən zaman şikayətlə müxtəlif tarixli qərarların mübahisələndirildiyi, həmçinin inzibati orqanın hərəkətsizliyinin qanunsuz hesab edilməsinni xahiş olunması görünür. Ümumiyyətlə şikayətçinin tələblərinin müxtəlif tarixlərdə baş vermiş inzibati xəta haqqında qərarları mübahisələndirməsi kimi başa düşülür ki, həmin tələblərə eyni icraatda baxılması mümkün deyildir. Belə ki, qanunvericiliyə uyğun olaraq inzibati qərarlardan şikayət inzibati xətanın törədildiyi və ya şikayət verən şəxsin vəsatətinə əsasən yaşadığı yer üzrə, kollegial orqanın qərarından məhkəməyə verilən şikayət və ya protest - birbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilə bilər. Göründüyü kimi, şikayət formal mülahizələrə əsaslandırmaqla, şikayətçinin tələbi konkret deyildir. Bundan başqa Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, X1 ünvan 1 ünvanında qeydiyyatdadır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi qanunvericilik inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest vermək hüququnu müəyyən etmişdir. Hazırki iş üzrə şikayətçinin tələbi inzibati tənbeh vermə haqqında qərar, həmçinin həmin qərar üzrə verdiyi şikayətlə bağlı vəzifəli şəxs tərəfindən qərar qəbul edilmişdirsə həmin qərarların ləğv edilməsi və barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verdiyi müvafiq yuxarı səlahiyyətli orqanın bu şikayətin araşdırması ilə bağlı hərəkətsizliyindən ibarətdir. Bu hal isə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, göründüyü kimi inzibati xətalara dair qanunvericilik vəzifəli şəxs tərəfindən qəbul olunmuş qərarlardan şikayətlərə baxılması qaydasını nəzərdə tutmuşdur. Həmçinin şikayət verən şəxs tərəfindən həmin qərarların surəti də ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.4 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı işin icraatını rədd edən hallar mövcudluğunu, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 tərəfindən verilmiş şikayətə inzibati xətalara dair işlər qaydasında baxılması mümkün deyil. Bu səbəbdən şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126, 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati tənbeh vermə haqqında qərarın, həmçinin həmin qərar üzrə verdiyi şikayətlə bağlı vəzifəli şəxs tərəfindən qərar qəbul edilmişdirsə həmin qərarın ləğv edilməsi və barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verdiyi müvafiq yuxarı səlahiyyətli orqanın bu şikayətin araşdırması ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə X1 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və və protesti verilə bilməz. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar