Məhkəmə qərarları › İş №3(003)-58/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-58/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-58/2025 23.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci il tarixdə Qubadlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Sumqayıt şəhəri, 64 saylı bağçada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 26 dekabr 2024-cü il tarixdə Xəzər rayonu Buzovna qəsəbəsi ünvanında “Mavic Mini” markalı pilotsuz uçuş aparatı əldə edilməsi və istifadə edilməsi qaydalarını pozmuşdur. Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə rəisi polis mayoru Ruzi Mustafayev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 26 dekabr 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis şöbəsində verdiyi izahatı təsdiq etdi və əlavə olaraq bildirdi ki, dron ona məxsus deyil. Drondan istifadə üçün mülkiyyətçi icazə alacağını bildirsə də, bunu etməmişdir. O, sadəcə çəkilişi etmişdir. O, “APA” TV-nin videoqrafıdır. Əraziyə bələd olmamışdır. Əməli etiraf edərək səmimi peşman olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib edən orqanın nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 dekabr 2024-cü il tarixdə Xəzər rayonu Buzovna qəsəbəsi ünvanında “Mavic Mini” markalı pilotsuz uçuş aparatı əldə edilməsi və istifadə edilməsi qaydalarını pozmuşdur. Şəxs polis şöbəsinə verdiyi izahatdan görünür ki, 26 dekabr 2024-cü il tarixdə Xəzər rayonu Buzovna qəsəbəsi ünvanında tanışı Pərvizin istəyilə həmin ünvana gəlmişdir. Məqsədi şəxsin öz istəyi ilə onun evini çəkib ona təqdim etmək idi. Çəkilişi bitirəndən sonra polis əməkdaşları gələrək onu şöbəyə dəvət etmişlər. Çəkiliş aparmaq üçün rəsmi icazə alınmasını ev sahibinə tapşırmışdır. xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokola əlavədən görünür ki, “Mavic Mini” markalı pilotsuz uçuş aparatı Şəxs götürülərək şöbənin saxlancına verilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 592-1-ci maddəsinə əsasən, Müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə edilməsi və ya satılmasına görə -məsafədən idarə edilən pilotsuz uçan aparatlar müsadirə edilməklə yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əməlini səmimi etiraf etməsini nəzərə alır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri – pilotsuz uçuş aparatı müsadirə edilməklə cərimə tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, “Mavic Mini” markalı pilotsuz uçuş aparatı müsadirə edilməklə ona 150 (bir yüz əlli) manat miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar