Məhkəmə qərarları › İş №3(003)-542/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-542/2022

23.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-542/2022 23.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 iştirakları ilə Şəxs (bundan sonra MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında 00800-0053/22 nömrəli, 06 aprel 2022-ci il tarixli protokola əsasən Şəxs MMC qaytarılması məcburi olan əvvəllər aparılmış malları Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarmamışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi X3 bildirdi ki, Şəxs MMC 04 sentyabr 2018-ci il tarixində 5 ədəd, gömrük dəyəri 26077,15 manat olan “geodeziyada, topoqrafiyada, ərazinin çəkilişi və ya nivelirləməsi üçün istifadə olunan cihazlar və alətlər (hidroqrafik cihazlar)” yükünü **********5906 sorğu nömrəli gömrük bəyannaməsi ilə 1 il müddətinə Hava Nəqliyyatında Baş Gömrük idarəsində müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirmişdir. Gömrük rəsmiləşdirməsi zamanı gömrük bəyannaməsinin 44-cü qrafasında yükün 04 sentyabr 2019-cu il tarixinə qədər geriyə qaytarılması barədə Şəxs MMC tərəfindən öhdəlik götürülmüşdür. Sonradan həmin yükün müvəqqəti ixrac müddəti Şəxs MMC-nin müraciəti əsasında 04 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. Lakin müvəqqəti ixrac müddətinin başa çatmasına baxmayaraq mallar Şəxs MMC tərəfindən müəyyən olunmuş müddət ərzində geriyə qaytarılmamış, digər gömrük proseduru altında rəsmiləşdirmə aparılması barədə gömrük orqanına heç bir müraciət edilməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən Şəxs MMC-nin barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 bildirdi ki, Tacikistandan 04 sentyabr 2018-ci il tarixində 5 ədəd “geodeziyada, topoqrafiyada, ərazinin çəkilişi və ya nivelirləməsi üçün istifadə olunan cihazlar və alətlər (hidroqrafik cihazlar)” mallar Şəxs MMC-nə göndərilmişdir. Həmin yükün müvəqqəti ixrac müddəti 04 sentyabr 2021-ci il tarixədək olsa da, Şəxs MMC 08 may 2020-ci il tarixdə həmin malların alqı-satqı müqaviləsini bağlayaraq malları Şəxs MMC-nin Tacikistanda yerləşən filialına satmışdır, yəni mallar müvəqqəti ixrac müddəti ərzində Şəxs MMC tərəfindən geriyə qaytarılmışdır. Qeyd olunanlara əsasən məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AT 02/09-20 nömrəli, 08 may 2020-ci il tarixli İcarədə olan ölçü cihazları və alətlərin satış müqaviləsindən görünür ki, Şəxs MMC əvvəl icarəyə vermiş olduğu və hazırda alıcının istifadəsində olan ölçü cihazları və alətlərini Şəxs MMC-nin Tacikistanda yerləşən filialına satmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmədə müəyyən olundu ki, Şəxs MMC 04 sentyabr 2018-ci il tarixində 5 ədəd, gömrük dəyəri 26077,15 manat olan “geodeziyada, topoqrafiyada, ərazinin çəkilişi və ya nivelirləməsi üçün istifadə olunan cihazlar və alətlər (hidroqrafik cihazlar)” yükünü **********5906 sorğu nömrəli gömrük bəyannaməsi ilə 1 il müddətinə Hava Nəqliyyatında Baş Gömrük idarəsində müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirmişdir. Şəxs MMC yükün 04 sentyabr 2019-cu il tarixinə qədər geriyə qaytarılması barədə öhdəlik götürülmüşdür. Sonradan həmin yükün müvəqqəti ixrac müddəti Şəxs MMC-nin müraciəti əsasında 04 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. Müvəqqəti ixrac müddəti ərzində Şəxs MMC əvvəl icarəyə vermiş olduğu və hazırda alıcının istifadəsində olan ölçü cihazları və alətlərini AT 02/09-20 nömrəli, 08 may 2020-ci il tarixli müqaviləyə əsasən Şəxs MMC-nin Tacikistanda yerləşən filialına satmışdır, yəni Şəxs MMC müvəqqəti ixrac müddəti ərzində malları geriyə qaytarmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilməlidir. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar