Məhkəmə qərarları › İş №3(003)-559/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-559/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-559/2025 13.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Pəriz Aslanovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.2000-ci ildə Lənkəran rayonu, Yuxarı-Nüvadi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Naxçıvan MR-nın Şahbuz rayonu, Sələsüz kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə inspektoru, polis mayoru Pərviz Aslanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə inspektoru, polis mayoru Pərviz Aslanov izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs polis əməkdaşlarının qanuni tələblərinə əməl etməməsi və nəlayiq ifadələr işlətməsi səbəbindən barəsində inzibati qaydada protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaları etiraf etməyərək bildirdi ki, sosial şəbəkələr vasitəsi ilə xəstə və ehtiyacı olan şəxslərə dayə tapmaq işi ilə məşğul olur. 2024-cü ilin iyun ayında istifadəsində olan telofonuna “WhatsApp” proqramı vasitəsi ilə bir nəfər qadın zəng etmiş və danışıq zamanı həmin qadın onu söyüb-təhiq edərək, zəngi sonlandırmışdır. Sonra isə polis əməkdaşı ona zəng etmiş və şöbəyə dəvət etmişdir. Həmin polis əməkdaşına Lənkəran rayonunda yaşadığını və hazırda gəlmək imkanın olmadığını bildirmişdir. Tələb olduğundan şənbə və bazar günləri gəlmək imkanının olduğunu bildirmişdir. Həmin polis əməkdaşı problem olmadığını və Lənkəran rayon Polis Şöbəsinə yaxınlaşaraq bir neçə sənədə imza etməsini bildirmişdir. Bu səbəbdən də, şöbəyə yaxılaşmış və bir müddət sonra bir neçə polis nəfəri yaxınlaşaraq onun əlinə qandal vuraraq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinə aparmışdırlar. Onların qanuni tələblərinə əməl etmiş və heç nəlayiq ifadə işlətməmişdir. Hazırda özünü təqsirli bilmir. Barəsində olan inzibati xəta materialının icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində X5 ifadəsində bildirdi ki, şəxslə dəfələrlə telefon əlaqəsi saxlanılsa da, onunla əlaqə saxlanılması mümkün olmamışdır. Əməliyyat axtarış tədbirləri nəticəsində Xəzər rayonunda yerləşə “Makaron” adlı ərazidə saxlanılmış, saxlanılan zaman heç bir səbəb olmadan onu nəlayiq sözlərlə təhqir etməyə başlamış və polis əməkdaşına qarşı tabesizlik göstərmişdir. O, Lənkəran rayonunda olmamışdır. Şəxs ünvansız söyüşlər söymüşdür. Məhkəmə iclasında şahid qismində X9 şahid X3 ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsin izahatını, şahid ifadələrini dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə iş üzrə xitam verilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi isə inzibati xəta haqqında protokollarla yanaşı, eləcə də iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirildiyindən həmin maddə ilə təqsirli bilinərək müvafiq qaydada tənbeh olunmalıdır. Belə ki, iş materiallarında olan: -xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşlarını söyüb təhqir etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. -xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Esmira Cabbarovanı söyüb təhqir etmiş və polis əməkdaşlarını söyüb təhqir etmişdir. Nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. -“İnzibati qaydada tutma haqqında” AZA 023133 nömrəli, xx.xx.2025-ci tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. -“Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi və X4 barəsində İXM-nin 510 və 535-ci maddəsi ilə inzibati təsir tədbirləri görülməsi üçün Xəzər RPİ-nin İTŞ-nə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 8.2 və 8.3-cü maddəsin əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddənin tərkibini yaradır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddənin tərkibini yaradır. Hazırda Şəxs istinad olunan əməllərdən biri nəlayiq ifadələr işlətməklə ictimai qaydanı pozmaqdan ibarət olmasına baxmayaraq bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir və iş materiallarında Şəxs tərəfindən ictimai qaydanın necə və hansı formada pozulması göstərilməmiş, bu barədə hər hansı bir formada əsaslandırma aparılmamış, məhkəmə iclasında da müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətlərinin olması sübuta yetirilmir. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Lakin işin araşdırılmış hallarından görünür ki, Şəxs baş vermiş hadisənin araşdırılması ilə bağlı polis əməkdaşının qanuni fəaliyyətinə mane olaraq və hadisə yerinə gələn polis nəfərlərinin qanuni tələblərinə əməl etməyərək onlarla birlikdə polis şöbəsinə getməkdən imtina etmişdir. Bununla da onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməli, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X7 X2 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar