Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-525/2022 29.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Bayramov Vüsal Cəfər oğlunun Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş TP seriyalı ******* nömrəli, 16 oktyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜYYƏNETDİ: Bayramov Vüsal Cəfər oğlu şikayət ərizəsi ilə müraciət edərək barəsində Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş TP seriyalı ******* nömrəli, 16 oktyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Bayramov Vüsal Cəfər oğlu şikayəti müdafiə edərək göstərdi ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Məmmədov Müzəffər Zahid oğlu tərəfindən barəsində 29 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 327.6-cı maddələrinin tələblərinin pozulması ilə bağlı protokol tərtib edilmiş və həmin protokol təxminən 2 il sonra israrlı tələblərindən sonra ona təqdim olunmuşdur. Həmin protokolda qeyd olunmuşdur ki, guya o, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşə yuyanların ya təkərləri və şinləri, mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitələrini istismar etmiş, inzibati xəta törətdikdən sonra yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Barəsində tərtib olunmuş protokol həqiqəti əks etdirmir. Hadisə vaxtı «VAZ 2106» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, əvvəlcədən texniki baxışdan keçirilmişdir. Həmin avtomobilin arxa təkərinin hansı səbəbdən yerindən çıxması ona bəlli deyildir və bu barədə ekspertiza keçirilməmişdir. Yol hadisəsinin digər iştirakçısı «Lexus» markalı minik avtomobili hadisə yerində dayanmamış, sonradan şişirdilmiş qüsur aktı tərtib edərək guya ona 6000 manata yaxın bir məbləğdə ziyan dəydiyini göstərərək ondan şikayət etmişdir. Lakin hərəkət zamanı avtomobilin arxa təkəri yerindən çıxdıqdan sonra o, yük yerindən ehtiyat təkərini çıxarıb yerinə qoyaraq hadisə yerindən getmişdir. Hadisədən 4 gün sonra polis zəng edərək onu çağırmış və o, çağırışa getmişdir. Orada təqdim edilmiş kamera görüntülərinə baxarkən ona məlum olmuşdur ki, avtomobilin arxa təkəri çıxır və «Lexus» markalı minik avtomobili həmin təkəri vurur. Ancaq bununla bağlı polis əməkdaşı onun barəsində protokol tərtib etməmişdir. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ona rəsmi olaraq göndərilməmişdir, o, qərarı 25-26 mart 2022-ci il tarixdə almış və məhkəməyə şikayət etmişdir. Ona görə də, qərardan 10 günlük şikayət vermə müddətini ötürməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Bakı şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhər DYPİ-nin polis kapitanı Məmmədov Müzəffər Zahid oğlu tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli 29 sentyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bayramov Vüsal Cəfər oğlu «VAZ 2106» markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobil ilə 05 sentyabr 2020-ci il tarixdə, saat 14:33-də Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 342.5 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər BPİ DYPİ-nin polis mayoru Cəlilov Xeyrulla Cəmşid oğlu tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 16 oktyabr 2020ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bayramov Vüsal Cəfər oğlu «VAZ 2106» markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobili 05 sentyabr 2020-ci il tarixdə, saat 14:33-də H.Əliyev prospekti Aeroport yolu ilə idarə edərkən təkərləri və şinləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitələrini istismar etmişdir. Həmçinin yol hərəkət qaydalarını pozan nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Buna görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 342.5 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhər BPİ DYPİ-nin rəisi Rəşid Piriyevə ünvanlanmış Bayramov Vüsal Cəfər oğlunun izahatından görünür ki, 05 sentyabr 2020-ci il tarixdə idarə etdiyi «VAZ 2106» markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobil ilə Heydər Əliyev prospekti ilə Aeroport şossesində hərəkət edərkən avtomobilin arxa təkəri qəflətən çıxaraq hərəkətinə başladı. Bu zaman o, avtomobili yolun sağ çiyninə çəkərək saxlamış, təkər isə yolda hərəkət edən yeni istiqamətdə olan “Lexus” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabağına keçməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir və o, sonra avtomobilin təkərini təmir edərək hadisə yerindən getmişdir. Barəsində tərtib olunmuş protokolla tanış olmuş və cəriməni ödəyəcəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.8-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər. Məhkəmə hesab edir ki, Bayramov Vüsal Cəfər oğlu «VAZ 2106» markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobili 05 sentyabr 2020-ci il tarixdə, saat 14:33-də H.Əliyev prospekti Aeroport yolu ilə idarə edərkən təkərləri və şinləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitələrini istismar etdiyindən və yol hərəkət qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi yerindən qaçdığından barəsində Bakı şəhər DYPİ-nin polis kapitanı Məmmədov Müzəffər Zahid oğlu tərəfindən İXP seriyalı ******* nömrəli 29 sentyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bayramov Vüsal Cəfər oğlu Bakı şəhər BPİ DYPİ-də 09 sentyabr 2020-ci il tarixdə izahat yazaraq törətdiyi əməli etiraf etmiş, barəsində tərtib olunmuş protokolla tanış olduğunu və cəriməni ödəyəcəyini bildirmişdir. Bakı şəhər BPİ DYPİ-nin polis mayoru Cəlilov Xeyrulla Cəmşid oğlu tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 16 oktyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Bayramov Vüsal Cəfər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 342.5 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayət əsassız olduğundan rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Bayramov Vüsal Cəfər oğlu Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 16 oktyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı 25-26 mart 2022-ci il tarixdə almış və 05 aprel 2022-ci il tarixdə məhkəməyə şikayət etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bayramov Vüsal Cəfər oğlunun Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş TP seriyalı ******* nömrəli, 16 oktyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayəti əsassız olduğundan təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-525/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-525/2022
29.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver