Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-566/2021 07.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə Şəxs şirkətinin filialının barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 491.1 və 492.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən “Hallibörton Yeureyia Limited” şirkətinin filialı tərəfindən **********4 nömrəli aviaqaimə əsasında Böyük Britaniyadan gələn 3 yer, brutto çəkisi 383 kq, 283771,84 ABŞ dolları dəyərində olan radioaktiv elementlərdən və onların konteynerlərindən ibarət yük **********3588 nömrəli gömrük bəyannaməsi ilə 06.12.2019-cu il tarixdə 2 ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Saxlanc müddəti bitməmiş həmin yükə dair 29.12.2019-cu tarixli **********6595 və **********6574 sorğu nömrəli gömrük bəyannamələri tərtib olunaraq, mallar müvəqqəti idxal xüsusi gömrük proseduru altında bəyan olunmuşdur. **********6595 sorğu nörməli gömrük bəyannaməsi gömrük xidmətinin X1 Sistemində (VAİS) arxivləşdirilməsinə baxmayaraq, **********6574 sorğu nömrəli gömrük bəyannaməsi isə hələ də VAİS sistemində arxivləşdirilməmişdir. **********6574 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş 2 ədəd radioaktiv elementlərin (seriya No EZ18079 və 880146) və onların yerləşdiyi konteynerlərin (seriya № 13059205 və ********) gömrük nəzarəti altında olmasını yoxlamaq üçün gömrük əməkdaşı tərəfindən 05.03.2021-ci il tarixində mallara baxış keçirilmişdir. Baxış zamanı “EZ18079” nömrəli radioaktiv elementin yerləşdiyi “13059205” nömrəli konteynerdə heç bir gömrük təminatının olmadığı aşkar edilmiş, “68014G” nömrəli radioaktiv elementin və onun yerləşdiyi “13016090” nömrəli konteynerin isə anbarda olmadığı məlum olmuşdur. Araşdırma ilə müəyyən olunmuşdur ki, “Hallibörton Yeureyia Limited” şirkətinin filialı tərəfindən 29.12.2019-cu il tarixdə **********6574 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirməkdən ötrü bəyan olunmuş, lakin gömrük rəsmiləşdirilməsi başa çatdırılmayan və gömrük nəzarəti altında olan 1 ədəd “Radioaktiv elementlər: AmBe- 15-Ci, seriya № EZ18079“ və 1 ədəd “Radioaktiv materialların saxlanılması və daşınması üçün antiradiasiya qurğuşun örtülü konteyner: seriya № 13059205” adlı malların qablaşdırılması üzərində gömrük təminatı (plombu) qırılmış, habelə ümumi gömrük dəyəri 73673,35 manat olan 1 ədəd “Radioaktiv elementlər: “Cs-137” CDC.CY13, seriya No 88014G“ və 1 ədəd “Radioaktiv materialların saxlanılması və daşınması üçün antiradasiya qurğuşun örtülü konteyner: seriya № 13016090” adlı malların üzərində sərəncam verilmişdir. Bu barədə Şəxs şirkətinin filialının barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytenantı X2 tərəfindən 14 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 491.1 və 492.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Şəxs şirkətinin filialının və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsinə əsasən Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs şirkətinin filialı tərəfindən ümumi dəyəri 283771,84 manat gömrük bəyannaməsi ilə bəyan olunmuş, lakin gömrük rəsmiləşdirilməsi başa çatdırılmayan və gömrük nəzarəti altında olan materialların saxlanılması və daşınması üçün antiradiasiya qurğuşun örtülü malların qablaşdırılması üzərində gömrük təminatı (plombu) qırıldığıldan Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsinin, habelə ümumi gömrük dəyəri 73673,35 manat olan Radioaktiv materialların materialların saxlanılması və daşınması üçün antiradiasiya qurğuşun örtülü malların üzərində sərəncam verildiyi məlum olduğundan Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə olan halda, Şəxs şirkətinin filialının barəsində inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 73673,35 manat məbləğinin otuz faizi, yəni 22102 manata bərabər tutulmalıdır. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs şirkətinin filialı eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) bir neçə inzibati xəta törətdiyindən, həmin xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, bu halda həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edildiyindən məhkəmə hesab edir ki, Şəxs şirkətinin filialının daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs şirkətinin filialının əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şirkətinin filialının barəsində inzibati xətanın bilavasitə obyekti olan malların 73673,35 manat hissəsinin otuz faizi məbləğində inzibati cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 26, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs şirkətinin filialı Azərbaycan Respublikasının İXM-nin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların 73673,35 (yetmiş üç min altı yüz yetmiş üç, otuz beş) manat hissəsinin 30 (otuz) faizi, yəni 22102 (iyirmi iki min bir yüz iki) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-566/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-566/2021
07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver