Məhkəmə qərarları › İş №3(003)-560/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-560/2022

15.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-560/2022 15.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi Namazov Fərəc Elman oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 14 aprel 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs 12.04.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan tanışı X3 ilə qısa müddətli görüşə gələrkən təcridxana əməkdaşları tərəfindən Şəxs üzərinə baxış keçirilərkən üzərindən bir ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. 12.04.2022-ci il tarixdə Xəzər RPİ İŞ-nin müstəntiqi Nicat Əliyev tərəfindən Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Ş.Qəhramanovun üzərindən aşkar edilmiş narkotik vasitənin kimyəvi tədqiqinin nəticələrinə dair ekspert rəyində həmin maddənin kustar üsulla hazırlanmış heroin olduğu və onun təmiz çəkisinin 0,058 qram təşkil etdiyi qeyd edilmişdir. Göründüyü kimi onun üzərində saxladığı və daşıdığı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olmayan miqdar təşkil edir. Bu səbəbdən Xəzər RPİ İŞ müstəntiqi Nicat Əliyevin 14.04.2022-i il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin başlanılması hissəvi rədd edilməsi, toplanmış material Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317.1-1-ci maddəsi ilə araşdırma aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə müvafiq inzibati tənbeh tədbirlərinin görülməsi məqsədi ilə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır.Qeyd edilənlərə əsasən Şəxs qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək, əməlindən peşman olmasını qeyd etmiş və barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan 14 aprel 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi və materialların istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin başlanılması hissəvi rədd edilməsi, toplanmış material Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317.1-1-ci maddəsi ilə araşdırma aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə müvafiq inzibati tənbeh tədbirlərinin görülməsi məqsədi ilə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslər tərəfindən istehlak miqdarından artıq miqdarda narkotik vasitənin və psixotrop maddənin satış məqsədi olmadan əldə edilməsi və saxlanılması və ya bu maddələrin miqdarından asılı olmayaraq onların satış məqsədi ilə hazırlanması, saxlanılması və daşınması əməlləri müvafiq olaraq Azərbaycan Respublikası CM-in 234.1 və ya 234.2-ci, yaxud 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibi ilə əhatə olunur, həmin maddələrlə tövsif edilməli və həmin əməllərin əlavə olaraq CM-in 317-2-ci maddəsi ilə tövsif olunmasına ehtiyac yoxdur.Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə istehlak miqdarında və ondan az miqdarda narkotik vasitə və ya psixotrop maddənin satış məqsədi olmadan ötürülməsi və həmin şəxslər tərəfindən həmin miqdarda belə maddələr hazırlanması, saxlanılması, gəzdirilməsi əməlləri yalnız müvafiq olaraq CM-in 317-1 və 317-2-ci maddələri ilə tövsif olunmalıdır. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında şəxslərə satış məqsədi olmadan istehlak miqdarından artıq miqdarda narkotik vasitə və ya psixotrop maddənin və satış məqsədi ilə həmin maddələrin hər hansı miqdarda ötürülməsi əməlləri isə cinayətlərin məcmusu qaydasında CM-in 317-1-ci maddəsi və narkotik vasitənin və psixotrop maddənin ötürülməsi məqsədindən və miqdarından asılı olaraq CM-in 234.1 və ya 234.2-ci yaxud 234.4.3-cü maddələri ilə tövsif olunmalıdır. Hazırki iş üzrə Xəzər RPİ İŞ müstəntiqi Nicat Əliyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin başlanılması hissəvi rədd edilməsi, toplanmış materialın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317.1-1-ci maddəsi ilə araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə müvafiq inzibati tənbeh tədbirlərinin görülməsi məqsədi ilə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Lakin Ali Məhkəmənin Plenum qərarından görünür ki, istintaq təcridxanalarında saxlanılan şəxslərə istehlak miqdarında və ondan az miqdarda narkotik vasitənin satış məqsədi olmadan ötürülməsi əməli CM-in 317-1-ci maddəsi kimi tövsif olunmalıdır. Hazırki iş üzrə müstəntiq tərəfindən toplanmış materiallar məhz şəxsin əməlinə CM-in 317-1-ci maddəsi ilə münasibət bildirilməsi üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Lakin eyni zamanda şəxsin əməlində cinayət tərkibinin olmasına hüquqi qiymət verilmədən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə Ali Məhkəmənin Plenum qərarında göstərilən halları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər həmin protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019cu il-ci il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş 14 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və və protesti verilə bilməz. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar