Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-520/2022 15.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə Şəxs 25 aprel 1978-ci il tarixdə Naxçıvan MR, Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, dörd uşağı olan, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 01 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1260/2012 saylı, 18 aprel 2012-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1260/2012 saylı, 18 aprel 2012-ci il tarixli icra sənədinə əsasən Şəxs "xxxx" MMC-nin xeyrinə 20000 manat ödəməyi öhdəsinə götürmüşdür. Şəxs 10000 manatı nəğd şəkildə, yerdə qalan məbləği isə barışıq imzalandığı andan etibarən növbəti ayın eyni günündə, ilk dəfə 4000 manat, növbəti aylarda isə 3000 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 25 iyul 2012-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. Borclu həmin icra sənəli üzrə tələbkara 06 yanvar 2015-ci ildə 5000 manat ödəniş etmiş, 15000 manat borcu isə ödənilməmiş qalmışdır. Borclunun adına Mərdəkan qəsəbəsi 3/836 saylı sahədə 0,10 ha torpaq sahəsi olsa da, hərracdan satılmamışdır. Öz hərəkətləri ilə Şəxs qeyd olunan icra sənədinin üzürsüz səbəbdən icrasından qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1260/2012 saylı, 18 aprel 2012-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-nin xeyrinə 20000 manat ödəməyi öhdəsinə götürmüşdür. O,razılığa əsasən cəmi 8500 manat ödəniş etmiş və onun borcu tam olaraq bağlanmışdır. O, 10 il ərzində heç bir yerə çağırılmamış və borcunun bağlanmadığı barədə hazırda məlumat əldə etmişdir. Hazırda tələbkarla ödənilməmiş qalan 12000 manat borcu hər ayın birində 1000 manat olmaqla ödəniş etmək barədə razılığa gəlmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1260/2012 saylı, 18 aprel 2012-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs "xxxx" MMC-nin xeyrinə 20000 manat ödəməyi öhdəsinə götürmüşdür. Şəxs 10000 manatı nəğd şəkildə, yerdə qalan məbləği isə barışıq imzalandığı andan etibarən növbəti ayın eyni günündə, ilk dəfə 4000 manat, növbəti aylarda isə 3000 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin direktoru Rasim Nəbiyev tərəfindən Xəzər rayon Məhkəməsinə ünvanlanmış 14 aprel 2022-ci il tarixli ərizədən görünür ki, məhkəmə qətnaməsi əsasında qət edilmiş 20000 manat borca dair razılığa gəlinmişdir. 20000 manat məbləğdən 8000 manat ödənilmişdir. Qalan 12000 manat borca dair Şəxs 01 iyun 2022-ci il tarixdən hər ayın birində 1000 manat ödəniş etməyi və bütün borcu 01 iyun 2023-cü il tarixinədək bağlamağı öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə hesab edir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1260/2012 saylı, 18 aprel 2012-ci il tarixli icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmamış və onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. 2014-cü ildən 2022-ci ilədək icra vərəqəsinə əsasən heç bir icra tədbirinin görülməməsi borclunun dediyi kimi həqiqətən də, tələbkarla razılıq əldə etdiyinə işarə edir. Hazırda isə borclu tələbkarla borcun ödənilməsi barədə razılığa gəlmiş və bununla bağlı məhkəməyə tələbkarın ərizəsini təqdim etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-520/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-520/2022
15.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver