Məhkəmə qərarları › İş №3(003)-520/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-520/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-520/2020 07.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhər Baş Polis İdarəsi Dövlət X10 İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən inzibati xəta törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi Dövlət X10 İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 2020-ci il tarixdə saat 19:02 radələrində işdən çıxanda özünə məxsus olan “Mitsubishi Pajero” minik markalı, **-MV-*** qeydiyyat nişanlı avtomaşını idarə edərkən Qala qəsəbəsində yerləşən yol ayrıcında Bakı şəhər Baş Polis İdarəsi Dövlət X10 əməkdaşı X5 onu saxlayaraq özünü təqdim etmiş, onun qaydaları pozaraq, qanunsuz siqnaldan istifadə etdiyi bildirilmişdir. Ə.Vəlizadəyə Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 342.9-cu maddəsinin tələblərinin pozulmasına dair İXP ******* saylı protokol yazılmış və o, 500 manat məbləğində cərimə edilmişdir. Şikayətçi protokolda qeyd edilənləri ilə razı deyil, çünki o, heç bir qayda pozmamışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayətin məzmununa uyğun izahat verərək qeyd etdi ki, onun tələblərini pozduğu qeyd edilən Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 342.9-cu maddəsinin dispozisiyasında inzibati tənbeh tədbiri nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnallarından istifadə edilməsinə görə nəzərdə tutulur.Lakin ona məxsus avtomobildə çoxavazlı səs siqnalı mövcüd olsa da, o, həmin səs siqnalından istifadə etməmişdir. Hal-hazırda həmin səs siqnalı nasaz vəziyyətdədir. Bu səbəbədən inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X6 bildirdi ki, şikayətçiyə inzibati xəta haqqında protokol tərtib edilərkən o, şikayətçinin idarə etdiyi avtomobildə olub. Həmin vaxt şikayətçi avtomobili idarə edərkən çoxavazlı səs siqnalından istifadə etməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 bildirdi ki, şikayətçiyə inzibati xəta haqqında protokol tərtib edilərkən o, şikayətçinin idarə etdiyi avtomobildə olub. Həmin vaxt şikayətçi avtomobili idarə edərkən çoxavazlı səs siqnalından istifadə etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X10 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X10 nümayəndəsi iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 xx xxxxx 2020-ci il tarixdə saat 19:02 radələrində idarə etdiyi “Mitsubishi Pajero” minik markalı, **-MV-*** qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində hərəkətdə olarkənBakı şəhər Baş Polis İdarəsi Dövlət X10 yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, saxlanıldıqdan sonra onun avtomobilində müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalının quraşdırıldığı faktı aşkar edilmişdir. Bakı şəhər Baş Polis İdarəsi Dövlət X10 yolpatrul xidməti əməkdaşı tərəfindən şikayətçiyə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tələblərinin pozulmasına dair İXP ******* saylı protokol yazılmış və o, 500 manat cərimə edilmişdir. Şikayətçi məhkəmə iclasında verdiyi izahatında onun idarə etdiyi avtomobilə müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalının quraşdırıldığını etiraf etsə də, həmin səs siqnalından istifadə etmədiyini qeyd etmiş, məhkəmə iclasında iştirak edən şahidlər də bu faktı verdikləri izhatlarla təsdiq etmişdirlər. Belə ki, maddənin dispozisiyasında nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnallarından istifadə edilməsinə görə inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Lakin məhkəmə iclasında həm barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxsin, həm də şahidlərin verdikləri izahatlardan şikayətçinin səs siqnalından istifadə etmədiyi, yalnız həmin səs siqnalının avtomobildə quraşdırıldığı və hal-hazırda nasaz vəziyyətdə olduğu müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhər Baş Polis İdarəsi Dövlət X12 yuxarıda qeyd edilən inzibati protokolu tərtib edən şəxsin iştirakının təmin edilməsi və həmin protokol əsasında toplanmış inzibati materialın məhkəməyə təqdim edilməsi barədə məhkəmə tərəfindən verilmiş sorğu həmin orqan tərəfindən cavablandırılmamışdır. Məhkəmə bu faktı imtina kimi qiymətləndirir. Bütün qeyd olunanları, habelə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, X1 Bakı şəhər Baş Polis İdarəsi Dövlət X10 İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6- cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biridir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X13 tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar