Məhkəmə qərarları › İş №3(003)-562/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-562/2022

11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-562/2022 11.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, şikayətçi X1 iştirakı ilə X1 Xəzər rayon Dövlət yol polisi şöbəsinin polis mayoru X5 tərəfindən tərtib edilmiş TP seriyalı ******* nömrəli, 16 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜYYƏNETDİ: X3 şikayət ərizəsi ilə müraciət edərək barəsində Xəzər rayon Dövlət yol polisi şöbəsinin polis mayoru X5 tərəfindən tərtib edilmiş TP seriyalı ******* nömrəli, 16 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək göstərdi ki, 11 yanvar 2021-ci il tarixdə qardaşının mülkiyyətində olan və etibarnamə əsasında idarə etdiyi “Ford Tranzit” yük markalı, **-MU-*** dövlət nömrə nişanlı avtomobillə Xəzər rayonu, Albalı yolunda hərəkətdə olarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan olmuşdur. Hadisədən sonra həyəcanlı olduğundan köhnə etibarnaməni təqdim etmişdir. Ona görə də, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə yanaşı İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə də, protokol qəbul edilmişdir. Lakin həmin vaxt onun yeni etibarnaməsi olmuş və etibarnamə qüvvədə olmuşdur. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ona rəsmi olaraq göndərilməmiş, qərarı 10 aprel 2022-ci il tarixdə almış və 18 aprel 2022-ci il tarixdə məhkəməyə şikayət etmişdir. Ona görə də, qərardan 10 günlük şikayət vermə müddətini ötürməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Xəzər rayon Dövlət yol polisi şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. 11 may 2022-ci il tarixdə Xəzər rayon Dövlət yol polisi şöbəsinin polis mayoru X5 ərizə ilə məhkəməyə müraciət edərək sənədləri təqdim etmiş və iş çoxluğu ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyindən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Xəzər rayon Dövlət yol polisi şöbəsinin polis mayoru X5 tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli, 16 mart 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X3 11 yanvar 2021-ci il tarixdə “Ford Tranzit” yük markalı, **-MU-*** dövlət nömrə nişanlı avtomobil ilə İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulan pozuntuya yol vermişdir. İş materiallarında olan Xəzər rayon Dövlət yol polisi şöbəsinin polis mayoru X5 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 16 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X3 11 yanvar 2021-ci il tarixdə “Ford Tranzit” yük markalı, **-MU-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə olmadan idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər rayon Dövlət yol polisi şöbəsinin polis mayoru X5 tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli, 23 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X3 11 yanvar 2021-ci il tarixdə “Ford Tranzit” yük markalı, **-MU-*** dövlət nömrə nişanlı avtomobil ilə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan pozuntuya yol vermişdir. İş materiallarında olan ƏN-İV seriyalı 439030 nömrəli 03 may 2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X4 “Ford Tranzit” yük markalı, **-MU-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün X2 etibarnamə vermişdir. Etibarnamə 3 il 11 ay 08 gün müddətinə verilmiş və 11 aprel 2022-ci il tarixədək qüvvədədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.8-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər. Məhkəmədə müəyyən olundu ki, X3 11 yanvar 2021-ci il tarixdə “Ford Tranzit” yük markalı, **-MU-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə olmadan idarə etdiyindən Xəzər rayon Dövlət yol polisi şöbəsinin polis mayoru X5 tərəfindən onun barəsində İXP seriyalı ******* nömrəli, 16 mart 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Xəzər rayon Dövlət yol polisi şöbəsinin polis mayoru X5 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 16 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Lakin təqdim edilmiş ƏN-İV seriyalı 439030 nömrəli 03 may 2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X4 “Ford Tranzit” yük markalı, **-MU-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün X2 3 il 11 ay 08 gün müddətinə etibarnamə vermiş və 11 aprel 2022-ci il tarixədək qüvvədə olmuşdur. Bu isə onu göstərir ki, X3 11 yanvar 2021-ci il tarixdə “Ford Tranzit” yük markalı, **-MU-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən etibarnaməsi olmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından X5 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 16 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin məhkəmə hesab edir ki, X3 TP seriyalı ******* nömrəli, 16 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı 10 aprel 2022-ci il tarixdə almış və 18 aprel 2022-ci il tarixdə məhkəməyə şikayət etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair X5 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 16 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və inzibati xəta haqqında işə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar