Məhkəmə qərarları › İş №3(003)-567/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-567/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-567/2025 13.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X9 tərəfindən icra vərəqəsinin icra edilməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclaslarında iştirak edən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X9 verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-235/2021 saylı icra vərəqəsi borclunun 12880 manat ödənilməmiş aliment borcu yaranmışdır. Təlbkar ilə borclu 2 ildi birlikdə yaşayırlar. Tələbkar xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, qarşı tərəfdən şikayəti və tələbi olmadığnı göstərmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 2 ildi tələbkarla ailə münasibətlərini bərpa etməklə birlikdə yaşayırlar. Həmin müddət ərzində uşaqlarını maddi və mənəvi ehtiyaclarını qarşılamışdır. Özü müxtəlif işlərdə işləyərək uşaqlarının maddi ehtiyaclarını qarşılamışdır. Ayda 600-700 manata ayxın pul qazanır, həmin pulu da ailəsinin ehtiyacları üçün xərcləmişdir. 2 il ərzində tələbkarın şikayəti olmamışdır. Ancaq 08 mart 2025-ci ildən sonra ayrılmışlar. Ondan sonra şikayət etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X10 izahatında bildirdi ki, 2 ildi borclu ilə ailə münasibətlərini bərpa etməklə birlikdə yaşayırlar. Həmin müddət borclu hər ay 200-300 manat ailənin maddi ehtiyacları üçün xərcləmişdir. Özü hazırda heç bir yerdə işləmir. Borclu işləyərək, evin və uşaqların tələbatlarını qarşılamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: - MN ******* nörməli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-235/2021 saylı icra sənədi üzrə icra tələbi yerinə yetirmədiyinə görə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Aliment borcu 12880 manat təşkil edir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-235/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, borclu Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.20211-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər bir uşağa görə 140 manat manat aliment tutularaq tələbkar X7 ödənilməlidir. -“İcraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-235/2021 saylı icra sənədi üzrə icraata başlanmışdır. -X1 Xəzər rayon icra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, borcluya qarşı şikayəti və tələbi yoxdur. Borclu ona alimentini vaxtıvaxtında ödəyir. Gələcəkdə ödəmədiyi halda yenidən şöbəyə müraciət edəcəkdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd olunan maddənin dispozisiyasından görünür ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaradır. Göründüyü kimi qanunvericilik icra sənədindəki tələbin məhz üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulmuşdur ki, bu halın mövcudluğu inzibati məsuliyyətə səbəb olur. Hazırki işin hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-235/2021 saylı saylı icra vərəqəsi üzrə tələbin icrasından üzürsüz və qərəzli olaraq yayınması halları olmamışdır. Belə ki, işin hallarından müəyyən edilir ki, tələbkar ilə borclu 2013-cü ilin mart ayından 2025-ci ilin mart ayınadək ailə münasibətlərini bərpa edərək, uşaqları ilə birlikdə Bakı şəhəri Binə qəsəbəsində yerləşən mənzildə birlikdə yaşamışdırlar. Borclu tələbkar ilə birlikdə yaşadıqları müddətdə uşaqları qarşısında valideynlik borcunun yerinə yetirilməsi üçün mümkün zəruri tədbirləri görmüşdür. Məhkəmə iclasında dindirilmiş tələbkar da izahatında ailə münasibətlərini bərpa etmələrini bildirmişdir. Məhkəmə qeyd edir ki, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Həmin hallar məhkəmə araşdırması zamanı xüsusi ilə nəzərə alınmış və tələbkarın borclu ilə ailə münasibətlərini bərpa edib, birlikdə yaşadıqları müddət ərzində borclunun uşaqların maddi və mənəvi ehtiyaclarını qarşılamaması ilə bağlı hər hansı bir neqativ fikir bildirməmişdir. Məhkəmə hesab edir ki, qanunvericilik şəxsin aliment borcunun yaranmasının üzrlü səbəblərdən əmələ gəlməsi ilə bağlı dairəni məhdudlaşdırmamış, qanunvericiliklə dəqiq müəyyən edilməmiş və baş verməsi mümkün ola biləcək digər halların da aliment borcunun üzrlü səbəbdən yaranma ehtimalını özündə nəzərə almış və özündə ehtiva etmişdir. Borclunun tələbkar ilə yenidən barışıb birgə ailə şəklində yaşadıqları halda onları alimentlə bağlı icra işinin olması deyil, ailə münasibətlərinin davam etdirilməsi, ailə dəyərləri ilə bağlı hallar daha çox maraqlandırır ki, bu halda da tələbkarın icra məmuruna müraciət edib alimentlə bağlı icra işinə xitam verilməsini tələb etməməsi və bunun nəticəsində də, icra işi icraatda qaldığı üçün aliment borcunun yaranması anlayışla qarşılanmalıdır. Məhkəmə məhz göstərilən aspektdən çıxış edərək, iş üzrə proses iştirakçılarının izahatlarına və inzibati xəta materiallarına ayrı-ayrılıqda hüquqi qiymət verilmiş və belə qənaətə gəlmişdir ki, icra məmuru tərəfindən sözügedən icra sənədinin 2023-cü ilin mart ayından 2025-ci ilin mart ayınadək ailə münasibətlərini bərpa edərək birlikdə yaşamaları, həmin müddət ərzində borclunun uşaqların maddi və mənəvi ehtiyaclarını qarşılamasında bilavasitə iştirak etməsi, səbəbindən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a ra a l d ı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar