Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-576/2025 17.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Xəzər Rayon Polis İdarəsinin 3cü PŞ-nin sahə rəisi X1 iştirakları ilə 26 avqust 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 227-cı maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ 3-cü Polis Şöbəsindən daxil olmuş 17 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Hövsan Südçülük sovxozunda yerləşən “Oba” marketdən 1 ədəd “Head and shoulders” və 1 ədəd “rexona” oğurlamışdır. Bu barədə materialda cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə 17 mart 2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Bununla əlaqədar 17 mart 2025-ci il tarixdə Xəzər RPİ 3-cü PŞ-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-cı maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Xəzər RPİ 3-cü PŞ-nin sahə rəisi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətaları törətməkdə təqsirli bilərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 18:30-da Hövsan Südçülük sovxozunda yerləşən “Oba” marketə daxil olmuşdur. Marketdə olarkən 1 ədəd “Head and shoulders” şampunu və 1 ədəd “Rexona” adlı qoltuqaltı məhsulunu oğurlayaraq gödəkçəsinə qoymuş və marketi tərk etmişdir. 2-ci dərəcəli əlildir. Əməlindən peşmandır. İnzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, Şəxs oğurluq yolu ilə özgəsinin əmlakını talamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və ona qarşı oğurluq edən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227ci maddəsi ilə inzibati təsir tədbirlərin görülməsi qərara alınmışdır. İş materiallarında olan AZA nömrəli, xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs, xx.xx.2025-ci il tarixdə saat 21:57-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokola münasibət bildirərək hesab edir ki, həmin protokol üzrə Şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı protokola əlavə edilmiş sənədlərdən və Şəxs məhkəmə iclasında vermiş olduğu izahatından müəyyən edilmişdir ki, o, xx.xx.2025ci il tarixdə Hövsan Südçülük sovxozunda yerləşən 14 saylı “Oba” marketdən ümumi dəyəri 19,50 manat olmaqla bir ədəd dəyəri 11,50 manat olan “Head and Shoulders” şampunu və bir ədəd dəyəri 8 manat olan “Rexona” qoltuqaltı məhsulunu oğurlamışdır. Bu hal, məhkəmə iclasında özünün etiraf edici izahatı ilə də təsdiq olunmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 227-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxsin əməlini səmimi etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Həmin Məcəllənin 28.4.1-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə ictimai işlər tətbiq edilə bilməz. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Məhkəmə iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs ikinci dərəcəli əlil hesab edildiyinə görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-cı maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər və inzibati həbs tənbehlərini tətbiq etmək mümkün deyildir. Bu səbəbdən onun barəsində həmin Məcəllənin 34-1-ci maddəsi tətbiq edilərək onu inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Beləliklə məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, o, İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin Məcəllənin 34-1-ci maddəsi tətbiq edilməklə 200 (iki yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 34-1, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin Məcəllənin 34- 1-ci maddəsi tətbiq edilməklə 200 (iki yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-576/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-576/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver