Məhkəmə qərarları › İş №3(003)-516/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-516/2021

29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-516/2021 29.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X1, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 iştirakı ilə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən qəbul edilən 30.01.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati xəta törətməsinə dair Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən qəbul edilən 30.01.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin 30.01.2021-ci il tarixli qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur.Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, o, Buzovna qəsəbəsində dayanacaqda dayanan zaman onun maskasının ipi qırılmış, və o, həmin ipi bağlayarkən polis əməkdaşı yaxınlaşaraq onu rəisin kameradan gördüyünü və şöbəyə çağırdığını bildirmişdir. O, Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə aparılıb 4 saat gözlədikdən sonra ona protokol yazılmış və şikayətçi özünü təqsirli hesab etmədiyi üçün həmin protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən qəbul edilən 30.01.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4 məhkəmə iclasında verdiyi izahatında şikayətçinin taxdığı maskanın ipinin qırılması səbəbi ilə onu çıxartdığını və həmin ipi bərpa etmək istəyərkən ona Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə protokol tərtib edildiyini qeyd etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X6 30 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan 30 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb kimi inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə göstərilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayətçi barəsində 30 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərara əsasən o, 100 manat cərimə edilmişdir. Qeyd edilən qərarın qəbul edilməsinə əsas isə şikayətçinin dayancaqda dayandığı zaman taxdığı maskanın ipinin qırılması səbəbi ilə onu çıxartması və həmin ipi bərpa etmək istəməsi olmuşdur. Məhkəmə ilk olaraq qeyd edir ki “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantintəşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Göründüyü kimi qərarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin mütləqliyi qeyd edilmişdir. Şikayətçinin inzibati məsuliyyətə cəlb edildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin dispozisiyasında epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasının, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasının inzibati məsuliyyət yaratdığı müəyyən edilmişdir. Lakin həm şikayətçinin həm də inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinin məhkəmə iclasında verdikləri izahatlarda şikayətçi tərəfindən tibbi maskadan istifadə edildiyi yalnız həmin maskanın ipinin qırılması səbəbilə şikayətçinin onu bir neçə saniyəlik ipi bərpa etmək niyyəti ilə çıxarıldığı qeyd edilmişdir. Beləliklə şikayətçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bütün qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən qəbul edilən 30.01.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən inzibati xəta törətməsinə dair Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən qəbul edilən 30.01.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar