Məhkəmə qərarları › İş №3(003)-55/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-55/2024

09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-55/2024 09.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq idarəsinin 1-ci şöbəsində Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə 11 dekabr 2023-cü il tarixdə qəbul edilmiş "sübutların qiymətləndirilməsi haqqında" qərar ilə sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkib əlamətləri olduğundan materiallar ayrılaraq baxılması üçün aidiyyəti üzrə Təhqiqat şöbəsinə verilmişdir. ********* nömrəli cinayət işindən ayrılmış sənədlərdən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs 2023-cü ilin iyun ayında Türkiyə Respublikasının İstanbul şəhərində olduğu zaman oradan əldə etdiyi az miqdarda, yəni ümumilikdə 11287 (on bir min iki yüz səksən yeddi) manat dəyərində 30 qutu "Parliament super slims" markalı siqareti, 1 ədəd "iPhone 14 pro 128 GB" markalı mobil telefonu, həmçinin xalis çəkisi 93,65 qram təşkil edən 1 ədəd boyunbağını, 2 ədəd qolbağı, 2 ədəd üzüyü ona məxsus əl çantalarında, 1 cüt sırğanı və 1 ədəd üzüyü isə üzərinə taxmaqla 18 iyun 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən X2 Hava Limanında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsində gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/907-9/4986 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd "iPhone 14 Pro" markalı "A2889" modelli, 128 GB yaddaş tutumuna malik mobil telefon işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır və uyğunluq sertifikatı, qeydiyyatı, zəmanəti, aksessuarları və qutusu olmayan həmin mobil telefonun istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti təxminən 1500 manat müəyyən edilir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2- 6/3769-7/1007-9/5294 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 30 qutu aksiz markası olmayan ştrix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan 30 qutu "Parliament super slims" markalı filterli siqaret istifadəyə yararlıdır və həmin siqaretlərin xx.xx.2023-cü il tarixə olan ümumilikdə orta bazar qiyməti təxminən 210 manat müəyyən edilir. Həmçinin sözügedən ekspert rəyindən görünür ki, 2 qutu "Parliament super slims" markalı filterli siqaret ekspertiza tədqiqatına sərf edilmişdir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə rəyindən görünür ki, tədqiqata təqdim olunmuş zərgərlik məmulatlarının 80,93 qramının metali 750 ǝyarlı, 12,72 qramının metalı isə 585 ǝyarlı qızıla uyğundur, məmulatların üzərilərində olan qaşlar qiymətli qaşlara daxil deyildir və həmin məlumatların xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 9577 manat müəyyən edilir. İş üzrə materiallarda olan ********* nömrəli cinayət işi üzrə 11 dekabr 2023-cü il tarixli "sübutların qiymətləndirilməsi haqqında" qərardan çıxarışdan görünür ki, hüquqpozma predmetləri olan mobil telefon və siqaretlər Azərbaycan Respublikası Dövlət Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maliyyə və təchizat idarəsinin Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin anbarında, zərgərlik məmulatları isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maliyyə və təchizat idarəsinin Mühasibat uçotu şöbəsində saxlanılır. Beləliklə, iş üzrə materiallardan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs ümumilikdə 11287 (on bir min iki yüz səksən yeddi) manat dəyərində 30 qutu "Parliament super slims" markalı siqareti, 1 ədəd "iPhone 14 pro 128 GB" markalı mobil telefonu, həmçinin xalis çəkisi 93,65 qram təşkil edən 1 ədəd boyunbağını, 2 ədəd qolbağı, 3 ədəd üzüyü və 1 cüt sırğanı gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Bu hərəkətləri ilə Azərbaycan Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 10000-00129/23 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 iyul 2023-cü il tarixli, 5/907-9/4986 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sensor ekranlı “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd “İphone 14 Pro” markalı, “A2889” modelli mobil smartfon hal hazırda işlək vəziyyətdədir. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş bir ədəd “İphone 14 Pro” markalı, “A2889” modelli mobil smartfon istifadə (aktiv edilmişdir) olunmuşdur. Təqdim edilmiş bir ədəd “İphone 14 Pro” markalı, “A2889” modelli, “JXVV7FP2DM” seriya nömrəli mobil smartfonun internet resursunda qeyd olunan texniki göstəricilərə görə 128GB yaddaş tutumuna malik olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “İphone 14 Pro” markalı, “A2889” modelli 128GB yaddaş tutumuna malik, uyğunluq sertifikatı, qeydiyyatı, zəmanəti, aksessuarları və qutusu olmayan mobil telefonun istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin ayına olan orta bazar qiyməti təxminən 1500,00 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3536-9/4985 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məmulatların 80.93 qramının metalı 750 əyarlı, 12.72 qramının metalı 585 əyarlı qızıla uyğundur. Məmulatlar üzərində olan qaşlar qiymətli qaşlara aid deyil. Ekspertiza tədqiqatına təqdim edilmiş məmulatların xx.xx.2023cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 9577,00 manat müəyyən edilir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs ümumi orta bazar qiyməti 11287 manat məbləğində malları gömrük orqanına mütləq bəyan edillməli olduğu halda bəyan edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən “İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Şəxs inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin - 11287 manat məbləğin qırx faizi miqdarında, yəni 4514,8 manat məbləğində cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat və 160 (bir yüz almış) manat məbləğində pul vəsaitləri dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 4514,8 (dörd min beş yüz on dörd manat, səkkiz qəpik) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat və 160 (bir yüz altmış) manat məbləğində pul vəsaitləri dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar