Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-52/2022 12.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsindən Xəzər Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, 17.12.2021-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 2021-ci ilin noyabr ayında Şahid1, Şahid2 və Şahid4 ilə əmək müqaviləsi bağlanılmadan Şəxs MMC-də işlərin (xidmətlərin) görülməsinə cəlb edilməsi faktı aşkar edilmişdir. Aşkar olunmuş pozuntu ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin əməkdaşları tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan Şəxs nümayəndəsi Nümayəndə2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 17.12.2021-ci il tarixli, MN ******* saylı protokolun əsassız olduğunu qeyd etmişdir. Belə ki, qanuni təmsilçisi və direktoru olduğu cəmiyyətin rəsmi fəaliyyəti sentyabr ayında aktivləşdirilmişdir. 2021-ci ilin noyabr ayında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində cəmiyyətin fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar X8-Tədris Ocağı qurmaq qərarına gəlmişdir. Həmin ünvanda bir yaşayış sahəsi taparaq müqavilə bağlamaq istəmiş, həmin yaşayış sahəsinin sahibi isə sahənin çıxarışını bir az ləngitdiyindən icarə haqqının ödənilməsi ilə əlaqədar Təlim-Tədris Ocağı tam fəaliyyətə başladıqdan sonra ödəniləcəyi ilə bağlı razılıq əldə edilmişdir. Çünki sahənin sahibi lazımi sənədləri gətirməli idi ki, onunla müqavilə imzalansın və həmin sahə təsərrüfat obyekti kimi vergi uçotuna alınsın. Həmin müddətə qədər də o, artıq bəzi təmir işlərinə başlamışdır. Giriş qapısının divarına isə qeydiyyatla bağlı löhvə yerləşdirilmişdir. Həmin zamandan etibarən vətəndaşlar maraqlanmağa başlamışdılar. Hər birinə isə sahə hazır olandan sonra müraciət etmələri tövsiyə edilmişdir. Həmin vaxtlarda X8-Tədris Ocağının qonşuluğunda yaşayan Günel adlı xanım yaxınlaşaraq işə ehtiyacının olduğunu bildirmiş, ona da eyni ilə sahə hazır olandan sonra müraciət etməli oluğu bildirilmişdir. Lakin Günel adlı xanım qonşuluqda yaşadığından o, orda olanda və olmayanda hələ fəaliyyəti olmayan Uşaq Təlim-Tədris Ocağına gəlib baş çəkirmiş. Lakin ehtiyac olmadığı təqdirdə və onun xəbəri olmadan gəlib-getməsi səbəbindən onun sahəyə daxil olmasına icazə verməmişdir. Onun əri bir neçə dəfə onunla birlikdə gələrək onu işə götürülməsini xahiş etmişdirlər. Lakin onlara bildirilmişdir ki, təmir işləri tam olaraq yekunlaşmayıb və işə də hələlik başlamamışdır. Həyat yoldaşına isə tövsiyə edilmişdir ki, Günel xanımın tədris ocağının yerləşdiyi sahəyə gəlməsinin qarşını alsın. Günel xanım işə qəbulla bağlı ərizə ilə müraciət etməmiş, onunla hüquqi şəxs arasında razılıq olmamış və əmək müqaviləsi bağlanmamışdır. Digər şikayət edən şəxs Şahid2 da ərizə ilə müraciət etməmiş, onunla da hüquqi şəxs arasında razılıq olmamış və əmək müqaviləsi bağlanmamışdır. Sadəcə olaraq Səkinə xanım rəssam olduğundan bir neçə dəfə pul müqabilində divar rəsmləri çəkmiş və gördüyü işin müqabilində də ona pul verilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində izahatı alınmış Şahid1 qeyd etmişdir ki, o, 02 noyabr 2021-ci il tarixdə uşaqları bağçaya qoymaq istəyərkən Nümayəndə2 ilə danışaraq həmin bağçada müəllimə kimi işə qəbul olunmaq istəyini ona bildirmişdir. O zaman hələ bağça açılmamışdır. Sadəcə həmin zaman bağçada rəssam kimi rəsm çəkirdi. Nümayəndə2 ilə danışmamışdan qabaq onun yoldaşı ilə bu barədə danışmışdır. Nümayəndə2 sonradan ona heç bir problem olmadığını gəlib işləyə biləyəcəyini demişdir. Nəinki müəllimə kimi hətta administrator kimi işləyə biləcəyini söyləmişdir. 03 noyabr 2021ci il tarixdən sonra Nümayəndə2 ona zəng edərək işləmək üçün çağırmışdır. Ona demişdir ki, “gəlin, oturun sizə kitab, dəftər verək, gələn şəxsləri qeydiyyata almağa başlayın.” Həmin vaxtdan etibarən Şahid1 bağçaya gələn şəxsləri (valideynləri və uşaqları) qeydiyyata alırmış. O, həmçinin bütün işçiləri (xadiməçi, müəllim, dayə, aşpaz) qeydiyyata almaqla məşğul olurmuş. Bir də aşpaz çıxmaq şərtilə hər bir müəllimdən 500 manat pul almalı imiş. Lakin bununla heç bir şəxs razı olmurdu. Bundan əlavə o, həmin bağçada nəinki administrator, həmçinin təmizlik işləri (pərdələrin yuyulub ütülənməsi, təmizlənməsi, bağçanın təmizlənməsi, uşaq çarpayılarının, stol-stulların gətirilməsi və təmizlənməsi) ilə də məşğul olmuşdur. 03 noyabr 2021-ci il tarixdən sonra səhər 08 radələrindən axşam saat 06-ya qədər həmin bağçada işləmişdir. Gecikəndə Nümayəndə2 oğlu zəng edərək öz etirazını bildirirmiş. O, hər gün gəlib işləyirmiş. Hətta həmin ayda bayram günündə belə işə getmişdir. Şənbə və bazar günləri də işə gəlib işləyirmiş. Həmin vaxt orada o, əri və rəssam xanım olmuşdur. Nümayəndə2 özü ona demişdir ki, bağça açılandan sonra onunla müqavilə bağlanacaqdır. Bağçanın açılışına qədər onunla müqavilə bağlanılmamışdır. Bağçanın açılışı isə 26.11.2021-ci il tarixdə olmuşdur. Həmin vaxta qədər o, bağçada müqaviləsiz işləmişdir. Sonradan onun yerinə bir xanım gəlmişdir. Həmin xanımı Şahid1 özü bağçaya ingilis dili müəlliməsi kimi qəbul etmişdir. Lakin bir gün işə gələn zaman həmin xanımın onun yerində əyləşdiyini gördükdə həmin xanım ona artıq administrator kimi bu bağçada həmin xanımın işləyəcəyini bildirmişdir. Nümayəndə2 Şahid1 heç bir xəbərdarlıq etmədən onun yerinə başqa bir şəxsi gətirmişdir. Şahid1 ən azından ona xəbərdarlıq edilməli olduğunu qeyd edərək xəbərdarlıq edilsəydi, özünün çıxıb gedəcəyini və heç bir pul da istəməyəcəyini qeyd edir. Şahid1 özü Nümayəndə2 təmənnasız kömək edə biləcəyini söyləmişdir. Şahid1 qeyd edir ki, orarda ona qarşı haqsızlıq olmuşdur. Nümayəndə2 sonradan onun ərinə zəng edərək yoldaşını və onu təhdid etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində izahatı alınmış Şahid4 qeyd etmişdir ki, o, Şahid1 həyat yoldaşıdır. 03 noyabr 2021-ci il tarixdə uşaqlarını Binə qəsəbəsində yerləşən bağçaya qoymaq üçün müraciət etmişdir. Onlara Nümayəndə2 nömrəsini verdikdən sonra onunla əlaqə saxlayıblar. Aralarındakı razılığa əsasən noyabr ayının 4dən etibarən həyat yoldaşı ilə birlikdə həmin bağçaya işləməyə getmişdirlər. Hər gün saat 8-də bağça açılırdı. Gecikdikdə Nümayəndə2 onlara irad bildirərək onlarla müqavilə bağlamayaraq niyyətində olduğunu qeyd edirdi. Ancaq heç bir müqavilə bağlanmamışdır. Sonradan həyat yoldaşının yerinə başqa bir xanımın gəldiyi onlara məlum olmuşdur. Bu hal baş verdikdən sonra dəfələrlə Nümayəndə2lə görüşmək istəsə də, Nümayəndə2 onunla görüşməmək üçün hər dəfə bir bəhanə edirmiş. Əvvəllər Nümayəndə2 onlara hər şey yaxşı olacağını, bağçanın açılışdan sonra onlarla müqavilə imzanlanacağını desə də, lakin açılışdan sonra da onlarla müqavilə bağlanılmamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində izahatı alınmış Şahid2 qeyd etmişdir ki, övladını bağçaya qoymaq üçün Xırdalan şəhəri, AAAF parkda yeni açılacaq olan Xarı bülbül bağçası ilə maraqlanmış və bu əsnada həmin bağçanın müdirəsi Vüsalə xanım və onun həyat yoldaşı eyni zamanda bağça müdiri olan Nümayəndə2 ilə tanış olmuşdur. Onlar Şahid2 bağçada dekorla bağlı divar rəsmləri çəkməyi təklif etmişdirlər. Şahid2 bir neçə dəfə onlarla müxtəlif bağçalarda iş gördüyünü qeyd edir. “Xarı bülbül” bağçasında işləyən zaman ona 70 manat borc qalmışdır. Lakin Vüsalə xanımın təkidi və xahişi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz qəsəbəsində yeni açılacaq olan bağçada rəsm çəkməyə razılıq vermişdir. Pulu isə iş bitdikdən dərhal sonra almalı imiş. Lakin işini bitirdikdən sonra aralarında olan razılıq əsasında 300 manat pulunu Nümayəndə2 hələ də ala bilməmişdir. Verilən suallara cavab olaraq Şahid2 göstərmişdir ki, o, işləyən vaxtı Şahid1 və onun həyat yoldaşı Şahid4 orda işləmişlər. Belə ki, onlar Şahid2 orda rəsm çəkməyə başladıqdan bir gün sonra, yəni 03 noyabr 2021-ci il tarixdə işləməyə gəlmişdirlər. O, Şahid1 ilə danışdığı zaman Şahid1 04 noyabr 2021-ci il tarixdən işə götürüldüyünü, həmin bağçada “qeydiyyatçı” vəzifəsində, yəni qeydiyyat şöbəsində işlədiyini, gələn şəxsləri qəbul edərək onlarla danışdığını, özünün ilkin olaraq 250 manat maaş alacağını sonradan tədricən maaşının 500 manata qədər qalaxacağını qeyd etmişdir. Həmçinin Şahid2 qeyd etmişdir ki, o, orda işləyən zaman Şahid1 həmin bağçada həm də təmizlik işləri ilə məşğul olurmuş .Bağçanı Günay xanım açırmış, həmin bağçanın qapısının açarı Şahid1 olmuşdur. Şahid1 həyat yoldaşı Şahid4 də orda təmir işləri ilə məşğul olmuşdur. Əvvəlki məhkəmə iclasında şahid qismində izahatı alınmış Şahid3 qeyd etmişdir ki, qızı Şahid2 02 noyabr 2021-ci il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Şəxs MMC-yə məxsus bağçada rəsm çəkməyə başlamışdır. Həmin bağçada qızının rəsm çəkməsi üçün qarşılığında ona 300 manat məbləğinə pul veriləcəyi ilə bağlı Nümayəndə2 ilə razılıq olmuşdur. Pul rəsm çəkilib qurtardıqdan dərhal sonra verilməli idi. Şahid3 isə 06 noyabr 2021-ci il tarixində qızına köməklik üçün həmin bağçaya getmişdir. O, həmin bağçaya gedən zaman orada Günay xanım və onun həyat yoldaşı Mehralı ilə qarşılaşmışdır. Onlar hər ikisi də həmin vaxt bağçada işləyirdilər. Mehralı təmir işləri görür, Günay isə həm qeydiyyat işləri ilə məşğul olur, həm də təmizlik işləri görürdü. Bundan əlavə Nümayəndə2 və onun oğlu Vüsal da bağçada olurdu. Ümumiyyətlə isə həmin bağçada idarəçiliyi və qeydiyyat işlərini Günay xanım həyata keçirirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə digər şahid qismində olan şəxslər- Şahid6, Şahid7, Şahid8, Şahid5, Şahid9 Ramzan oğlu, X1, X3 və Şahid10 dəfələrlə xəbərdar olunmalarına baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş 17 dekabr 2021-ci i tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 2021-ci ilin noyabr ayında Şahid1, Şahid2 və Şahid4 ilə əmək müqaviləsi bağlanılmadan Şəxs MMC-də işlərin (xidmətlərin) görülməsinə cəlb edilməsinə görə Şəxs MMC barəsində AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun X2 şəhadətnamənin surətindən görünür ki, Şəxs MMC 04.01.2019-cu il tarixdə hüquqi şəxs kimi qeydiyatdan keçmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən “Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.” Həmin Məcəllənin 7-ci maddəsinin 2.3-4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda həmin münasibətlər əmək münasibətləri hesab edilir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən “Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.” Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5.1-ci hissəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə qeyd edir ki, Şəxs MMC-yə məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində yerləşən uşaq bağçasında hüquqi şəxs ilə Şahid1, Şahid2 və Şahid4 arasında yaranmış əmək münasibətləri hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən həmin şəxslərin bağçada müəyyən xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmişdir. Göründüyü kimi hazırki iş üzrə tərəflər arasında əmək münasibətlərinin yaranması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Bu fakt məhkəmə araşdırılması zamanı alınmış şahid izahatlarında da qeyd edilmişdir. Belə ki, araşdırılma zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid4 və Şahid2 həm özlərinin, həm də digər şahid qismində dindirlmiş şəxslərin, Şahid3 isə dindirilmiş digər hər üç şahidin Şəxs MMC-yə məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində yerləşən uşaq bağçasında işlədiklərini bildirmişdirlər. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin direktoru inzibati orqan tərəfindən izahatları alınmış digər şahidlərin də məhkəmə araşdırılması zamanı izahatlarının alınmasını məhkəmədən xahiş etsə də, məhkəmə iclasının vaxtı və yeri barədə həmin şahidlərə rəsmi məlumat verilmiş, lakin onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Həmçinin iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında əmək münasibətləri yaranmış, lakin həmin əmək münasibətləri hüquqi qüvvəyə minmədən şəxslər işəgötürən tərəfindən işə cəlb edilmişdirlər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiyası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə törədilmiş inzibati xətanı özündə ehtiva edir. İşin hallarından da göründüyü kimi barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfidən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri pozulmuşdur və bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-52/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-52/2022
12.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver