Məhkəmə qərarları › İş №3(003)-559/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-559/2022

14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-559/2022 14.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin (bundan sonra mətndə Xəzər RPİ 3-cü PŞ) sahə inspektoru, polis leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Füzuli rayonu Qacar Ərazi dairəsi Qacar kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində kirayənişin yaşayan Şəxs barəsində Xəzər RPİ 3-cü PŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 13 aprel 2022-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X4 tərəfindən 13 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında potokol tərtib etmiş şəxs - Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X4 göstərdi ki, 13 aprel 2022-ci il tarixdə Binə qəsəbəsində 25 saylı marşrutda 63/56 çağırışlı avtopatrulda xidmət aparan zaman “Bakavtomat” yolunun yaxınlığında yerləşən “Lənkəran” kafesinin yaxınlığında bir şəxs avtopatrulu görüb qaçmağa başlamış, polis əməkdaşları da onun arxasınca gedərək onu saxlamışlar. Saxlanılan zaman həmin şəxs polis əməkdaşlarının ünvanına nalayiq küçə söyüşləri söyərək təhqir etmiş, polis əməkdaşları da ona sakitləşməsini bildirmişlər. Daha sonra onu nizam-intizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bundan sonra həmin şəxsi Xəzər RPİ 3-cü Polis Şöbəsinə gətirib təhvil vermişlər. Şöbədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Bu barədə raport tərtib edərək onun məsuliyyətə cəlb edilməsini xahiş etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərdi ki, o, bundan əvvəl oğurluq cinayəti törətdiyinə görə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin müvafiq hökmü ilə onun cəzası 06 ay azaldılaraq 02 il 06 aya endirilmiş, daha sonra barəsində amnistiya aktı tətbiq edilərək cəzası daha 06 ay azaldılmış və o, 2022-ci ilin fevral ayında cəzasının sonu ilə azad edilmişdir. Binə qəsəbəsində “Bakavtomat” yolunun yaxınlığında yaşayan dostugilə hərdənbir gəlib gedir. 13 aprel 2022-ci il tarixdə saat 00:15 radələrində dostugildən çıxaraq “Lənkəran” kafesinin yanındakı yolla evə getmək istəyərkən, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməsini istəmiş, o isə üstündə heç bir sənədinin olmadığını bildirmişdir. Bundan sonra polislər onu ərazidə baş vermiş oğurluq hadisələri ilə bir qədər sorğu-sual etdikdən sonra üstündə şəxsiyyət vəsiqəsi olmadığı üçün onlarla birlikdə 3-cü Polis şöbəsinə getməsini bildirmiş, o da heç bir müqavimət göstərmədən polislərin maşınına əyləşərək onlarla bilrikdə polis şöbəsinə getmiş, orada onun şəxsiyyəti müəyyən edilmişdir. Bir daha bildirir ki, o, polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, onlara qarşı hörmətsizlik etməmişdir. Əgər hərəkətlərində hər hansı bir hörmətsizlik olmuşsa, bundan ötrü üzr istəyir və söz verir ki, gələcəkdə hərəkətlərində daha diqqətli olacaqdır. Özünü təqsirli bilmir, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati protokol tərtib edən şəxsin izahatlarını və iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi olmadığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hazırkı iş üzrə inzibati xətanın olub-olmamasının və inzibati xəta törədən şəxsin təqsirinin müəyyən edilməsi üçün maddi sübutlar - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, inzibati xəta haqqında protokol və raportdur. Azərbaycan Respublikası İXM-nin 78.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməmiş, protokol tərtib etmiş şəxs Xəzər RPİ 3cü PŞ-nin sahə inspektoru, polis leytenantı X1 Xanlar Rəmzi oğlunun hansı qanuni tələblərini qəsdən tabe olmadığını göstərə bilməmiş, qeyd olunan hal məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Məhkəmə iclasında araşdırılan mövcud sübutlara məcmu halında qiymət verərək hesab edir ki, həmin sübutlar Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasına görə təqsirli olması qənaətinə gəlməsi üçün kifayət etmir. Beləliklə, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,105, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar