Məhkəmə qərarları › İş №3(003)-517/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-517/2022

31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-517/2022 31.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X3, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 08 dekabr 2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bakavtomat yolu ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 3-cü PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 31 mart 2022-ci il tarixdə Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis mayoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib edilmişdir. Protokola əsasən Şəxs xırda talama, yəni 27 mart 2022-ci il tarixdə X2 məxsus Xəzər rayonu Binə qəsəbəsi 261 saylı sahədə yerləşən evinin hasarına söykədiyi dəyəri 500 (beş yüz) manat olan dəmir qapı, dəmir profil və dəmir üzlüyü oğurlayaraq özgəsinin əmlakını talamışdır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs - Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis mayoru X5 protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 göstərdi ki, 27 mart 2022-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsi 261 saylı sahədə yerləşən evinin hasarına söykədiyi dəyəri 500 (beş yüz) manat olan dəmir qapı, dəmir profil və dəmir üzlüyü oğurlanmışdır. Buna görə də DİN 102 “Xidməti-Zəng” mərkəzi sisteminə müraciət etmiş, onun müraciəti əsasında araşdırılma aparılaraq 31 mart 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün materialın aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçidir, dəymiş ziyanın ödənilməsinə köməklik göstərməsini, əks təqdirdə Şəxs müvafiq inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, Binə qəsəbəsi 261 saylı sahədə yerləşən evinin hasarına söykənən dəmir qapı, dəmir profil və dəmir üzlüyü oğurlayaraq tanımadığı şəxsə 15 manata satmışdır. Əməlindən peşmandır. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Belə ki, iş materiallarında olan Xəzər RPİ 3-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Rəhman Məmmədov tərəfindən qəbul edilmiş 31 mart 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməllərindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – 08 dekabr 2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bakavtomat yolu ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 01 (bir) ay müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 31 mart 2022-ci il tarixdə saat 15:00-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar