Məhkəmə qərarları › İş №3(003)-536/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-536/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-536/2023 10.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 00100-00223/23 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Bakı Baş Gömrük İdarəsinin Xocasən gömrük postundan daxil olmuş 34/025/001465 saylı, xx.xx.2023-cü il tarixli raporta əsasən, Çin Xalq Respublikasının “X2 Foodstuffs Co LTD” şirkətindən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN:**********) ünvanına EE983QQ/DD2930 nömrəli yük nəqliyyat vasitəsi ilə VH-**********04C saylı, xx.xx.2022-ci il tarixli invoysla idxal edilmiş və **********2997 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş “Qabıqlı şabalıd” yükünün brutto çəkisinin 24700 kq, netto çəkisinin 24500 kq bəyan olunduğu halda, həmin yükün brutto və netto çəkisinin 640 kq artıq, yəni brutto çəkisinin 25340 kq, netto çəkisinin 25140 kq olduğu aşkar edilmişdir. Sözügedən raportların icrası ilə əlaqədar Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində xx.xx.2023-cü il tarixində araşdırma başlanılmışdır. Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN:**********) tərəfindən gömrük orqanına düzgün bəyan olunmayan 640 kq “Qabıqlı şabalıd” yükünün orta bazar qiyməti 5120 manat manat təşkil edir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə qeyd etmişdir ki, dirketoru olduğu şirkət meyvə-tərəvəz məhsullarının idxalı və satışı ilə məşğuldur. Malları bir çox ölkələrdən idxal edilir. İdxal edilən malların Bakı şəhərində yerləşən marketlərə topdansatışı həyata keçirilir. Gömrük yoxlaması həyata keçirilən zaman **********2997 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində brutto çəkisi 24700 kq, netto çəkisi 24500 kq bəyan olunan “Qabıqlı şabalıd” yükünün brutto və netto çəkisinin 640 kq artıq, yəni brutto çəkisinin 25340 kq, netto çəkisinin 25140 kq olduğu aşkar edilmiş və barədə protokol tərtib olunmuşdur. Protokolun düzgünlüyü iştirakçılar tərəfindən təsdiq olunmuşdur. Nəqliyyat vasitəsi ölkə ərazisinə idxal edilməzdən əvvəl Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixində Bakı Baş Gömrük İdarəsinə müraciət edilmişdir. Müraciətdə EE983QQ/DD2930 nömrəli nəqliyyat vasitəsində gətirilən yükün **********2997 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamasində qeyd ediləndən 640 kq artıq olduğu bildirilmişdir. Onlar bu məlumatı gec bilmişlər. Göndərən şirkətin verdiyi məlumatlar əsasında **********2897 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamasi təqdim edilmişdir. Sonradan göndərən şirkət göndərilən malın 640 kq artıq göndərildiyini bildirmişdir. Bu səbəbdən onlar yazılı formada gömrük orqanına məlumat vermişdirlər. Həmçinin onlar gətirilən malı Çin Xalq Respublikasının “X2 Foodstuffs Co LTD” şirkətindən almışlar. Meyvə-tərəvəz yükləri idxal edilən zaman bu kimi hallar çox baş verir. Məhsullar donmuş formada soyuducularda idxal edilir. Onlara göndərilməzdən əvvəl isə normal formada çəkilir. Donmuş formada ölkə ərazisinə gətirildiyindən və gömrük yoxlaması zamanı donmuş formanın çəkisi nəzərə alındığından bəyannamədə qeyd olunan çəki ilə yoxlamada yaranan çəki arasında müəyyən fərq yaranır. Belə olan halda əlavə aşkar edilən mallarla bağlı yaranan əlavə gömrük ödənişləri edilir. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilən Şəxs MMC tərəfindən Baş Gömrük İdarəsinə ünvanlanmış 10 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, Şəxs MMC şirkəti kənd təsərrüfatı məhsullarının, əsas olaraq da şabalıd məhsulları idxalı sahəsində fəaliyyət göstərir. Onlara sonradan bildirilən məlumata görə, hal-hazırda yolda olan və şabalıd məhsulları idxal etdikləri ЈО140ОЈ/ВВ686Q qeydiyyat nömrəli nəqliyyat vasitələri ilə daşınan SEGU ******* nömrəli konteyner və İU010Rİ/İU010R qeydiyyat nömrəli nəqliyyat vasitələri ilə daşınan SZLU ******* nömrəli konteynerdə hər birində 65 kisə, 1 592.500 kq (bir min beş yüz doxsan iki kilo, beş yüz qram) artıq şabalıd məhsulu mövcuddur. Bu artıq məhsullarla bağlı, həmin məhsullar ölkəyə daxil olmadan əvvəl məlumat verilmiş və müvafiq olaraq həmin məhsullara görə hesablanacaq gömrük və vergi ödənişlərini ödəməyə hazır olduqları bildirilmişdir. İş materiallarına əlavə edilən 16 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Çin Xalq Respublikasından AZ1045, ünvan 2 ünvanında qediyyatda olan Şəxs MMC-nin adına daxil olmuş və **********2997 nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə gömrük yoxlaması həyata keçirilmişdir .Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********2997 nömrəli gömrük bəyannaməsində bəyan olunan mallara baxış keçirilən zaman gömrük bəyannaməsində göstərilən “qabıqlı şabalıd” yükünün brutto çəkisinin 24700 kq, netto çəkisinin 24500 kq bəyan olunduğu halda, qabıqlı şabalıd yükünün netto və brutto çəkisinin 640 kq artıq, yəni brutto çəkisinin 25340 kq, netto çəkisinin 25140 kq olduğu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şəxs MMC-nin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 9/585 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, ÇXR-sı məhsulu olan 1 kq şabalıd məhsulunun xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 8,00 manat, 640 kq-nın qiyməti isə 5120,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmədə müəyyən olundu ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN:**********) tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən 640 kq “Qabıqlı şabalıd” yükünün orta bazar qiyməti 5120,00 manat təşkil edir. Şəxs MMC 10 yanvar 2023-cü il tarixdə Baş Gömrük İdarəsinə müraciət edərək, Şəxs MMC-yə sonradan bildirilən məlumata görə, hal-hazırda yolda olan və şabalıd məhsulları idxal etdikləri ЈО140ОЈ/ВВ686Q qeydiyyat nömrəli nəqliyyat vasitələri ilə daşınan SEGU ******* nömrəli konteyner və İU010Rİ/İU010R qeydiyyat nömrəli nəqliyyat vasitələri ilə daşınan SZLU ******* nömrəli konteynerdə hər birində 65 kisə, 1 592.500 kq (bir min beş yüz doxsan iki kilo, beş yüz qram) artıq şabalıd məhsulu mövcud olduğunu, həmin artıq məhsullarla bağlı, həmin məhsullar ölkəyə daxil olmadan əvvəl məlumat verilmiş və müvafiq olaraq həmin məhsullara görə hesablanacaq gömrük və vergi ödənişlərini ödəməyə hazır olduqları bildirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Qeyd etmək lazımdır ki, inzibati xətanın predmeti olan məhsullar 70 gün ərzində yolda xarab olmaması üçün, Çin Xalq Respublikasınında gömrük prosedurları həyata keçirildikdən sonra, xususi olaraq yuyularaq dondurulur. Nətcədə məhsulun çəkisinin müəyyən miqdarda artımı baş verir. Bu hal da həmin məhsulun real çəkisi ilə invoysda göstərilən çəkisi arasında fərq yaranmasına səbəb olur. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli gömrük bəyannamələrindən görünür ki, qeyd edilən tarixlərdə Şəxs MMC-yə göndərilən “Qabıqlı şabalıd” adlı məhsulların real çəkiləri ilə invoysda göstərilən çəkiləri arasında fərqlər mövcüd olmuş, Şəxs MMC tərəfindən həmin məhsullara görə hesablanmış əlavə gömrük və vergi ödənişləri həyata keçirilmiş və hüquqi şəxs barəsində inzibati protokol tərtib edilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, Şəxs MMC tərəfindən onlara göndərilən məhsulun çəkisində fərq olacağı və həmin məhsullara görə hesablanacaq gömrük və vergi ödənişlərini ödəməyə hazır olacaqları barədə 11 yanvar 2023-cü il tarixdə inzibati orqana rəsmi müraciət edilmişdir. Lakin buna baxmayaraq inzibati orqan tərəfindən 10 fevral 2023-cü il tarixdə Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 105, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar