Məhkəmə qərarları › İş №3(003)-524/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-524/2022

05.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-524/2022 05.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, zərərçəkmiş şəxs Quliyeva Zümrüd Eyyub qızının iştirakı ilə 28 noyabr 1986-cı ildə Cəlilabad rayonu, Gülməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda qeydiyyatda olan və yaşayan Quliyeva Natiqə Ramiz qızının haqqında Xəzər RPİ-nin 1-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 12 yanvar 2022-ci il tarixli protokola və iş materiallarına əsasən Quliyeva Natiqə Ramiz qızı Xəzər rayonu, Zirə qəsəbəsi yeni yaşayış sahəsində 20 dekabr 2021-ci il tarixdə, saat 22:00 radələrində Quliyeva Zümrüd Eyyub qızını vurmuşdur. Quliyeva Natiqə Ramiz qızının əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Şahin Mustafayev tərəfindən 11 yanvar 2022-ci il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Həmin qərar əsasında Quliyeva Natiqə Ramiz qızının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru Anar Əzizov tərəfindən protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Quliyeva Natiqə Ramiz qızı məhkəmədə özünü təqsirli bilməyərək göstərdi ki, o, 2006-cı ildə Rasim Quliyev ilə ailə qurmuş və birgə nikahdan iki uşaqları vardır. 2019-cu ildə Rasim ilə rəsmi olaraq boşanmışlar. Buna baxmayaraq Rasimlə Xəzər rayonu, Zirə qəsəbəsi yeni yaşayış sahəsində bir evdə yaşayırlar. 20 dekabr 2021-ci il tarixdə, saat 22:00 radələrində keçmiş qaynanası Zümrüd və oğlu Ramil onun yaşadığı evə gələrək kamera quraşdırmaq istəmişlər. Belə ki, Rasim öz anasına bildirmişdir ki, hər dəfə evdən çxarkən Natiqə evə kişi gətirir. O, kamera quraşdırmağa icazə vermədiyindən aralarında mübahisə yaranmış və o, Zümrüdün qolundan tutaraq bayıra çıxatmışdır. Sonra isə polis çağırmışdır. O, Zümrüdü vurmamış və hansı şəraitdə xəsarət almasını bilmir. Təqsirinin olmadığını bildirərək məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs Quliyeva Zümrüd Eyyub qızı göstərdi ki, Quliyeva Natiqə Ramiz qızı onun keçmiş gəlinidir. Oğlu Rasim Quliyev məhkəmənin qərarı ilə 20 gün müddətinə inzibati həbs olunduğundan 20 dekabr 2021-ci il tarixdə oğlunun yorğandöşəyini götürüb öz evinə gətirmək üçün onun Xəzər rayonu, Zirə qəsəbəsi yeni yaşayış sahəsində yaşadığı evinə getmişdir. Evə girmək istəyərkən Natiqə heç bir səbəb olmadan onunla mübahisə yaratmış, yumruq və təpiklə kürəyindən və ayağından bir neçə dəfə vurmuşdur. Aralarında barışıq olmadığını bildirərək Quliyeva Natiqə Ramiz qızına cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Quliyeva Natiqə Ramiz qızının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokolla və iş materialları əsasında sübuta yetirilir. Məhkəmə Quliyeva Natiqə Ramiz qızının özünü təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 1579 nömrəli, 22 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, Quliyeva Zümrüd Eyyub qızının bədənində aşkar olunmuş xəsarətlər – kürəyin qançırı, sağ dizin sıyrığı küt əşya (əşyalar) təsirindən törəmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən 20 dekabr 2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Z.E.Quliyevanın bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə Quliyeva Natiqə Ramiz qızının ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə Quliyeva Natiqə Ramiz qızının məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Quliyeva Natiqə Ramiz qızının şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun barəsində həbs tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Quliyeva Natiqə Ramiz qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar