Məhkəmə qərarları › İş №3(003)-514/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-514/2022

28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-514/2022 28.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Cilov adasında bağban işləyən, Zəngilan rayonunun Babaylı kəndində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu Muxtarov qəsəbəsi 9-cu mədən fərdi evdə yaşayan Şəxs barəsində Bakı şəhəri BPİ X4 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Bakı şəhəri BPİ DYPİ-nin yol-patrul xidməti baş inspektoru polis kapitanı X1 tərəfindən 11 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 mart 2022-ci il tarixdə “Chevrolet Captiva” minik markalı **-RG-*** qeydiyyat nişanlı avtomobili sərxoş halda avtomobili idarə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, tərtib olunan protokolda onun sərxoş olmadığı halda əsassız olaraq nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməyi (İXM-nin 333.1-ci maddəsi) qeyd olunmuşdur. İlk dəfə polis tərəfindən sorğu-sual edildiyi üçün həyəcanlı olmuşdur. Polis əməkdaşları spirtli içkidən istifadə edib-etmədiyini soruşduqları zaman 08.03.2022-ci il tarixdə “Go” adlı energetik içki içdiyii bildirmişdir. O, ümumiyyətlə, spirtli içkidən istifadə etmir, çünki istifadə etdiyi zaman özünü idarə edə bilmir. Daha sonra polis əməkdaşları tərəfindən diktə edilən izahatı yazmışdır. Son olaraq isə, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolu oxumadan imzalamışdır. Hal-hazırda protokolu əldə edə bilmədiyi üçün ona istinad edə bilmir. Hadisədən dərhal sonra bu barədə yaxınlarına məlumat vermişdir. Yaxınlarının məsləhəti ilə elə həmin gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloyi Mərkəzi” X3 10.03.2022-ci il tarixli, 2/4103 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə Protokolunu əldə etmişdir. Protokolun məzmunundan da göründüyü kimi nəqliyyat vasitəsini idarə edərkən sərxoş vəziyyətdə olmamışdır. Həmin protokol ilə polis şöbəsinə yaxınlaşıb inzibati xəta haqqında protokolun ləğv edilməsini istəsə də, polis əməkdaşları protokolun inzibati icraata başlamaq məqsədi ilə məhkəmə orqanına göndərildiyini bildirmişlər. Baş vermiş hadisə ilə bağlı qeyd edir ki, o təqsirsizdir, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməmiş, iş üzrə toplanmış sənədlərdən də göründüyü kimi təqsirini sübut edəcək mötəbər dəlil yoxdur, əksinə təqsirsizliyini sübut edən tibbi müayinə protokolu mövcuddur və yuxarıda qeyd olunan normadan da göründüyü kimi, inzibatı məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr həmin şəxsin xeyrinə həll olunur. Belə ki, ilk dəfə polis əməkdaşları tərəfindən sorğu-sual edildiyi üçün həyəcanlı olmuş və həmin izahat ona polis əməkdaşları tərəfindən diktə edilmişdir. Bu səbəbdən də təqsirli olması ilə bağlı şübhələr onun xeyrinə təfsir olunmalıdır. Etiraf formada izahat yazdığı üçün səhv etmişdir, hərəkətlərində inzibati xəta tərkibi yoxdur, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan 10 mart 2022-ci il tarixli Sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisindən görünür ki, Şəxs alkoqol sərxoşluğu 0,556 promil olması (saat 09:48) aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 10 mart 2022-ci il tarixli, 2/4103 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğu 0,00 promil və ayıq olması (saat 16:02) aşkar edilmişdir. İş materiallarına olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, həmin protokolda Şəxs “bir ədəd spritli içki “GO” içmişəm, həkimə getməyə ehtiyac yoxdur” sözlərini qeyd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 10 mart 2022-ci il tarixdə tarixdə “Chevrolet Captiva” minik markalı **-RG-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Mərdəkan qəsəbəsində hərəkətdə olarkən saxlanılmış, onun içkili olubolmamağını üçün “alkotester” adlanan aparatla yoxlanılmış, yoxlama zamanı sərxoş halda avtomobili idarə etməsi məlum olmuşdur. Bundan sonra, protokola “bir ədəd spritli içki “GO” içmişəm, həkimə getməyə ehtiyac yoxdur” sözlərini qeyd etmişdir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs sonradan saat 16:02-də Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”nə müraciət etmiş və müayinədən keçmiş və ayıq olması aşkar edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində tərtib edimiş 11 mart 2022-ci il tarixli, İXP ******* saylı protokol əsaslıdır. Belə ki, sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisində Şəxs sərxoş olması müəyyən edilmişdir. Eyni zamanda Şəxs özü içkili olduğunu etiraf edərək izahat yazmışdır. Qeyd edilən ziddiyyətli hallar isə hər iki müayinə arasında olan zaman kəsimi ilə bağlıdır. Belə ki, ilk müayinə 09:48-də, sonrakı müayinə isə 16:02-də keçirilmişdir. Sonuncu müayinə zamanı Şəxs alkoqolun aşkar edilməməsi hər saatda alkoqolun miqdarının 0,20-0,40 promil düşməsi ilə əlaqədardır. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən, o, həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutulur. Azərbaycan Respublikasının İXM-nin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsulliyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. İnzibati xətanın sərxoş vəziyyətdə törədilməsi Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsinin dispozisiyasında tövsifedici əlamət kimi nəzərdə tutulduğundan Şəxs sərxoş halda inzibati xəta törətməsini məhkəmə məsuliyyəti ağırlaşdıran hal hesab etmir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxxxx 1983cü il tarixdə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Cilov adasında bağban işləyən, Zəngilan rayonunun Babaylı kəndində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu Muxtarov qəsəbəsi 9-cu mədən fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov İŞ № 3(003)-514/2022 BAKİ ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ QƏRARDAD (inzibati xəta haqqında işin baxılması müddətinin uzadılması haqqında) 14 aprel 2022-ci il Bakı şəhəri Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 333.1-ci maddəsi ilə Bakı şəhəri BPİ X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri BPİ DYPİ-nin yol-patrul xidməti baş inspektoru polis kapitanı X1 tərəfindən 11 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 mart 2022-ci il tarixdə “Chevrolet Captiva” minik markalı **-RG-*** qeydiyyat nişanlı avtomobili sərxoş halda avtomobili idarə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Şəxs və Bakı şəhəri BPİ X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, işin hallarının tam, ətraflı, obyektiv araşdırılması və onun ədalətli həll olunması üçün işin baxılması müddəti uzadılmalı və inzibati xəta törətmiş Şəxs və Bakı şəhəri BPİ X4 İdarəsinin nümayəndəsi nümayəndəsi məhkəmə iclasına çağırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 111.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzada bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 111-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Bakı şəhəri BPİ X4 İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxılması müddəti bir ayadək müddətə uzadılsın. Hakim Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar