Məhkəmə qərarları › İş №3(003)-561/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-561/2021

15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-561/2021 15.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-640/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1530 manat pul alınaraq iddiaçı X2 qaytarılmalıdır. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində icra vərəqəsi üzrə tələb icra edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X5 verdiyi izahatında bildirdi ki, Şəxs icra sənədi üzrə borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. Şəxs bugünədək heç bir ödəniş həyata keçirməmişdir. Şəxs icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfindən zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Borclunun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olub-olmamağını yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs qızının inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırda işsiz olması səbəbindən qeyd edilən borcu ödəyə bilmədiyini qeyd etmiş və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçkmiş şəxs X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-640/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 1530 manat pul alınaraq iddiaçı X2 qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-640/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin 10 gün müddətində könüllü icra edilməsi təklif edilmişdir. Həmin qərar və bildiriş borclu tərəfindən rəsmi olaraq xx.xx.2021-ci il hansı tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs qızının xx.xx.2021-ci il tarixli Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə verdiyi izahatların surətindən görünür ki, o, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-640/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi icra olunmadığı təqdirdə barəsində qanuna müvafiq qaydada məcburi icra tədbirləri və Azərbaycan Respublikası İXM-nin 528.1-ci və Azərbaycan Respublikası CM-nin 306.1-ci maddələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması barədə xəbərdar olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmuru nun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmuru nun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, “Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1- 15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmuru nun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Konstitusiya Məhkəməsinin Plenumu hazırkı müraciətlə bağlı vurğulayır ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmuru nun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Məhkəmə araşdırması zamanı eyni zamanda protokola əlavə edilmiş sənədlərdən və tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlardan müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 640/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1530 manat pul alınaraq iddiaçı X2 qaytarılmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin icra sənədi üzrə tələbin 10 gün müdətində könüllü icra edilməsi barədə icra məmurunun müvafiq qərarını və bildirişi xx xxxxxx 2021-ci il tarixdə rəsmi olaraq alması müəyyən edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən icra sənədi üzrə məcburi icra tədbirləri yalniz borcluya icra sənədinin icra edilməsi üçün verilmiş könüllü icra müddəti keçdikdən sonra tətbiq edilə bilər. Hazırki iş üzrə Şəxs tələbin könüllü icrası barədə qərar və bildirişi xx xxxxxx 2021-ci il tarixdə rəsmi olaraq almasını nəzərə alsaq onun könüllü icra müddətinin xx xxxx 2021-ci ildə bitdiyi müəyyən edilir. Göründüyü kimi hazırki iş üzrə borcluya tələbin könüllü icrası üçün verilmiş müddət yenicə bitmişdir. Sonrakı müddət ərzində borclunun icra şöbəsinə verdiyi izhatlarında onun borcu hissə-hissə ödəmək iqtidarında olduğunu, lakin tələbkarın borcun birdəfəlik ödənilməsini tələb etdiyi qeyd edilmişdir. Məhkəmə borclunun icra sənədi üzrə borcunu ödəmək istiqamətində müəyyən addımlar atdığını və xüsusilə də tələbin könüllü icrası üçün borcluya verilmiş müddətinin bitdiyi tarixdən hazırki vaxtadək çox az bir müddət təxminən 2 aya yaxın müddət keçməsini nəzərə alaraq hesab edir ki, Şəxs əməlində icra sənədini üzürsüz səbəbdən icra etməmə halında inzibati xəta tərkibinin olması müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar