Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-565/2023 31.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X3 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Azərbaycan Respublikası Baş Prokurorluğundan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatına Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiallar daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:00-da “Şİ-2104” bort nömrəli “Mariner-75” mühərrikli üzmə vasitəsi ilə X1 Regional şöbəsinin “Şimal” SNB-in xidməti ərazisindən Xəzər rayonu ərazisindən Xəzər dənizinə daxil olaraq ümumi çəkisi 1 kq, 400 qram olan 01 ədəd “Nərə” cinsli balıqları ovlayaraq “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən, balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada icazə verilməsi tələblərinə zidd olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X4 inzibati xəta haqqında materialın məzmununa uyğun izahat verərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini təklif etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar olunmasına baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən balıqçılıq haqqında qanunvericiliyə əməl edilməsinə nəzarət etmək balıqçılıq sahəsində dövlətin vəzifələrinə aiddir. Həmin Qanunun 11-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərinin və ya onların müəyyən hissəsinin ayrılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarının 2.5.9-cu maddəsinə əsasən balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə nərə cinsli balıq növlərinin açıq dənizdə sənaye məqsədləri ilə ovu qadağandır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Xəzər rayonu ərazisindən Xəzər dənizinə daxil olaraq ümumi çəkisi 1 kq, 400 qram olan 01 ədəd “Nərə” cinsli balığı ovlayaraq Xəzər dənizindən müvafiq icazəsi olmadan balıq ovu etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 700 (yeddi yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-565/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-565/2023
31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver